Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14483/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (3-cü şəxs: X3) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı çıxarışın verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (zəruri cəlbetmə) İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarı ilə ayrılmışdır. İddiaçı torpaq sahəsinin ayrılması barədə sənədlərin qüvvədə olduğunu nəzərə alaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 03 nömrəli, xx.xx.1999-cu il tarixli qərarının arxiv nüsxəsi təqdim olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin bir hissəsi JN şəhadətnamə əsasında X2 mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Həmçinin yerləşmə cizgisində heç bir istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş məktubdan görünür ki, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhəri Sabunçu RİH tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafına dair” 07 may 1991-ci il tarixli 123 saylı və “Torpaq sahələri ayrılması haqqında” 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları əsasında Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşara Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır. Lakin, vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir. Bakı ŞİH tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilən qərarlar Bakı ŞİH arxivində saxlanılmır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: ...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar Sadalanan normaların məzmunundan göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə cavabdehin istinad etdiyi imtina əsaslarını qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində nəzərdə tutulmuş yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərar, həmin sənədin milli arxiv fondunda hüquqi əsası müəyyən edildiyi halda, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilə bilər. Göstərilən hüquqi tələbin imperativ xarakter daşıdığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 7-ci bəndində birbaşa təsbit edilmişdir. Həmin normaya əsasən, Siyahıda göstərilən hüquqmüəyyənedici sənədlərin hər bir halda milli arxiv fondunda mövcud olan və təsdiq edilə bilən hüquqi əsasının olması mütləq şərt kimi müəyyən edilmişdir. “Milli arxiv fondu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Milli arxiv fondu növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusudur Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Göründüyü kimi, torpaq sahəsinin ayrılması barədə sənəd Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın tələblərinə uyğun hesab edilsə belə, həmin Siyahıda nəzərdə tutulan sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bu sənədlərin mütləq qaydada milli arxiv fondunda əsasının mövcud olması imperativ şərt kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənəd isə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarının yalnız surətindən ibarətdir və həmin qərarın milli arxiv fondunda əsasının mövcudluğu müəyyən olunmamışdır. Qanunvericilik normasının imperativ xarakter daşıdığını nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, milli arxiv fondunda əsası olmayan sənəd əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması hüquqi baxımdan istisna olunur. Bundan əlavə, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubda torpaq sahəsinin iddiaçıya ayrılması, lakin torpaq sahələrinin ayrılmasına dair sənədlərin Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməməsi barədə məlumatın əks olunması da iddiaçının hüquqi vəziyyətini dəyişmir. Həmin qərarın nə Milli Arxiv İdarəsində, nə də ümumiyyətlə hər hansı səlahiyyətli inzibati orqanda saxlanılmasının müəyyən edilməməsi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını istisna edir. Məhkəmə, həmçinin, cavabdeh tərəfindən imtinanın əsası kimi iddia olunan torpaq sahəsinin bir hissəsinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə arqumentə münasibətdə qeyd edir ki, torpaq sahəsinin ayrılması haqqında qərarın milli arxiv fondunda əsasının mövcud olmaması müəyyən edildiyindən, həmin torpaq sahələri arasında mümkün üst-üstə düşmə hallarının araşdırılmasına zərurət qalmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov