Məhkəmə qərarları › İş №2-1(112)-1445/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1445/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1445/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, Qarabağ müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2004-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 2014-cü ilin fevral ayından xidmət illəri ilə əlaqədar prokurorluq orqanlarında işlədiyinə görə əmək pensiyası alır. DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə AR Baş Prokurorluğundan təqdim edilmiş xx xxxxxx 2014-cü il tarixli arayışda 2012 – 2014-cü illər ərzində onun gəlirləri tam şəkildə öz əksini tapmamışdır. Belə ki, ona əmək pensiyası təyin edilənədək əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış və sosial sığorta ödənişləri edilmiş 9.035,79 manat məbləğində pul nəzərə alınmamışdır. Müraciəti əsasında AR Baş Prokurorluğundan verilmiş xx xxxx 2019-cu il tarixli 17-453 saylı arayışda həmin qeyd olunanlar öz əksini tapmışdır. O (iddiaçı), AR Baş Prokurorluğundan təqdim edilmiş xx xxxx 2019-cu il tarixli həmin arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödəniş nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və 2014-cü ilinm fevral ayından bu günədək yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı iyul 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli cavab məktubunda görünür ki, onun qanuni tələbindən əsassız olaraq imtina edilmişdir. Sabiq prokurorluq əməkdaşı X1 DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı vermiş olduğu analoji iddia ərizəsi üzrə AR Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(102)-1032/17 saylı qərarında da qeyd edildiyi kimi, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın məcburi dövlət sosial sığortasına cəlb edilməsi həmin kompensasiyanın iddiaçının əmək pensiyasına hesablanmasını da zəruri edir. AR Baş Prokurorluğundan təqdim edilmiş xx xxxx 2019-cu il tarixli arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödənişdən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 33, 34-cü maddələrinə istinad edərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasının qanunsuz sayılması, iddiaçıya istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdegin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində aşağıdakılar qeyd olunmuşdur: - Hesab olunur ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğundan, rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarında çalışan həmin Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) əmək pensiyasına əvvəllər prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 126 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın 31-ci abzasına (sonuncu) əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı aşağıdakı üç tələbi irəli sürür: - cavabdehin iddiaçıya istifadə etmədiyi məzuniyyətlərə görə aldığı kompensasiya məbləğinin əmək pensiyası təyin olunarkən nəzərə alınıb əmək pensiyasının yenidən hesablanmasından imtinasının qanunsuz sayılması; - iddiaçıya istifadə etmədiyi məzuniyyətlərə görə aldığı kompensasiya məbləğinin əmək pensiyası təyin olunarkən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması; - iddiaçıya əmək pensiyası yenidən hesablanarkən ödənilməmiş pensiya məbləğinin verilməsi. Qeyd olunamalıdır ki, İddiaçı hazırkı inzibati məhkəmə icraatında irəli sürdüyü tələbləri bir-birindən asılı və hətta törəmədir. Odur ki, iddiaçıya əmək pensiyası hesablanarkən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya məbləği”nin nəzərə alınıb-alınmamasına qiymət verilməsi mübahisənin həllini hərtərəfli əhatə etməyə istiqamətlənir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4-cü maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.4-cü maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: - (20.8-1) Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. - (20.8.1) prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; - (20.8.2) prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. AR Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 126 nömrəli nömrəli qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» təsdiq edilmişdir. Siyahının 31-ci (sonuncu) abzasında “nəzərə alınmayan ödənclər”in sırasına “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” da aid edilmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyaları qanunvericiliyi prokurorluq işçilərinə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasını onların müvafiq dövr üzrə orta aylıq əmək haqqı məbləğləri ilə şərtləndirir. Lakin yuxarıda qeyd olunan Qaydalar istifadəı edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqı hesablanarkən nəzərə alınmamasını birbaşa müəyyən etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən İddiaçı əmək pensiyası hesablanarkən istifadə etmədiyi məzuniyyətlərə görə ödənilmiş kompensasiya məbləğinin nəzərə alınmaması qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəıb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar