Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1445/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun 9.8ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 20 avqust 2017-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olmaqla yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 avqust 1965-ci il tarixində doğulmuşdur. 26 aprel 1982-ci il tarixdən 12 oktyabr 1983-cü il tarixinədək “Azneft” İB-nin Boru- prokat bazasında fəhlə vəzifəsində işləmiş, 15 oktyabr 1983-cü il tarixdən 06 dekabr 1985-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 04 fevral 1986cı il tarixdən N.Nərimanov adına NQÇİ-də neft-qaz çıxarma üzrə operator peşəsində, 10 oktyabr 1986-cı il tarixdən 17 avqust 1989-cu il tarixinədək “Aznefttikinti” trestinin Dəmirbeton zavodunda formaçı peşəsində, 22 avqust 1989-cu il tarixdən 01 may 1998-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-də təmirçi-çilingər və sementləşdirici qurğuların maşinisti peşələrində, 01 may 1998-ci il tarixdən 17 avqust 2009-cu il tarixinədək “X3 İdarəsi”ndə sementləşdirici qurğuların maşinisti peşəsində işləmiş, 18 avqust 2009-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin Qobustan Nəqliyyat İdarəsində sementləşdirici qurğuların maşinisti vəzifəsində işləməyə başlamışdır. 20 avqust 2017-ci il tarixdə 52 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmaqla, pensiyanın məbləği süni şəkildə kəskin azaldılmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunanlara əsasən, iddiaçıya təyin edilmiş yaşa görə pensiyanın əsas məbləği, tələb olunan iş stajından (20 il) artıq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər və tələb olunan güzəştli stajdan artıq hər il üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılmalıdır. İddiaçının ümumi iş stajı 34 il və güzəştli stajı 27 il, 1 nömrəli siyahı üzrə tələb olunan iş stajı isə 20 il və güzəştli staj 10 il olduğundan, pensiya məbləği müəyyən edilərkən 14 illik (34-20=14) artıq iş stajı və (27-10=17) 17 illik güzəştli iş stajı nəzərə alınmalı, bu 14 illik ümumi iş stajının hər ili üçün orta aylıq əmək haqqının iki faizi miqdarında (14x2=28 faiz) və 17 illik güzəştli iş stajının hər ili üçün orta aylıq əmək haqqının bir faizi (17x1=17 faiz) miqdarında əlavə məbləğ müəyyənləşdirilməli və ümumilikdə yekun pensiya məbləği formalaşdırılmalı, iddiaçıya ödəniləcək yekun pensiya məbləğinin orta aylıq əmək haqqının 100 faizi miqdarında olması təsbit edilməli idi.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********1 saylı iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Azneft” İB-nin Boruprokat bazasında fəhlə vəzifəsində işləmiş, xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmət keçmiş, xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə N.Nərimanov adına NQÇİ-də neft-qaz çıxarma üzrə operator peşəsində, xx.xx.1986- xx.xx.1989-cu il tarixlərdə “Azərnefttikinti” trestinin Dəmir-beton məmulatı zavodunda formalaşdırıcı peşəsində, xx.xx.1989xx.xx.1998-ci il tarixlərdə N.Nərimanov adına NQÇİ-də təmirçi-çilingər, çilingər və sementləşdirici qurğuların maşinisti peşələrində, xx.xx.1998-xx.xx.2009-cu illərdə “X3 İdarəsi”ndə quyuların sementlənməsi üzrə maşinist peşəsində işləmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdən hazırkı tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin Qobustan Nəqliyyat İdarəsində quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləyir.
10. “Azneft” İB-nin N.Nərimanov adına X6 İdarəsinin 41 nömrəli, xx.xx.2017-ci il tarixli güzəştli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixinədək X4 sementləşdirici aqreqatın maşinisti peşəsində işləmişdir. Bu ixtisas 1 saylı siyahıya əsasən güzəştli sayılır (Bölmə 10, şifr 1100000a-14754) Güzəştli əmək stajı ixtisasa əsasən 07 il, 01 ay, 04 gün təşkil edir. xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək X2yuların sementlənməsi üzrə maşinist peşəsində işləmişdir. Bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır (Bölmə, şifr 1100000a-14050) Güzəştli əmək stajı ixtisasa əsasən 11 il, 03 ay, 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisaslar 10 saylı Siyahıya əsasən güzəştli sayılır və onun dəniz şəraitində 18 il 04 ay 20 gün əmək stajı vardır.
11. İddiaçı xx.xx.2017-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə birlikdə istinad olunan sənədləri cavabdehə təqdim etmiş, cavabdeh (həmin dövrdə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi) xx.xx.2017-ci il tarixli qərarla iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ömürlük 194,49 manat məbləğində əmək pensiyası təyin etmişdir.
12. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının məbləği ilə razılaşmadığını bildirmiş, cavabdeh xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçının pensiyasının məbləğinin xx.xx.2017-ci il tarixdən 202,18 manat, xx.xx.2018-ci il tarixdən 213,71 manat, xx.xx.2019-cu il tarixdən 220,12 manat olmaqla, başqa əlavələrlə birlikdə 256,66 manat olmasını müəyyən etmişdir.
13. Cavabdeh məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********0 nömrəli cavab məktubunda qeyd etmişdir ki, İddiaçı 20 avqust 2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən fərdi hesabın sığorta hissəsində 01 yanvar 2017-ci il tarixinədək toplanmış ümumilikdə 50888,15 manat pensiya kapitalı nəzərə alınmışdır. Belə ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 25 il 5 ay 23 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 10773,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 40114,50 manat pensiya kapitalı qeydə alınmışdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixindən etibarən 285,92 manat təşkil edir.
14. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının bu məbləği ilə razılaşmır və əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq aldığı orta aylıq əmək haqqının 100 faizi məbləğinə uyğun yenidən hesablanmasını xahiş edir, hansı ki, həmin maddəyə əsasən: Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.
15. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2017-ci il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
16. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
17. Göründüyü kimi, ƏPQ-nin 9.8-ci maddəsi həmin Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajı olan şəxslərə pensiyanın əvvəllər qüvvədə olmuş qanunvericiliyin yalnız yaşa və staja dair tələblərinin nəzərə alınmaqla təyin edilməsini nəzərdə tutmuşdur, pensiyanın məbləğinin hesablanması ilə bağlı tələblərini deyil.
18. Digər tərəfdən, ƏPQ-nin 10.2-ci maddəsinin və 27-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyasında göstərilirdi ki: “10.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.”
19. Lakin xx.xx.2009-cu il tarixdə ƏPQ-yə dəyişiklik edildi və ƏPQ-nin 10.2-ci maddəsi və 27-ci maddəsi aşağıda göstərilən yeni redaksiyada verildi: “10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.”
20. Göründüyü kimi, qanunvericiliyə edilmiş və xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş bu dəyişikliklə ƏPQ qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi, bununla da həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (xx.xx.2017-ci il tarixdə “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir) kapitalın hesablanması müəyyən edilmiş, beləliklə də, əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqının nəzərə alınması ilə bağlı müddəa qanunvericilikdən çıxarılmışdır.
21. İddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən məhkəmə hesab edir ki, xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş normalar iddiaçıya tətbiq edilə və onun əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 100 faizi həcmində hesablanması barədə tələbi təmin edilə bilməz.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova