Məhkəmə qərarları › İş №2-1(112)-145/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-145/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-145/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X12, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X18, X25 və X26 “Torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının prosessual hüquqi varisi X6, cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs X14, onun nümayəndəsi və vəkili Vəkil3, Üçücü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2n oğlunun iştirakları ilə, iddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X18, X25 və X26) “Torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarına əsasən X9 Ləhiş bağlar sahəsində 153 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən X19 Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən X9 Bakı şəhər İKnin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarı, BTİ və İB-nin 05 saylı orderi ilə 1200 kv.metr 4594b saylı bağ evin tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 4594b saylı bağ sahəsinə X7 mülkiyyət hüququ dövlət reyestində qeydə alınmış, sonuncu həmin bağı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2, sonuncu da öz növbəsində xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. 4594b saylı bağ sahəsi hazırda X14 mülikyyətindədir və mülkiyyət hüququna dair dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən ona məxsus 4594b saylı torpaq sahəsinə mülkiyyət haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbinə dair inzibati iş üzrə məhkəmə araşdırılması zamanı iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən X7 adına tərtib edilmiş Azərbaycan Dövlət və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli AN 466757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatların X19 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594B nömrəli 0,12 ha torpaq sahəsinin naturada mövcud olan koordinatlarının üstünə düşməsi müəyyən edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı X27 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ona yrılmış bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. İş məhkəmə icraatına daxil olduqdan sonra hazırlıq icraatına başlanılmış, son olaraq məhkəmə qərardadı ilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3333 saylı rəyi xx.xx.2021-ci il tarixdə təqdim edildikdən sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən 153 nömrəli BTK nəzdində 4594b saylı bağ sahəsinin mövcud olmadığı müəyyən olunur. Bu səbəbdən X10 05 nömrəli order ilə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594b nömrəli 0,12 hektar torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, X8 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar X19 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594b nömrəli 0,12 hektar torpaq sahəsinin naturada mövcud olan koordinatlarının üstünə düşür. Yuxarıda göstərilən xüsusat onun mülkiyyət hüquqlarının realizəsinə mane olduğundan X8 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi zərurəti vardır. Bakı şəhər İK-nın xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarına əsasən 05 saylı orderlə X8 istifadəsinə verilmiş bağ sahəsinə dair tərtib edilmiş plan və ölçü texniki sənəd hesab olunsa da, həmin sənəddə olan koordinatlar hazırda Bakı Şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin X5 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarilxi, 162 saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594b saylı bağ sahəsi onun istifadəsinə verilmiş torpaq sahəsinin naturada yerləşmə mövqeyinə görə koodinatları ilə üst-üstə düşür. Bu səbəbdən həmin plan və ölçü ləğv edilməli və K.Əliyevaya mövcud əsaslarla naturada yerləşmə yerinə görə koordinatlar yenidən işlənilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X8 adına Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarı və Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyinin 4594b saylı bağ evinin tikintisi üçün verilmiş 05 saylı orderi əsasında Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli AN seriyalı 466757 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3656/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9745/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə X25 və X26 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3656/2022 nömrəli iş üzrə 31 mart 2022-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə icraat təzələnmişdir. Üçüncü şəxs X14 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş məhkəmənin icraatında olarkən sözügedən bağ sahəsi 01 iyul 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında təmsil etdiyi şəxsə satılmış və həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarım 08 iyul 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin Bakı İnzibati Məhkəməsində baxılan işdən nə onun, nə də həmin bağ sahəsini ona satan X15 xəbəri olmuşdur. Mübahisələndirilən bağ sahəsi hal-hazırda onun mülkiyyətində və faktiki istifadəsindədir. X18 1990-cı ildən həmin torpaq sahəsini İlqar Əhmədova satan günə kimi onların istifadəsində olmuşdur. Bu məsələnin mübahisələndirilməyən tərəfidi. Baş tutmuş məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsinə torpağın istifadəsi ilə bağlı verilmiş suallar cavabsız qalmışdır. Həmin torpaq sahəsi bu günə kimi də “İlqarın torpağı” kimi adlandırılır. Sözügedən torpaq sahəsini İlqar Əhmədovdan alarkən hasarın üzərində çoxdan yazılmış nömrəsi olmuş və həmin nömrə vasitəsilə İ.Əhmədovla əlaqə saxlayaraq torpaq sahəsini ondan alıb. Torpaq sahəsi köhnə mişar daşları ilə dörd tərəfdən hasarda olmuşdur. Torpaq sahəsini aldıqdan sonra onun üzərində tikinti həyata keçirmiş və alqı-satqı və tikintiyə təxminən 350000 (üç yüz əlli min) manatdan yuxarı vəsait sərf edib. Necə ola bilər ki, iddiaçı torpaq sahəsini istifadə etsin və həmin torpaq sahəsinin üzərində də bu qədər işlər görülmüş olsun. İddiaçı heç vaxt o torpaq sahəsini istifadə etməmiş və həmin torpaq sahəsi ilə əlaqəsi olmamışdır. Kübra Əliyevaya 1990-cı il tarixdə verilmiş orderdə istifadə etmək üçün ona ayrılmış torpaq sahəsinin nömrəsinin 153 saylı BTK-da olmamasında onun heç bir əlaqəsi yoxdur. Kübra Əliyevanın bundan heç xəbəri də ola bilməzdi. Torpaq sahəsini icarəyə götürən şəxsə bağın nömrəsi, BTK nömrəsi və s. bu kimi rekvizitlər maraqlı deyil. Vətəndaşın istəyi torpaq sahəsinin sənəddə göstərilən sahədə və yerdə verilməsidir. Kübra Əliyevanın həmin torpaq sahəsini uzun müddət mübahisəsiz istifadə etməsi, daha sonra onu İlqar Əhmədova, İlqar Əhmədovun da öz növbəsində torpaq sahəsini Rəhim Aslanova satması iddiaçının həmin torpaq sahəsindən bir gün belə istifadə etməməsini təsdiq edir. Həmçinin, Kübra Əliyeva istifadəsində olan torpaq sahəsini üzərində mülkiyyət hüququnu adına qeydiyyata alarkən, inzibati orqan tərəfindən onun istifadəsində olan torpaq sahəsinin koordinatları dəqiqliklə müəyyən edilmişdir. Buradan sual yaranır ki, iddiaçı bu zaman həmin torpaq sahəsini necə istifadə edə bilərdi? Kübra Əliyeva hasara aldığı və istifadə etdiyi torpaq sahəsinin koordinatları aidiyyatı orqanlar tərəfindən təyin edilmişdir. İddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Mütənasiblik prinsipi tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qoyulmamalıdır. Bu mənada, nəzərə alınmalıdır ki, Kübra Əliyevaya verilən order və order üzərində torpaq sahəsinin nömrəsinin düzgün yazılıb-yazılmaması onun iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən indiki iş üzrə 3-cü şəxsin məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması onu həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu işin araşdırılması əvvəldən qərəzli şəkildə aparılmışdır. İş materiallarında olan əvvəlki ekspert rəyinin hansı qərar əsasında verilməsi və indiki iş üzrə yeni ekspert rəyinin əvvəlki rəylə eyniyyət təşkil etməsi çox saylı suallar yaradır. Hakim Ş.Həsənova tərəfindən iş araşdırılarkən sözügedən torpaq sahəsinin 2 nəfərə alqı-satqı edildiyi bilindiyi halda bu kimi faktlara göz yumması və işin birtərəfli araşdırılaraq iddiaçının xeyrinə qərar qəbul etməsi cavabı tapılmayan suallar yaradır. Alqı-satqı əsasında 2 nəfər vicdanlı alıcı mövcuddur. Kübra Əliyeva yuxarıda qeyd etdiyi kimi ona dövlət orqanı tərəfindən verilmiş sənəddə hər hansı bir qüsurun olmasından xəbər tuta bilməzdi. O, ona ayrılmış torpaq sahəsini mübahisəsiz olaraq onu İlqar Əhmədova satana kimi istifadə etmişdir. İlqar Əhmədov da öz növbəsində, həmin torpaq sahəsini ona satana kimi, yəni 2022-ci ilə kimi mübahisəsiz istifadə etmişdir. Rəhim Aslanov torpaq sahəsini aldıqdan sonra orada tikinti işləri aparmışdır. Bu qədər uzun zaman kəsiyində torpaq sahəsinin istifadə edilməsi, torpaq sahəsinin 2 dəfə ayrı-ayrı vaxtda alqı-satqı edilməsi mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edimədiyini sübuta yetirir. Hətta məhkəmə iclaslarında bu barədə iddiaçının nümayəndəsinə sual verəndə də, dəqiq cavab almaq mümkün olmamışdır. Hazırkı işdən də görünür ki, iddiaçı X28 heç vaxt istifadəsində olmadığı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bununla da, üçüncü şəxsin konstitusion hüquqları kobud şəkildə pozmuş olur. Hətta iş o yerə gəlib çatmışdır ki, iddiaçı tərəfindən onun həyata keçirdiyi tikili söküntüyə məruz qalmışdır. İddiaçı mübahisəli torpaq sahəsinin istifadə olmasını təsdiq edən heç bir sübut ortaya qoya bilmir. Həmçinin, etimadın qorunması hüququ vardır. Belə ki, həm Kübra Əliyevanın, həm İlqar Əhmədovun, həm də Rəhim Aslanovun bu hüquqa istinad etməyə haqqı vardır. Məhkəmə etimaq hüququna istinadla aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Buna görə də yuxarıda qeyd etdiyi halları yoxlamadan düzgün qərara gəlmək mümkün deyildir. İşin heç bir halı K.Əliyevanın, İlqar Əhmədovun haqsız olduğunu sübut edə bilmir. Kübra Əliyeva ona ayrılmış torpaq sahəsini qanunvericiliyə uyğun öz adına qeydiyyata almış, daha sonra onu İlqar Əhmədova satmışdır. İlqar Əhmədov isə daha sonra həmin torpaq sahəsini R.Aslanova satmışdır. Nə R.Aslanov, nə də İ.Əhmədov torpaq sahəsi ilə hər hansı bir mübahisənin olacağını ağıllarına belə gətirməmişlər. Belə olan halda İlqar torpaq sahəsini K,Əliyevadan almaz, onu 6 il ərzində istifadə etməz və daha sonra real bazar qiymətinə R.Aslanova satmazdı. Rəhim də öz növbəsində, aldığı torpaq sahəsində tikinti həyata keçirməzdi. Hər 3 şəxs bu münasibətlərdə dürüst davranmışdır. Belə ki, hər kəsin dürüst davranmaq öhdəliyi vardır. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan suiistifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Məhkəmə yekun qərar qəbul edərkən bu vaxta qədər olanları analiz etməli və əgər iddia təmin olunması halında nə kimi qeyri-müəyyənlik yaradacağına diqqət etməlidir. Hətta torpaq sahəsinə dair ölçü və planın ləğv olunması nə İ.Əhmədovun, nə də R.Aslanovun adına olan “ölçü və plan”ların ləğvinə səbəb olacaqdır. Həm R.Aslanov, həm də İ.Əhmədov mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmişdir. Qeyd olunanları və onun vicdanlı alıcı olmağınınəzərə alaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini sizdən xahiş edir. İddiaçı X27 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X27, hüquqi varisi X22 ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının prosessual hüquqi varisi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X26 iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq izahatında bildirdi ki, torpaq sahəsinə onun sahiblik və istifadəsindədir və torpağa xeyli xərc çəkmişdir. Üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil3 yazılı məhkəmə çıxışına uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2n oğlu iddianın rədd edilməsini xahiş etdi. Digər üçüncü şəxs K.Əliyeva məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs K.Əliyevanın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük bileti və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Topraq Məcəlləsinin: - 4-cü maddəsinə əsasən torpaq sahəsi - X29nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. - 65-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84-cü maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən halıdır ki, həm X19, həm də üçüncü şəxslərdən X9 Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılmışdır. Təqdim edilən orderlərdən və arxiv sənədlərindən müəyyən edilir ki, X9 153 №-li BTK nəzdində, X19 241 №-li BTK nəzdində sahələri 0,12 ha olan, hər ikisinin nömrəsi “4594b” olan bağ sahələri ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən X9 “4594b” saylı bağ evin tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib edilmişdir. İdddiaçı iddia edir ki, həmin plan ölçüdə göstərilən kordinatlardakı torpaq sahəsi ona ayrılmış 4594b saylı bağ sahəsidir. Belə ki, iddiaçı ona yarılmış bağa mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məhkəmə iddia qaldırmış və aparılmış ekspertiza zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi 4594b saylı bağ sahəsi ilə üçüncü şəxsə verilmiş plan ölçünün koordinatları üst-üstə düşür. İddiaçı bu əsasla üçüncü şəxs K.Əliyevanın adına olan plan və ölçü sənədinin ləğv edilməsi tələbini irəli sürür. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibartədir ki, “4594b” saylı bağ sahəsinə K.Əliyevanın mülkiyyət hüququ qeydə alınmış və digər üçüncü şəxslərə alqı-satqı edilərək torpaq sahəsi hazırda üçüncü şəxslərdən Rəhim Aslanovun faktiki sahibliyində və mülkiyyətindədir. Cavabdeh mübahisələndirilən plan ölçü sənədinin qanunvericiliyə uyğun tərtib edildiyini bildirirərək iddiaya etiraz edir. Üçüncü şəxslər iddiaçının torpaq sahəsindən istifadə etməməsinə, üçüncü şəxsin sahibliyində olmasına, üçüncü şəxslərin vicdanlı əldə edən olmasına, və R.Aslanovun həmin torpaq sahəsinə xərc çəkməsinə istinad edərək iddia tələbinə etiraz edirlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdırr. Belə ki, məhkəmə qeyd edir ki, təqdim edilən BTK-ların arxiv qovluğu, bağların bölgü sxemi, sxematik xəritəsi, alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmidir ki, mübahisələndirilən plan ölçünün verildiyi torpaq sahəsinin yerləşməsi hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə dair sənədlərə uyğundur. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, X19 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B" nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yeri müəyyən edilmişdir. Həmin bağ sahəsi hazırda mübahisələndirilən sahə olmaqla 4594v nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşir, kordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Ləhiş bağlar sahəsində 241 №-li BTK üzrə bağ sahələrinə dair siyahıda (i.v.225) X12 adının qeyd olunmasını və 241 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 “B” №-li bağ sahəsinin mövcud olmasını nəzərə alaraq, X19 ayrılan 4594 “B” nömrəli torpaq sahəsi 241 nömrəli BTK üçün ayrılan torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən edilmişdir. Ləhiş bağlar sahəsində 153 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594B nömrəli bağ sahəsi mövcud olmadığından X9 05 nömrəli orderlə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər icraiyyə komitəsinin 12 mart 1990-ci il tarixli, 1/23 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində yaradılmış 153 №-li BTK üzvlərinin 22 nəfərdən ibarət siyahısında 19-cu sırada X7 adı qeyd edilmişdir (i.v.222-223), lakin 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətindən görünür ki, 153 nömrəli BKT-nin nəzdində 4594 B nömrəli bağ sahəsi mövcud olmamışdır (i.v.224). X19 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsi faktiki olaraq 241 nömrəli BTK nəzdində yerləşir və koordinatları rəyin tədqiqat hissəsində verilmişdir. Ləhiş bağlar sahəsində 153 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 B nömrəli bağ sahəsi mövcud olmadığından X9 05 nömrəli orderlə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, A 466757 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində qeyd olunan koordinatlar 241 №-li BTK-nın ərazisinə, Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 241 № li BTK nəzdjndə X19 ayrılmış 4594 “B” nömrəli 0,12 ha bağ sahəsinə uyğun gəlir. İş materiallarında olan BTK-ların arxiv qovluğundan göründüyü kimi, iddiaçıya 241 BTK nəzdində 4594b saylı bağ ayrılmışdır. Həmin BTK-nın arxiv qovluğunda olan bağların sxematik xəritəsi və bölgü sxemində 4594b saylı bağ əksini tapmışdır. X24 153 №-li BTK nəzdində bağ sahəsi ayrılmış, lakin həmin BTK arxiv qovluğunda olan sənədlərindən (sxematik xəritə bğların bölgü sxemində) 4594 “B” nömrəli bağ sahəsi mövcud deyil. Həmçinin rəylə müəyyən edilmişdir ki, X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, A 466757 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində qeyd olunan koordinatlar 241 №-li BTK-nın ərazisinə, Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 241 № li BTK nəzdjndə X19 ayrılmış 4594 “B” nömrəli 0,12 ha bağ sahəsinə uyğun gəlir”. Göründüyü kimi, mübahisələndirilən plan və ölçü sənədi tərtib edilərək BTK-ların arxiv qovluğu, bağ sahəsinin faktiki hansı BTK-da yerləşməsi nəzərə alınmamış, 153 saylı BKT-da 4594b saylı bağ sahəsi olmadığı halda, 241 saylı BTK-da, iddiaçıya ayrılmış bağın yerinə uyğun gələn torpaq sahəsinə dair 3-cü şəxsə plan və ölçü sənədi işlənmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, təqdim edilən sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan bağ sahəsi Abbasovun atasının əmisi olan X16 və 3-cü bağ da onların qohumu olan X23 adına olmuşdur. Yəni 3 ədəd bağ sahəsi bir-birinə qonşu sahələrdə yerləşir. X16 adı qeyd edilən bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim edilib. Həmin çıxarış təqdim edilən zaman torpaq sahəsi Abbasova Mahirənin adına qeydə alınmışdır, yəni Yusif Abbasovun həyat yoldaşının, hazırda da X4 Yusif Fədai oğlunun adında və mülkiyyətindədir. (4594v saylı bağ sahəsi). İşin bu halları bir daha onu təsdiq edir ki, hər iki qardaşa 241 saylı eyni BTK-dan qonşuluqda yerləşməklə yanaşı bağ sahələri verilmişdir. Həmçinin ekspert rəyindən də müəyyən edilmişdir ki, 4594b saylı bağ 4594v saylı bağın yanında yerləşir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X29, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyənin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə qeyd olunmuşdur ki, bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi X29nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Göstərilənləri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunduğunu, hazırda “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin DƏDRX-in səlahiyyətləri daxilində olmasını nəzərə alaraq, məhkəmə hesab ki, hazırkı iddiaçı “torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi” tələbi ilə hazırkı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, iddiaçıya 4594B nömrəli bağ sahəsi 241 №-li BTK-in nəzdində olan torpaq sahəsində, üçüncü şəxs Kubra Əliyevaya isə 4594B nömrəli bağ sahəsi 153 №-li BTK-in nəzdində olan torpaq sahəsində ayrılmışdır. Göründüyü kimi bağ sahələrinin nömrələri eyin olsa da həmin bağ sahələri müxtəlif bağ tikinti kooperativlərin nəzdində olan müxtəlif torpaq sahələrindən ayrılmışdır. İddiaçının qanuni istifadəsinə verilmiş və hal-hazırda istifadəsində olan bağ torpaq sahəsinin koordinatları səhvən Kubra Əliyevanın adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsündə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Barəsində torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanının səhvi nəticəsində koordinatları iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq verilmişdir. Həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilməmişdir. Eyni zamanda həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin: - 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. - 26-cı maddəsinə görə, ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, üçüncü şəxsə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. İşin müəyyən olunmuş hallarından görünür ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Bundan başqa torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan sənədlər əsasında hazırlanmalı və hüququ təsdiq edən müvafiq aktın verilməsi ilə müşayiət olunmalı idi. Hazırki mübahisə üzrə isə başqa ərazidə və başqa şəxsin adına olan torpaq sahəsinə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi verilmişdir. Nəzərə almaq lazımdır ki, “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi tələbi əlahiddə deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Məhkəmə üçüncü şəxslərin etirazlarının dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: 1) iddiaçının ona ayrılmış torpaq sahəsinədn itifadə etməməsinə dair: Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci madədəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı mübahisəli torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə sahibdir və mülkiyyət hüququnun qeydə alınması barədə məhkəmə iddia verərkən ona yrılmış torpaq sahəsindən üçüncü şəxslərin istifadə etməsi və üçünü şəxslərin adına hüquqmüəyyənedici və texniki sənədlər verilməsini bilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ona torpaq ayıran kimi deyil, uzun müddətdən sonra hüququnun realizəsi üçün məhkəməyə müraciət etməsi, onun hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə araşdırması və mötəbər sübutlarla əslində ididaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxslər tərəfindən faktiki istifadə edilməsi, iddiaçının gözlənti mülkiyyət hüququ əsasında ona ayrılmış torpaq sahəsindən qanunsuz istifadə etməsinə və özbaşına zəbt edilməsinə əsas vermir. Doğrudur üçüncü şəxslər də hüquqmüəyyənedici sənədlərə sahibdir. Lakin üçüncü şəxslər həmin hüquqmüəyyənedicisi sənədlərə istinad edib, əslində iddiaçıya ayrılmış torpaqdan istifadəyə haqq qazandıra, eyni zamanda bu əsasla vicdanlı alıcı olmalarına istinad edə bilməzlər. Əks yanaşma iddiaçının ona yrılmış torpaq sahəsi üzərində hüququnun realizə etməsinin qeyri-mümkünlüy ilə nəticələcəkdir bu da ədalətlilik, qanunlilik prinsiplərinə ziddir. 2) üçüncü şəxs Rəhim Aslanovun torpaq sahəsinə xərc çəkməsi ilə bağlı: Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə mübahisələri nəticəsində torpaq sahəsi iddiaçıya (hüquqi varisinə) qaytarılmalı olduğu halda, bu hallarda həm vicdanlı, həm də vicdansız sahibin hüquqlarını Mülki Məcəllədə təsbit edilmişdir. Əgər torpaq sahasi iddiaçıya verilərsə, o zaman üçüncü şəxs R.Aslanov vicdanlı sahib kimi, iddiaçıdan həm zəruri xərcləri, həmçinin yaxşılaşdırmaları tələb etmək hüququna malikdir (Mülki Məcəllə 157.6, 157.7-ci maddələr). 3) məhkəmə araşdırmasının əvvəldən qərəzli aparılmasına dair: Üçüncü şəxslərin vəkilllərinin heç bir əsasa söykənməyən bu etirazları ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında arxiv sənədləri, BTK qovluqları kifayət edir ki, üçüncü şəxslərin iddiaçıya ayrılmış torpaq sahəsindən istifadə etməsi müəyyən edilsin. Lakin hazırkı iş üzrə üçüncü şəxslərin vəsatətləri təmin edilərək işin tam, hərtərəfli və obyekltiv araşdırılması məqsədi ilə ekspertiza təyin edilmiş və verilmiş rəylə də, iddiaçının tələbinin əsaslılığı bir daha sübuta yetirilmişdir. Ekspert rəyi rəyi, işdə olan sənədlərə, arxiv məlumatlarına, BTK-ların bölgü sxeminə və sxematik xəritələrinə əsaslanmaqla kifayət qədər əsaslandırıldığından, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan, rəyin əsaslılığına dəlalət edən hallar müəyyən edilməmiş, həmçinin əlavə və ya təkrar ekspertizanın aparılması üçün də prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallar yaranmamışdır. Üçüncü şəxsin vəkili S.Abullayev elektron kabinet vasitəsi ilə ekspert qarşısında xüsusi bilik tələb etməyən, hüquqi məsələlərlə bağlı suallar verilməsini tələb etmişdir ki, prosessual qanunvericiliyə görə, ekspert xüsusi bilik tələb edilən suaların cavablandırılması üçün təyin edilir. Bundan başqa üçüncü şəxslər vəsatət verərək X3 adında şəxsin şahid qismində dindirilməsini xahiş etmiş, məhkəmə tərərəfindən vəsatət rədd edilmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, hər hansı bağın kimə məxsusluğu hüquqmüyyənedici sənədlər, arxiv sənədləri, mütəxəssis və ekspert rəyi ilə müəyyən edilə bilər. Şahid ifadəsi bağ sahəsindən kimin istifadə edilməsi faktının müəyyn edilməsi üçün müəyyən eedilməsi üçün yetərli olsa da, bağın kimə məxsus olması faktı yalnızca qeyd edilən sübutlarla müəyyən edilər bilər. MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən oxşar iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarında (2- 1(102)-194/2024nömrəli iş üzrə) bildirilmişdir ki, “...apellyasiya məhkəməsi gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, “Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 adında şəxs məhkəməyə verdiyi ifadəsində 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işlədiyini, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olduğunu, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işlədiyini, hazırda isə Kürdəxanı Bələdiyyəsində torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işlədiyini qeyd edərək aşağıdakıları bildirmişdir: ... Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş M.Ağakişiyevin əmək kitabçası tələb edilməmiş, onun 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləməsi, 93 nömrəli BTK barədə məlumatların nəyə görə onda olması, məhkəməyə təqdim etdiyi məlumatların cavabdehin arxivində deyil, özündə saxlanılması səbəbi öyrənilməmişdir.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxs Kubra Əliyevaya verilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsü qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, üçüncü şəxs X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X29 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Üçüncü şəxs X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X29 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar