Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14495/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işlədiyi müvafiq dövrlərin əmək stajına daxil edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981-ci ildən xx.xx.1992ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işlədiyi dövrlərin əmək stajına daxil edilməsi öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Kəlbəcər rayonu, Tirkeşəvənk kəndində doğulmuş və orada işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonunda “Karl Marks” adına Kolxoz İdarə heyyətinin qərarına əsasən həmin Kolxozda Zootexnik vəzifəsində işləmişdir. Lakin, xx.xx.1992-ci il tarixdə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü ilə əlaqədar məcburi olaraq Kəlbəcər rayonunu tərk etmişdir. Əmək kitabçası onda olmadığı üçün hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Daha əvvəl vəkil sorğusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kəlbəcər Dövlət Arxivinə müraciət olunaraq xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Karl Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi ilə bağlı arayış verilməsi xahiş olunmuşdur. Kəlbəcər rayon Dövlət Arxivi sorğuya xx.xx.2023-cü il tarixli, 08 saylı məktubla cavab verərək bildirmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992ci il tarixə qədər Kəlbəcər rayon Karl-Marks adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud deyil. Ona görə ki, Kəlbəcər rayonu xx.xx.1993-ci il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədləri işğal zonasında qalmışdır. Bundan sonra “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizə ilə tərəfindən Ağdam rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin, Ağdam rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(013)- 1494/2023 saylı qərardadı ilə ərizəçi - İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adıına kolxozda zootexnik vəzifəsində işləməyi faktının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə ərizəsinə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçiyə ümumi qaydada hazırki mübahisə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (DSMF orqanlarına) müraciət etmək, həmin orqanların imtina etdiyi təqdirdə müvafiq pensiyanın təsdiq edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmaq hüququnun olduğunu izah edilməsi qərara alınmışdır. Məhkəmə ərizənin geri qaytarılması barədə qərardadını əsaslandırarkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 №-li qərarının 13.3-cü maddəsinə istinad etmişdir. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəsınə - xx.xx.2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış, xx.xx.2023-cü il tarixdə 3-17-1/1-Ə-173616/2023 və xx.xx.2023-cü il tarixdə 3-17-1/1-Ə- 170687/2023 nömrə ilə qeydiyyata alınmış müraciətiniz araşdırılmışdır. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunanın haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Kəlbəcər rayon Karl Marks adına kolxozda işlədiyiniz barədə müraciətinizdə qeyd etdiyiniz dövr üzrə hər hansı məlumatın verilməsi mümkün olmamışdır”. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi barədə sənəd ona görə lazımdır ki, həmin sənədi, o, Rusya Federasiyasında pensiya çıxmaq üçün Rusiya Federasiyasının aidiyyəti orqanlarına təqdim etməlidir. Yuxarıda qeyd edilən dövrlərdə işləməyini təsdiq edən mötəbər sənədlər Kəlbəcər rayonunun işğalı ilə əlaqədar əldə edə bilmədiyi üçün hazırkı iddia ərizə ilə müraciət etmək zərurəti yaranmışdır.
3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Rusiya Federasiyasında pensiyaya çıxmağı üçün ümumi iş stajına əlavə etmək məqsədilə Rusiya Federasiyasının aidiyyəti orqanlarına təqdim etməyi üçün onun xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna (onun varisi olduğu əvvəlki orqana) xx.xx.1981-ci il tarixdən xx.xx.1992ci il tarixədək verilmiş ödənişlər, hesabatlar, iş təcrübəsini təsdiq edən digər zəruri sənədlərin surətinin və həmin halı təsdiq edən arayışın verilməsi xahiş etmişdir.
4. İddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış “məlumatların təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Kəlbəcər rayonu Karl Marks adına kolxozda işlədiyiniz barədə müraciətinizdə qeyd etdiyiniz dövr üzrə hər hansı məlumatın verilməsi mümkün olmamışdır.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
6. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
7. Məhkəmə hüququ yardım etmək məqsədi ilə iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli hüquqi yardım barədə məktublarında iddiaçıya hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh qismində qoyularaq məhkəməyə iddianın dəqiqləşdirilması barədə ərizə ilə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir.
8. Lakin iddiaçı tərəfindən məhkəmənin hüquqi yardım barədə məktubu nəzərə alınmamış, nöqsanlar aradan qaldırılmamış, bunun üçün əlavə vaxt istənilməmişdir.
9. İddiaçının nümayəndəsinə məhkəmə iclasında İPM-nin 13-cü maddəsinə əsasən yardım edilmiş, hazırkı iddia tələbi üzrə, xüsusi icraat qaydasında aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət etməyi təklif edilmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əzizova iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
12. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03№-li Qərarı:
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
16. İş materiallarında olan Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 08 saylı məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Kəlbəcər rayon Karl-Marks adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud deyil. Ona görə ki, Kəlbəcər rayonu xx.xx.1993-ci il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədləri işğal zonasında qalmışdır.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonunda “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsini təsdiq edən əmək kitabçasını xx.xx.1993-ci il tarixdə Kəlbəcər rayonunun Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edilməsindən sonra oranı tərk etməsi və mövcud sənədlərin işğal zonasında qalması nəticəsində itirmişdir. Cavabdehə qeyd olunan illərdə işlədiyi dövrləri təsdiq edən zəruri sənədlərin təqdim edilməsi və həmin halı təsdiq edən arayışın verilməsinə dair ərizə ilə müraciət etdikdə, sığortaolunanlar haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından onun xx.xx.1981ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonunda işlədiyini təsdiq edən hər hansı məlumatın verilməsi mümkün olmamışdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
19. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz deyil və iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi haqqında ərizə verməklə (sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi) nail ola bilər.
20. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
21. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
22. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva