Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1447/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Mərkəzi Filialına) qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə etmişdir. Həmin müraciətin nəticəsi barədə rəsmi cavab məktubu təqdim edilərək guya sənədlərin əsli təqdim edilmədiyindən, güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. 1976-cı ildə X6 Təhsil Komitəsində təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla, 2006-cı ilə qədər zərərli işlə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ayını əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 57 yaşı 20 noyabr 2018-ci il tarixdə tamam olmuşdur. Onun ümumilikdə əmək stajı 30 ildən çoxdur. Əmək stajının 20 il 11 ay 17 günü "xxxx" Açıq Səhmdar Cəmiyyətində “elektrik montiyoru” vəzifəsində işləmişdir. Onun 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pesiyası almaq hüququ yaranmışdır. İddiaçı 1976-cı ildən 30 iyul 1979-cu il tarixədək 03 il 03 ay Azərbaycan SSR-nin Nazirlər Sovetinin X6 Təhsili Komitəsində elektrik avadanlıqlarının təmiri çilingəri peşəsi üzrə 2-ci dərəgəli elektrik avdanlıqlarının təmirçisi ixtiasına yiyələnmişdir. 13 avqust 1979-cu il tarixdən bu günədək “elektrik montiyoru” peşəsi vəzifəsi üzrə fəaliyyət göstərir. 22 sentyabr 2006-cı il tarixdən SOCAR “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə “elektrik montyoru” peşəsinə işə qəbul edilmiş və bu günədək də işləyir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 57 yaşı 2018-ci il tarixdə tamam olmuşdur və həmin tarixdə onun umumi 26 il 11 ay əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “elektrik montyoru” işi təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına «Əmək pensiyaları haqqında» AR Qanununun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRl ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumiqaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. "xxxx" ASC-nin 24 dekabr 2019-cu il tarixli arayışından göründüyü kimi, o (iddiaçı), 20 il 11 ay 17 gün “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı) 35-ci bəndində qeyd edilmiş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə almaqla hesablanmasını və ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona ünvanlanmış cavab məktubunda guya sənədlərin əslinin təqdim edilmədiyi səbəbindən əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək stajının müəyyən edilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həllindən imtina edilmişdir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 60, 71-ci maddələrinə, İPM-in 2, 8-ci maddələrinə əsaslanaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006- cı il tarixinədək ümumi iş stajı 25 ildən az ildən az təşkil edir. Həmçinin İdarəyə təqdim olunan 24 dekabr 2019-cu il tarixli arayışda vətəndaşın “Bakı asbestsement və keramika məmulatları” kombinatında “elektrik montyoru” işlədiyi qeyd edilmişdir və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci bölməsinin “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru” vəzifəsinə istinad edilmişdir. Lakin iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasında avandalığa qulluq üzrə elektrik montyoru vəzifəsi qeyd olunmuşdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8, 9.1, 9.8-ci maddələrinə, 6 mart 2007-ci il tarixindək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına (qərarla təsdiq olunmuş 2 nömrəli siyahıya) əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaaması məhkəmədən xahiş edilir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ tərəfindən 27 aprel 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur və onun yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32A, mənzil 34-dür. İş materiallarında olan 825968 nömrəli dilomun surətindən görünür ki, İddiaçı 1976 – 1979-cu illərdə Bakı şəhəri 19 nömrəli X8 məktəbində təhsil almışdır. İş materiallarında olan AR Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19 mart 2020ci il tarixli arayışında aşağıdakılar bildirilir: - İddiaçı 22 iyun 2006-cı il tarixdə (21 sentyabr 2006-cı il tarixli 68k nömrəli əmrlə) “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir. 30 yanvar 2014-cü il tarixdə 91k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 7 il 4 ay 8 gün təşkil edir. “Xəzərdənizneftqaztikinti” Tresti SOCAR-ın (ARDNŞ) 12 mart 2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. İddiaçı 31 yanvar 2014-cü il tarixdə 132k nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 27 avqust 2015-ci il tarixdə 629k nömrəli əmrlə onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 1 il 6 ay 26 gün təşkil edir. İddiaçı 28 avqust 2015-ci il tarixdə SOCAR/15-2500/03-10-000377 nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma Sahəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir, əmək stajı 4 il 6 ay 21 gündür. Onun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrikl montyoru peşəsində iş stajı 13 il 5 ay 26 gün təşkil edir. İş materiallarından olan AR Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin məhkəməyə ünvanlanmış 21 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Hal-hazırda İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin “Günəşli” Yatağında yerləşən 2 saylı Dərin dəniz özülündə işlərə cəlb edilmiş və orada işləyir. Onun peşəsi bu işlərin icrasından ibarətdir – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19 mart 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri, elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanması, gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının təmiri, güc və işıqlandırıcı elektrik qurğularına xidmət, elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi, lüminisentli işıqlandırıcı sxemlərin quraşdırılması və təmiri, gərginliyi 35 kV-dan yuxarı olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların montajı, kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövriyyəsinin torpaqlanması, müqavimətin, kabel örtüyünün potensialının ölçülməsi, bərk və yumşaq lehimlə lehimləmə, cizgi və sxem üzrə işlərin yerinə yetirilməsi, elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsi. İddiaçı peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı (hazırda qüvvədə olan) və 21 iyun 1993-cü il tarixli 320 nömrəli (hazırda qüvvədən düşmüş) qərarları ilə təsdiq edilmiş siyahıların müvafiq olaraq 29-cu və 35-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üzrə hüquq verən peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı 6 avqust 1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, politelin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 24 dekabr 2019-cu il tarixli 24/12k nömrəli arayışında aşağıdakılar bildirilir: - İddiaçı 6 avqust 1979-cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric 30 dekabr 2002-ci il tarixədək (406k nömrəli əmr) “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş “Qurğuşunlaşdırılmış kabellərin və polixrolvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xəttlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. AR Tikinti Materialları Sənayesi Nazirliyinin 25 may 1993-cü il tarixli 75 nömrəli əmri ilə 1 iyun 1993-cü il tarixdən həmin Kombinatın adı dəyişdirilək "xxxx" Kombinatı adlandırılmışdır. AR Dövlət Əmlak Nazirliyinin 26 aprel 2001-ci il tarixli 193 nömrəli sərəncamı ilə "xxxx" Kombinatının mülkiyyət forması dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 19859 kodu ilə “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 55 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ümumi iş stajının 25 ildən az toplanması və işlədiyi vəzifənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilmədiyini bildirərək, məsələnin həllindən imtina etmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1976 – 1979-cu illərdə texniki peşə məktəbində təhsili aldıqdan sonra 1979-cu ildə əmək fəaliyyətinə başlamış və həmin peşə təhsili müddəti də daxil olmaqla 2002-ci ilin yanvar ayının 1-dək onun 25 ildən artıq ümumi iş stajı toplanmış olur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan qanunvercilik normalarının tələblərini hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək kitabşasında və müvafiq orta ixtisas (texniki peşə) təhsili barədə diplomunda göstərilən məlumatların həqiqətə uyğun gəlmədiyini cavabdeh inzibati orqan sübuta yetormədiyindən, həmin sənədlər sübut kimi mötəbər qiymətləndirilməli və sənədlərdə əhatə olunan müddətlər həmin vaxt məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsindən asılı olmayaraq iddiaçının iş stajına daxil edilməlidir. İddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmasına gəldikldə isə, məhkəmə vurğulayır ki, iddiaçının işlədiyi müəssisənin məhkəməyə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubunda onun peşəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının “35. Ümumi peşələr” bölməsində göstərilən “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” olması qeyd olunmuşdur. Hansı ki, həmin peşə müvafiq dövrdə qüvvədə olmuş AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da 23200000 – 19859 kodla müəyyən edilmişdir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə iş stajına malik şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan (10 noyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməmiş fərq məbləği ödənilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının müraciəti 2018-ci ilin noyabr ayına təsadüf edir və bu keçmiş müddət üzrə pensiya məbləği «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinin tələbləri baxımından müvafiq qaydada ödənilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (20 noyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan (20 noyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1447/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1447/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver