Məhkəmə qərarları › İş №2-1(112)-1444/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1444/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1444/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli, **********844800 və **********531900 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli, **********844800 və **********531900 nömrəli qərarlarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli, **********531900 nömrəli qərarla cəmiyyətə 2020-ci ilin may ayı üzrə 283 845,06 manat əlavə olaraq ƏDV, eyni tarixli **********531900 nömrəli qərarla isə 2019-cu il üzrə 117 647, 80 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Səbəb olaraq isə bildirilmişdir ki, təqdim edilmiş 14 və 30 nömrəli hesabat formalarına və cərrahiyyə əməliyyatları üzrə cədvəl məlumatına əsasən cərrahiyyə və tibbi müayinə saylarına görə, eyni zamanda əmək müqaviləsi üzrə işlərə cəlb edilmiş həkimlər haqqında məlumatlara görə dövriyyə aşkar edildiyi göstərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ilk kameral vergi yoxlamasına dair 16.06.2020-ci il tarixli, **********878700 nömrəli uyğunsuzluq məktubu ilə cəmiyyət tərəfindən təqdim edilmiş 2019-cu il üçün əlavə dəyər vergisi və mənfəət vergisi bəyannaməsinin araşdırıldığı, 2019-cu il ərzində elektron qaimə-fakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatının istifadəsi əsasında bəyan edilən 1 919 805,55 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 8 660 000 manat dövriyyədən 6 740 194,45 manat az olduğu müəyyən edilmiş, 224 673,15 manat mənfəət vergisinin və 1 213 235 manat ƏDV-nin, cəmi 1 437 908,15 manat verginin yayındırıldığı ehtimal edilmişdir. Bununla əlaqədar, idarə tərəfindən hazırlanmış və tərtibatı qeyri-mümkün olan 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə cədvəl üzrə məlumatların, 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş “Tibbi müəssisələrin stasionar fəaliyyəti haqqında” 14 nömrəli və “Müalicə-profilaktika müəssisəsinin fəaliyyəti haqqında” 30 nömrəli hesabatların surəti tələb olunmuşdur. Vergi orqanının ikinci kameral vergi yoxlamasına dair 03.07.2020-ci il tarixli, **********534800 nömrəli uyğunsuzluq məktubunda isə cəmiyyət tərəfindən təqdim edilmiş 2019-cu il üçün əlavə dəyər vergisi və mənfəət vergisi bəyannaməsinin araşdırıldığı, 19.06.2020-ci il tarixli məktubun cavablandırıldığını, lakin cədvəl üzrə təfsilatlı məlumatların təqdim edilmədiyi qeyd edilmişdir. 06.07.2020-ci il tarixli iddiaçı tərəfindən verilmiş cavab məktubunda təqdim edilmiş hesabat məlumatlarına diqqət yetirilməsi, cədvəldə göstərilən bir sıra məlumatların hesabatda əks olunduğu və əmək haqqı ödənişi qaydaları bir daha vurğulanmışdır. İddaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X1 18 may 2021-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 29.04.2021-ci il tarixli və 30.04.2021ci il tarixli Qərarları ilə hesablamalara düzəlişlər edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçı iddia ərizəsindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********568000 nömrəli 29 aprel 2021-ci il tarixli, **********308000 nömrəli və **********309700 nömrəli 30 aprel 2021-ci il tarixli qərarlardan görünür ki, hesablamalarda düzəlişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtina edilməsi barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 67, 80, 85 ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı “ İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2020-ci il tarixli, **********844800 və **********531900 nömrəli qərarlarını ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar