Məhkəmə qərarları › İş №2-1(112)-1448/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1448/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1448/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona ayrılmış 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona 400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqısatqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. X3 tərəfindən DƏDRX-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ona ayrılmış torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Həmçinin xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, bələdiyyənin arxivində 554 nömrəli reyestrlə qeydiyyata alınmış xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncama əsasən onun adına 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli məktubu ilə ərazi Buzovna bağlar massivində yerləşdiyindən onun müraciətindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki. Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona 400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqı-satqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. Ayrılmış torpaq sahəsi Buzovna Bələdiyyəsinin hüdudları daxilində yerləşir. Bələdiyyənin arxivində 554 nömrəli reyestrlə qeydiyyata alınmış xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncama əsasən onun adına 400 kv.m torpaq sahəsi ayrılması barədə sənədlər mövcuddur. Həmçinin Bələdiyyə tərəfindən təsdiqlənmiş sxemlə torpaq sahəsinin hüdudları müəyyən olunmuşdur. Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncamı hazırda qüvvədədir, etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Ona görə də cavabdeh orqanın imtinasında göstərdikləri qanunsuz və əsassızdır. İş materiallarından göründüyü kimi lıazırki iş üzrə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı Buzovna Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışı və sxemi vardır. Cavabdeh mübahisəli torpaq sahəsinə plan-ölçü və çıxarış verməkdən imtina etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Buzovna bağlar massivində yerləşir. Bundan əlavə iddiaçı tərəfindən təqdim olunan alqı-satqı aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin alqı-satqı aktında bələdiyyə qərarına istinad yoxdur. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və xx xxxx 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Belə ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********30 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Buzovna bağlar massivində yerləşdiyindən adınıza daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) sənədlər toplusuna əlavə edilməsi məqsədəmüvafiqdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizənizə yenidən baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixli 535 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 400 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 02/281 saylı məktubun surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən bələdiyyə arxivində 554 nömrəli reyestrlə qeydiyyata alınmış xx.xx.2006-cı il tarixli 535 nömrəli sərəncama əsasən İddiaçı adına 400 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 535 nömrəli Sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 400 m2 torpaq sahəsinin “Torpaq məcəlləsi”nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı 1m2-ın qiyməti 1 manat 76 qəpik hesabı ilə satılması, İddiaçı ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi, İddiaçı tərəfindən Azərbaycan Respublikası Torpaq məcəlləsinin 66, 67-ci maddələrinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə riayət etməklə tikinti işlərinin aparılmalı olması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Buzovna Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, bələdiyyə ərazisində 400 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Akt Bələdiyyənin nümayəndəsi İ.Cəbrayılov və İddiaçı tərəfindən imzalanmışdır. Aktda Bakı şəhər Torpaq şöbəsinin müdiri X4 adı qeyd edilsə də, aktda onun imzası və möhürü yoxdur, akt Torpaq şöbəsi tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan ƏXZ seriyalı 936552 nömrəli xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpaq alqı satqısına görə Buzovna Bələdiyyəsinə 704 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********83 nömrəli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə texniki baxış keçirilmiş və yerləşmə vəziyyətinə uyğun olaraq koordinatları müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına əsasən sözügedən torpaq sahəsi Buzovna bağ massivinin ərazisi olmaqla Bələdiyyə sərhədləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli 535 nömrəli Sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 400 m2 torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda iddiaçı ilə Bələdiyyə arasında imzalanmış Torpaqların alqı-satqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin alqı-satqına dair iddiaçı ilə Bələdiyyə arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda və məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazda elektron kadastr bazasına əsasən qeyd olunan torpaq sahəsinin Buzovna bağlar massivinin ərazisində yerləşdiyi bildirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********83 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə texniki baxış keçirilmiş və yerləşmə vəziyyətinə uyğun olaraq koordinatları müəyyən edilmişdir, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına əsasən sözügedən torpaq sahəsi Buzovna bağ massivinin ərazisi olmaqla Bələdiyyə sərhədləri xaricindədir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar