Məhkəmə qərarları › İş №2-1(112)-1446/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1446/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1446/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ sosial müavinət təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinət təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02 mart 2024-cü il tarixli 3- 17-1/2-Ş-51814/2024 №-li məktubla ailə başçısını itirməyə görə qəbul etdiyi qərarın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə xx.xx.2024-cü il tarixli ərizə əsasında az təminatlı ailə kimi həddi buluğa çatmamış 3 uşağın saxlanılması üçün sosial müavinət təyin etmək vəzifəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə 1040 saylı poçt şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, 2009, 2013, 2014-cü il təvəllüdlü 3 azyaşlı uşağının saxlanılmasına görə az təminatlı olmasını nəzərə alıb sosial müavinətinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 02 mart 2024-cü il tarixli 3-17-1/2-Ş-51814/2024 №-li məktub göndərərək imtina verilmişdir. İmtina onunla əsaslandırılıb ki, Mülki Məcəllənin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyilsə və iki il ərzində yaşayış yerində görülməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Eyni zamanda həmin məcəllənin 41.1-ci maddəsinə əsaslanıb 5 il ərzində məlumat almaması, xəbərsiz itkin düşdüyü halda isə ondan 6 ay ərzində xəbər çıxmaması əsası ilə məhkəmə qaydasında ölmüş elan oluna bilər. Digər tərəfdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin giriş-çıxış və qeydiyyat idarələri arası avtomatlaşdırılmış məlumat axtarış sistemində olan məlumatlara əsasən X7 vətəndaşlıqdan məhrum olma səbəbi ilə deaktiv olduğu üçün X1 Sisteminin sosial ödənişlər alt sisteminə vəfat etmiş şəxs kimi daxil etmək mümkün olmadığından İddiaçı övladları X6, X5, X2, X8 ailə başçısını itirməyinə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir kimi cavab verilmişdir. Müraciətə aid olmayan cavab verilməklə tamamilə başqa sosial müavinəti nəzərdə tutmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-29676/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, əri X7 Xətai Rayon Məhkəməsinin 2(011)-3322/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edildiyini bildirərək, ona 3 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə sosial müavinətin təyin edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3322/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsində istinad olunan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-cı il tarixli 33/2049 saylı məktubundan görünür ki. X7 2001-2021-cı illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında yalnız 16 07.2014-cu ıl tarixdə Türkiyəyə çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 05/2887 saylı məktubundan görunur kı. xx.xx.1982-cı ildə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı X7 digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2021-ci il tarixli 013-16752-1221 saylı məktubundan görünür ki, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 xx.xx.2011-ci il tarixdə aldığı AZE07754836 nömrəli şəxsiyyət vəsiqəsi ilə ünvan 1 ünvanında qeydiyyatda olmuş, 06 09 2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi “vətəndaşlıqdan məhrum olması” səbəbindən fəaliyyətsizlşdirilmişdir. Mərkəzi Filial tərəfindən ərizəyə və təqdim olunan sənədlərə baxılaraq iddiaçıya ünvanlanmış xx.xx.2024-cu il tarixli 3-17-1/2-Ş-51814/2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində olan məlumatlara əsasən X7 şəxsiyyət vəsiqəsinin statusu “vətəndaşlıqdan məhrum olma” səbəbi ilə deaktiv olduğu üçün X1 sisteminin “Sosial ödənişlər” altsisteminə “vəfat etmiş şəxs” kimi daxil etmək mümkün olmadığından İddiaçı övladları X6, X3, X2 və X8 ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyilsə və iki il ərzində, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o. məhkəmə qaydasında ölmüş elan edilə bilər. Qeyd olunanlara əsasən X.Şahbazov məhkəmə qaydasında ölmüş elan edildikdən və bu barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya olunduqdan sonra təkrar müraciət əsasında İddiaçı övladlarının ailə başçısını itirməyə sosial müavinət hüququna qanunvericiliyə uydun olaraq baxılacaqdır. “Sosial müavinətlər haqqında' Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixədək qüvvədə olan 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları hesab olunurdu. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən 1.0.2-ci maddədə dəyişiklikdən əvvəl nəzərdə tutulmuş 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar əmək qabiliyyəti olmayan şəxslər sırasından çıxarılmışdır. Yəni müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixdən etibarən həmin kateqoriyadan olan şəxslərə münasibətdə sosial müavinətin təyin edilməsi Qanunda nəzərdə tutulmadığından mümkün hesab olunmur. Qanunun 7.0.5.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və Qanunun 9.1.4.1cı maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq huququ vardır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3322/2021 №li qətnaməsindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X7 xx.xx.2014-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Sosial müavinətlər üzrə” xx.xx.2024-cü il tarixli 3-17-1/1-Ş-45484/2024 saylı qərarından müəyyən olunur ki, iddiaçıya “Ailə başçısını itirməyə görə müavinət”in təyin olunmasından imtina olunmuşdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin olunur. Vəfat edən X7 şəxsiyyət vəsiqəsi vətəndaşlıqdan məhrum olma səbəbi ilə deaktiv edildiyini nəzərə alaraq Sosial Ödənişlərin alt sisteminə vəfat emiş şəxs kimi daxil etmək mümkün olmadığı üçün təyinnatın aparılması mümkün deyildir. Ölüm səbəbi ilə deaktiv edildikdə müavinət hüququna yenidən baxıla bilər. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq “Ailə başçısını itirməyə görə sosial müavinət haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş- 51814/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, ““Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7.0.5.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və Qanunun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində olan məlumatlara əsasən X7 şəxsiyyət vəsiqəsinin statusu “vətəndaşlıqdan məhrum olma” səbəbi ilə deaktiv olduğu üçün X1 sisteminin “Sosial ödənişlər” altsisteminə “vəfat etmiş şəxs” kimi daxil etmək mümkün olmadığından İddiaçı övladları X6, X3, X2 və X8 ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyilsə və iki il ərzində, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Qeyd olunanlara əsasən bildiririk ki, X.Şahbazov məhkəmə qaydasında ölmüş elan edildikdən və bu barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya olunduqdan sonra təkrar müraciət əsasında İddiaçı övladlarının ailə başçısını itirməyə sosial müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-5157/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Maral Baxşəliyevanın (Şahbazova) xx.xx.2002-ci ildə Səadət Sarayında (Bakı nikah evi) X10 ilə nikaha daxil olduğu məlum olmuşdur. Həmçinin informasiya sistemində valideynləri X.Şahbazov və İddiaçı olan xx.xx.2003-cü il təvəllüdlü Aydan Şahbazovanın, xx.xx.2004-cü il təvəllüdlü Fidan Şahbazovanın, xx.xx.2009-cu il təvəllüdlü Abdullah Şahbazlının, xx.xx.2013-cü il təvəllüdlü Züleyxa Şahbazovanın və xx.xx.2014-cü il təvəllüdlü Aişə Şahbazovanın doğumunun qeydiyyatına dair məlumat aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3322/2021 №-li cavab məktubunda qeyd olunmuşdur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(011)- 3322/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Xətai rayon Qeydiyyat şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 08/2717/Dİ №-li cavab məktubunda qeyd olunmuşdur ki, 20 oktyabr 1982-ci ildə Bakı şəhərində doğulmuş X7 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi barədə daxil olmuş material əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2017-ci il tarixli 2(001)-12178/2017 nömrəli qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu. Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. 1.0.2. (29 noyabr 2019-cu il tarixli qanunla dəyişiklik edilənədək (xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir) olan redaksiyada): əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları (29 noyabr 2019-cu il tarixli qanunla dəyişiklik edildikdən sonra (xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir) olan redaksiyada): əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları Maddə 2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi 2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 7. Müavinətlərin təyin olunması şərtləri. 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: ... 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 40. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. MƏHKƏMƏNİN MÖVQEYİ. İddiaçının hazırki iş üzrə hüquqi marağı və məqsədi ona sosial müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə və ya ailə başçısını itirdiyinə görə) təyin edilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı iddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ və İİİ hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə görə, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə əlaqədar öz qərarlarında qeyd etmişdir ki, sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əminamanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İV hissəsinə, 35-ci maddəsinin Vİ hissəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu təhlil edərək onu da qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 1 dekabr tarixli Qərar). Eyni zamanda nəzərə almaq lazımdır ki, sosial hüquqların müəyyən edilməsi zamanı dövlətin iqtisadi vəziyyəti, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məsələlər vacib rol oynayır. Belə ki, müavinətlərin növlərinin, onların hesablanmasının, təyin və əldə edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsi, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi Konstitusiyanın 94 və 95-ci maddələrinin müddəaları baxımından qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir. Bununla belə, qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada təsbit olunmuş tələblərə, o cümlədən bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu isə qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsini tələb edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən 1.0.2-ci maddədə dəyişiklikdən əvvəl nəzərdə tutulmuş 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar əmək qabiliyyəti olmayan şəxslər sırasından çıxarılmışdır. Yəni müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixdən etibarən həmin kateqoriyadan olan şəxslərə münasibətdə sosial müavinətin təyin edilməsi Qanunda nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qanunun dəyişiklikdən əvvəlki müddəaları nəzərə alınmış olsa belə, iddiaçıya münasibətdə qanunda nəzərdə tutulmuş şərtlər ödənilmir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrə (surətlər əsasən iddiaçı tərəfindən 3 uşağın doğulub, 8 yaşınadək tərbiyə edilməsi işin mübahisələndirilməyən hallarındandır. Lakin xx.xx.1985-ci il təvəllüdlü (FİN: xxxxxxx) X4 tərəfindən qanunda nəzərdə tutulmuş 57 yaşla bağlı şərti ödənilməmişdir. Qanunun hazırda qüvvədə olan redaksiyasına görə 7.0.5.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və Qanunun 9.1.4.1cı maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq huququ təsbit olunmuşdur. Lakin, istər iddiaçı tərəfindən təqdim edilmiş sənədlər toplusundan eləcə də məhkəmə araşdırması zamanı ailə başçısı xx.xx.1982-ci il təvəllüdlü X7 vəfat etməsi və eləcə də həlak olması faktı öz əksini tapmamışdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2014-cü il tarixdə ölkə sərhədlərini tərk etmiş, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) müraciəti əsasında çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab olunmuş, digər dövlətin vətəndaşlığını əldə etməsi müəyyən olunmamış və hazırki iş üzrə iddiaçının müraciəti əsasında çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X.A.Şahbazov xx.xx.2014-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ölmüş elan edilməsi əsasları müstəqil qaydada nizamlamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının sosial müavinət almaq hüququ yaranmamışdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinət təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar