Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1446/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ölkədə gedən məlum pandemiya ilə əlaqədar dövlətimizin qəbul etdiyi qərar görə hər bir işsiz vətəndaşa işsiz qaldığı hər aya görə 190 manat birdəfəlik ödəmə ödənilməsi qərara alınmışdır.Həmin kategoriyadan olan şəxs olduğu halda cavabdeh əsassız olaraq ona həmin birdəfəlik ödəmənin ödənilməsini təmin etməmişdir. Buna səbəb kimi ərinin adına aktiv əmək müqaviləsi aşkar olunmuşdur. Halbuki, iddiaçı xx xxx 2010-cu il tarixdən ərindən boşanmış və bunu təsdiq edən nikahın pozulması haqqında şəhadətnamə var. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedənn Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.3.9-cu bəndinə əsasən əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviəsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsasdır. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə uyğun olaraq işsiz şəxsərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılması zamanı iddiaçının əri kimi qeyd edilmiş X2 “Əmək müqaviləsi bildirişi” altsistemində 12FZB7J000101 nömrəli aktiv əmək müqaviləsi olması səbəbindən iddiaçıya həmin Qaydanın 2.3.9-cu yarımbəndinə uyğun olaraq MAS tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. AZE-******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1982-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sisteminə daxil olmuş məlumatdan çıxarışdan görünür ki, İddiaçı (FİN: xxxxxxx) 11 aprel 2020-ci il tarixdə işsizlik statusu verilmişdir. E-SOSİAL.AZ tərəfindən İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, İddiaçı ərinin adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün, iddiaçıya 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Nikah pozulması haqqında AZ-İ №148036 saylı şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin 05 ayının 13 günündə 106 №-li qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə göndərilmiş sorğuya olan xx xxxxxxx 2020-ci il tarixli, 05/2-6268/13 saylı cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci ildə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1976-ci il təvəllüdlü X5 ilə nikaha daxil olmuş və nikahın pozulması xx.xx.2010-cu ildə həmin qeydiyyat şöbəsində qeydə alınmışdır. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarını rəhbər tutaraq, işsiz olduğu üçün, qanunvericiliklə nəzərdə tutulmuş 190 manat məbləğində birdəfəlik ödəmənin karantin müddəti ərzində hər ay üçün ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən imtina məktubunu mübahisələndirərək (hazırki halda elektron SMS-i), iddiaçının işsiz olduğu və hazırda subay olduğu halda, onun həyat yoldaşının əmək müqaviləsinin qüvvədə olması səbəbi ilə imtina edilməsidir. Halbuki, iddiaçı nikahın pozulması haqqında şəhadətnamə sübut kimi təqdim etmiş və imtinanın qanunsuz olmasına əsaslanmışdır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçının hazırda nikahının qüvvədə olubolmamasıdır. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilibödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş imtinaya dair inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd etmək istəyir ki, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olsa da, hazırki iş üzrə iddiaçının qeydiyyat ünvanı Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Sabunçu rayonu isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (15.9-cu bənd) .Məhkəmə iddianın mübahisələndirmə müddəti ilə bağlı qeyd edir ki, hazırki halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddia tələbi üzrə mümkünlük şərtləri ödənildiyindən, iddia mümkün iddiadır. İddianın mahiyyəti: Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6-cı maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.4-cü maddələrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Göründüyü kimi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat düzgün aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 57-ci və “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Həmin Qanunun 7-ci maddəsində göstərilir ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab edilmişdir. Hazırda yaranmış mübahisə cavabdeh orqanın cinayət təqibi üzrə cinayət-prosessual və ya inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olmadığından mübahisə predmeti ilə bağlı cavabdeh orqan tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə diqqət yetirilməsi zəruridir. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə, əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilik inzibati icraat üçün ümumi müddət müəyyən etmiş və bu müddətin axımı müraciətin qeydiyyata alındığı gün başlayır və müraciət üzrə qərar (qərar dedikdə həm müraciət üzrə qərarın qəbul edilməsi, həm də qərar qəbul etməkdən imtina haqqında qərar başa düşülür) qəbul edildiyi gün başa düşülür. Qərar qəbul edərkən və ya müraciətə imtina edərkən, işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi və müraciətə imtina olunması üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurla həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs kimi birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onun, həyat yoldaşının “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi mövcuddur. Halbuki, iddiaçı tərəfindən təqdim olunmuş nikah pozulması haqqında AZ-İ №148036 saylı şəhadətnamənin surətindən məlum olmuşdur ki, X7 oğlu ilə X3 qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin 05 ayının 13 günündə 106 №-li qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətə baxarkən, ümumiyyətlə onun nikahın pozulması haqqında AZ-İ №148036 saylı şəhadətnamənin, həmçinin, ona verilmiş AZE-******** saylı şəxsiyyət vəsiqəsində ailə vəziyyətinin subay olduğunu nəzərə almadan, onun müraciətinə imtina etmişdir. Başqa sözlə desək, İddiaçıya karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs kimi birdəfəlik ödəmənin tələb etmək imkanından təcrid edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının ailə vəziyyəti ilə bağlı araşdırma aparılaraq, aidiyyəti üzrə sorğu göndərilmiş və sorğuya cavab məktubundan məlum olmuşdur ki, İddiaçı xx.xx.2002-ci Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1976-ci il təvəllüdlü X5 ilə nikaha daxil olmuşdur. Həmin nikahın pozulması xx.xx.2010-cu ildə həmin qeydiyyat şöbəsində qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktda faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Başqa sözlə desək, iddiaçının hazırki ailə vəziyyətinin subay olduğu halda, onun barəsində qəbul edilmiş qərarda, həyat yoldaşının aktiv əmək müqaviləsinə malik olması, artıq cavabdeh tərəfindən qəbul edilmiş qərarın tam araşdırılmaması deməkdir. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul edilmiş inzibati akt ləğv olunaraq, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati akt ləğv edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı qızının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati aktın ləğv edilməsi və İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1446/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1446/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver