Məhkəmə qərarları › İş №2-1(112)-14495/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14495/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14495/2025 15.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Cənubi Azərbaycanın Ahar şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illərində öz ana dilində təhsil almaq imkanı olmadığı üçün məktəbdən uzaqlaşdırılmış və orta təhsili yarımçıq qalmışdır. İddiaçı həyatı boyu milli kimliyə görə təzyiqlərlə qarşılaşmış, öz doğma dilində yaşamaq və ifadə etmək haqqından məhrum edilmişdir. Bu səbəblə, 1993-cü ildə İranı tərk edərək Azərbaycan Respublikasına gəlmiş və o gündən etibarən həyatını burada qurmuşdur. 1993-cü ildən bu günə qədər Azərbaycanda müvəqqəti yaşamaq icazələri ilə rəsmi qaydada yaşamışdır. Hazırda Azərbaycan Respublikasının vətəndaşı olan həyat yoldaşı X2 ilə 17 ildir ki, rəsmi nikahdadır. 2010-cu ildə doğulmuş oğlu Altay burada anadan olmuş və Azərbaycan Respublikası vətəndaşıdır. Ailənin bütün üzvləri ilə birlikdə yaşayır və uzun illərdir ki, bu cəmiyyətə inteqrasiya olmuşdur. İddiaçı bu ölkədə həyatını qurmuşdur və ailəsinin onun burada qalmasına ehtiyacı var. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə daimi yaşamaq üçün müraciət etmiş, lakin cavabdeh bundan imtina etmiş və eyni tarixdə onun müvəqqəti yaşamaq barədə icazəsi də ləğv olunaraq 10 gün ərzində ölkəni tərk etməsi tələb olunmuşdur. Cavabdeh onun müvəqqəti yaşamaq icazəsinin ləğv edilməsinə səbəb kimi Azərbaycan dili imtahanından keçməməsini qeyd etmişdir. Halbuki, bu barədə rəsmi əsaslandırma sənəddə yer almamış, hüquqi əsaslar göstərilməmiş, nəticələr obyektiv qiymətləndirilməmişdir. İddiaçının Azərbaycan dilində ünsiyyət və danışıq qabiliyyəti kifayət qədər mövcuddur və illərdir bu cəmiyyətdə inteqrasiya şəraitində yaşayır. İddiaçı 17 ildir müvəqqəti yaşayış icazəsi üçün müraciət edərkən imtahanlarda dəfələrlə müsbət nəticə əldə etmişdir. İddiaçının həyat yoldaşı və övladı Azərbaycan Respublikası vətəndaşlarıdır. Onun ölkədən çıxarılması ailənin həyatı və psixologiyasına ciddi təsir göstərəcək. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılmış və hüquqi əsaslar olduğu üçün ona daimi yaşayış icazəsi verilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və həmin tarixdə onun müvəqqəti yaşamaq üçün icazəsi müvafiq qərarla ləğv edilmişdir. Cavabdeh qərarı qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarından cavabdehə məktub daxil olmuşdur. İddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. MYİ seriyalı 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1968-ci ildə İran İslam Respublikasında anadan olmuşdur. O, həmin ölkənin vətəndaşıdır. Ona həmin vəsiqə xx.xx.2024-cü il tarixdə verilmişdir və xx.xx.2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli 10013781 saylı qərarına əsasən İran İslam Respublikası vətəndaşı Nourollahi Rajaba daimi yaşamaq üçün icazənin verilməsi barədə 04 iyul 2025ci il tarixli 231810/m nömrəli müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi” haqqında xx.xx.2025-ci il tarixli 10082636-L saylı qərarına əsasən İran İslam Respublikası vətəndaşı Nourollahi Rajaba Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş və onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli ərizə-anketdən görünür ki, iddiaçı Azərbaycan Respublikasında daimi yaşama statusu almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müsahibə məlumatları məhkəməyə təqdim edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İdddiaçı öz iddia tələbində xx.xx.2025-ci il tarixli qərarın ləğvini xahiş edir. İşdən görünür ki, eyni tarixdə cavabdeh tərəfindən iddiaçı barəsində iki qərar qəbul edilmişdir. Bunlardan biri iddiaçının müraciətinə əsasən ona ölkə ərazisində daimi yaşamaq üçün icazə verilməsindən imtina barədə, digəri isə onun ölkə ərazisində müvəqqəti yaşaması ilə bağlı icazənin ləğv edilməsi barədədir. Lakin, iddia ərizəsinin məzmunu və xahiş hissəsi ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi istəyir və ona cavabdeh tərəfindən verilmiş imtina qərarını mübahisələndirir. Həmin qərar iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi məcburetmə iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən (bundan sonra – Miqrasiya Məcəlləsi) Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir (3.0.6. ). Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir (3.0.7.). Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz (20.1.). Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər (20.2.). Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən Bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər və bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir: atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda (52.1.1); bu Məcəllənin 52.1.3-52.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda (52.1.2); Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda (52.1.3); Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda (52.1.4); nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda (52.1.5); iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda (52.1.6); bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis və ya yüksəkixtisaslı miqrant olduqda (52.1.7); Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda (52.1.8); xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda (52.1.9); Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun (52.1.10); Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun (52.1.11). İddiaçı cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla onun müraciəti təmin edilməmişdir. Həmin tarixdə qəbul edilmiş digər qərarla iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş və onun üzərinə 10 gün ərzində ölkə hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İddiaçı ona ölkə ərazisində daimi yaşamaq üçün icazə verilməsi barədə qərarın ləğv edilməsi və ona daimi yaşamaq icazəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Miqrasiya Məcəlləsinin 55.0-cı maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda (55.0.1); siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla) (55.0.2); şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 53.4cü maddəsi nəzərə alınmaqla) (55.0.3); Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə (55.0.4); qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə (55.0.5); özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü, habelə yüksəkixtisaslı miqrantın icazə üçün müraciət etdiyi hallar istisna olmaqla) (55.0.6); əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə (55.0.6-1); bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə (55.0.6-2); xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə (55.0.7); daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir) (55.0.8); Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda (55.0.9); Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə (55.0.10); Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə (55.0.11); barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə (55.0.12); Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda (55.0.13); əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə (ənin verilməməsi əsasları qanunun qeyd edilən müddəsında öz əksini tapmışdır. Göründüyü kimi Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməməsi əsasları qanunun qeyd edilən müddəasında öz əksini tapmışdır. Bu əsaslardan biri də Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilməməsidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının müsahibə nəticələrindən görünür ki, müsahibə zamanı iddiaçıya müxtəlif suallar verilmiş və müvafiq şkala üzrə qiymətləndirmə aparılmışdır. Verilən suallara cavab olaraq onun azərbaycan dilində zəif danışması, zəif oxuması, bəzi suallara zəif cavab verməsi, bəzi suallara isə ümumiyyətlə cavab verməməsi müəyyən edilmiş və onun nəticələri “3, 2, 0, 2, 1, 0, 3, 1, 1, 0” ballarla qiymətləndirilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi” barədə iddiası təmin edilməməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçıya hazırkı halda Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməməsi və müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi onun Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamağa icazə almaq üçün cavabdehə müraciət etməsinə mane olmur. İddiaçı bununla bağlı yenidən cavabdehə müraciət edə və müvafiq icazə alaraq Azərbaycan Respublikasında yaşaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar