Məhkəmə qərarları › İş №2-1(112)-14447/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14447/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14447/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların qadağan edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiyadan tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 2 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1992-ci ildə doğulmuşdur. "Əmək pensiyasının təyin edilməsi" haqqında xx.xx.2020-ci il tarixli 279 nömrəli qərardan görünür ki, İddiaçı İİİ dərəcə əlilliyi olan şəxs kimi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən 288,88 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli TSEK müayinə nəticələrinə əsasən F Koroğluyevin əlillik müraciətlərinə imtina verilmişdir. Bu səbəbdən xx.xx.2021-xx.xx.2024-cü il tarixinə kimi 13433,61 manat məbləğində artıqvermə müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli TSEK müayinə nəticəsindən görünür ki, İddiaçı əlillik müraciətinə imtina verilmiş, imtina əsası əlilliyin gücləndirilməməsi səbəbindən diaqnozun öz təsdiqini tapmaması kimi qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli TSEK müayinə nəticəsindən görünür ki, İddiaçı əlillik müraciətinə imtina verilmiş, imtina əsası əvvəlki göndərişdəki diaqnozla indiki göndərişdəki diaqnozun tamamilə uyğunsuz olması-əvvəlki göndərişdə yüngül əqli gerilik yazıldığı halda indiki göndərişdə uşaq serebral iflici, spastik hemiplegiya göstərilməsi, forma 88-in tərtib olunmasında hiperdiaqnostikaya yol verilməsi olaraq qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli TSEK müayinə nəticəsindən görünür ki, İddiaçı orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə İİİ dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli 3-17-1/1-K-152490/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, əlilliyin bərpası səbəbindən iddiaçıya xx.xx.2024-cü il tarixindən 424,42 manat məbləğində pensiya təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-1/1-K53807/2025 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 3-17-1/1-K- 152490/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında' qərar qüvvədə saxlanılmış, Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1-113629/2024-cü il tarixli məktubuna əsasən təkrar qiymətləndirmənin nəticələrinə görə müayinə etibarsız hesab edilmiş, növbəti qiymətləndirmə xx.xx.2024-cü il tarixindən müddətsiz müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyası yenidən hesablanaraq 458,80 manata çatdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda 12906,35 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına razılıq verilməsi və ödənilməsi bildirilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasından tutulmalarının qadağan edilməsi və tutulmuş vəsaitin geri verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixində anadan olmuşdur. Bu xəstəlik onda lap uşaqlıqdan var. 2006-ci ildə ona müddətsiz əlillik təyin edilmiş və bunun əsasında əmək pensiyası verilməyə başlanmışdır. Lakin xx.xx.2025-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun məktubunda qeyd edilir ki, guya ona 2015-ci ildən etibarən əsassız olaraq ümumilikdə 13.433,61 (on üç min dörd yüz otuz üç manat 61 qəpik) manat məbləğində artıq ödənilmə və bu məbləğin 34,38 manatını artıq pensiyadan tutulduğu və 12.906,35 (on iki min doqquz yüz altı manat 35 qəpik) məbləğində artıq pensiya ödənişini geri qaytarılması tələb olunur, (məktub xx.xx.2025-ci il tarixində poçt vasitəsilə təqdim edilmişdir). Həmçinin bildirmək istəyir ki, DSMF artıq bu məktuba əsasən 34,38 manat məbləğini pensiyadan tutmuşdur (əvəzləşdirmişdir). Bu, DSMF tərəfindən qəbul edilmiş inzibati aktın həyata keçirilməyə başladığını göstərir. Lakin qeyd etməlidir ki, bu inzibati akt hüquqa ziddir və qanunsuz tələblər əsasında qəbul edildiyi üçün qalan məbləğin tutulmasının qarşısı alınmalı, həmçinin əvəzləşdirilmiş hissə də bərpa edilməlidir. Halbuki cavabdehin bu iddiası hüquqi və faktiki əsasa malik deyil: Onun anası yalnız 2020-ci ildə vəfat etmişdir, yəni 2015-2020-ci illər arasında ailə başçısını itirməyə görə pensiya almaq mümkün deyildi. Əgər DSMF bu dövrdə ona həmin əsasla pensiya təyin etmişdirsə, bu onun özünün texniki və ya hüquqi səhvidir. O heç bir yalan və ya saxta sənəd təqdim etməmişdir. DSMF-nin öz qərarları əsasında pensiya almışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən, əgər artıq ödəniş vətəndaşın təqsiri olmadan və dövlət orqanının özünün səhvi nəticəsində baş vermişsə, bu vəsait geri tələb edilə bilməz. Bu səbəbdən DSMF tərəfindən qəbul edilmiş inzibati akt hüquqa ziddir və ləğv edilməlidir. Bildirməlidir ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli məktubunda, ona guya 2015-ci ildən etibarən əsasız olaraq 12906,35 (on iki min doqquz yüz altı manat 35 qəpik) məbləğində artıq əmək pensiyası ödənildiyi və bu vəsaitin geri qaytarılması tələb edilir.” Belə ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə xx.xx.2020-ci il tarixindən əmək pensiyası təyin olunmuşdur. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmış xidmət araşdırmasına əsasən, guya xx.xx.2015-ci ildən sonra onun əlillik statusu qeydə alınmamış olduğuna görə xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arası dövr üzrə əmək pensiyası artıq ödənilmiş hesab edilmiş və həmin dövr üzrə geri ödəniş tələbi qoyulmuşdur. Həmin dövrdə onun faktiki olaraq əlilliyi mövcud olmuş, sadəcə dövlət informasiya sistemlərində texniki və ya inzibati uyğunsuzluq səbəbilə bu status qeydə alınmamışdır. Bu vəziyyət vətəndaşın deyil, cavabdeh dövlət qurumunun məsuliyyətindədir. Onun tərəfindən heç bir hüquqi pozuntu və ya yanlış məlumat təqdim olunmamış, pensiya qanuni şəkildə təyin edilmiş və alınmışdır. Dövlət orqanlarının məlumat sistemindəki uyğunsuzluğun məsuliyyəti vətəndaşa deyil, cavabdeh orqana aiddir. xx.xx.2024-cü il tarixindən ona yenidən və müddətsiz İİİ dərəcə əlillik müəyyən edilmiş və əmək pensiyası bərpa olunmuşdur. Lakin həmin dövrdən hesablanmış əmək pensiyasının bir hissəsi əvvəlki “artıq ödəniş” kimi nəzərdə tutulan məbləğə əvəzləşdirilmiş, faktiki olaraq ona ödənilməmişdir. Bu əvəzləşdirmə və onun haqlı şəkildə almağa başladığı pensiyanın tutulması qanunsuz və əsassızdır. Ona bərpa olunmuş pensiyanın tam məbləğdə ödənilməsi təmin edilməli və əvəzləşdirilmiş hissə geri qaytarılmalıdır. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun müvafiq maddələrinə əsasən, dövlət orqanlarının fəaliyyətindən yaranmış texniki və hüquqi uyğunsuzluq hallarında məsuliyyət onların üzərində qalmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddianın rədd edilməsi xahiş edimişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əlillik dərəcəsi mövcud olmadığı halda ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən iddiaçıya pensiya ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2021-ci il tarixindən (Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra- Agentlik) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. xx.xx.2024-cü il tarixindən hesablanmış əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı artıq ödənilmiş əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. X4 və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müəyyən edilən artıqödəmə məbləği və "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azerbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən, xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üçün 200,00 manat məbləğində maddi yardım daxil olmaqla, cəmi 13433,61 manat artıqödəmə aşkar edilmişdir. Artıqödəmə məbləği xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək yaranan 492,88 manat keçmiş dövr fərq məbləği və "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli qərarının 6.6-cı maddəsinin tələblərinə uyğun olaraq 2025-ci ilin yanvar ayı üzrə hesablanmış 34,38 manat fərq məbləği ilə əvəzləşdirilmiş, cəmi 12906,35 manat artıqödəmə məbləği qalmışdır. İddiaçı iddia ərizəsində iyun 2024-dekabr 2024 tarixləri ərzində ümumilikdə 7 ay əmək pensiyasının ona ödənilmədiyini bildirsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "pensiya" altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024xx.xx.2024-cü il tarixləri ərzində iddiaçıya 424.42 manat məbləğində ailə başçısını itirməyə görə pensiya ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması (1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 30 dekabr 2022-ci il tarixli 793-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (1 yanvar 2023-cü ildən qüvvəyə minmişdir) ilə 39.1-ci maddənin mətni ikinci cümlə hesab edilmişdir və aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.” “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən 288,88 manat məbləğində ailə başçısını itirməyə görə (əlilliyi olan şəxs kimi) əmək pensiyası təyin olunmuşdur. “Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əlillik dərəcəsi mövcud olmadığı halda ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən iddiaçıya pensiya ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2021-ci il tarixindən (Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Cavabdeh həmin artıq ödəmə kimi müəyyən etdiyi məbləğin bir qismini, yəni 34,38 manatı iddiaçıya təyin edilmiş pensiya məbləği ilə əvəzləşdirərək pensiya məbləğindən çıxmış, qalan 12906,35 manat artıqödəmə məbləğini iddiaçıdan tələb edir. Hazırda iddiaçı pensiyadan tutulmalarının qadağan edilməsi və tutulmuş vəsaitin geri verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh artıq ödəmə kimi o hala istinad edir ki, iddiaçıya əlilliyi olan şəxs kimi ailə başçısını itirməyə görə pensiya təyin edilib ödnildiyi halda, iddiaçının xx.xx.2015-ci il tarixindən sonra qüvvədə olan əlillik dərəcəsi mövcud olmamışdır. Bu əsasla cavabdeh iddiaçının pensiyasını xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2021-ci il tarixindən (Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) artıq ödəmə hesablamışdır. Məhkəmə qeyd edir ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə əsasən iddiaçıya ilk dəfə güzəştli şərtlərlə pensiya təyinatı aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallarıdan hər hansı birinin olması müəyyən edilmir. Normada göstərilən etimad hüququnu istisna edən hallar, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması, ləğv olunması, yaşa görə əmək pensiyasının təyin edilməsi və bu qərarların qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat zamanı da müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki üsulu qeyd edilmişdir: pensiyaçının razılığı, məhkəmə qərarı ilə. İddiaçı hazırkı məzmunda iddianı qaldırdığına görə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razı olmaması barədə iradə ifadəsini bəyan etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2923/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-331/2024 saylı, 2-1(102)-2734/2023 saylı, 2-1(102)- 885/2023 saylı, 2-1(102)-1507/2022 saylı, 2-1(102)-8/2023 saylı, 2-1(102)-389/2023 saylı qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. Məhkəmə həmçinin bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçının əlilliyi sonradan bərpa edilərək onun pensiya pdənişi bərpa edilmiş və hazırda da ödənilməkdədir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı pensiyasından tutulmaların aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. İddiaçı pensiyasından tutulmuş vəsaitin ona geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar