Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-145/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs qismində Maraqlı şəxs1 Əyyub oğlu və Maraqlı şəxs2 işə cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC cavabdeh Bakı şəhər Cavabdehnə qarşı 3-cü şəxs Maraqlı şəxs1 Əyyub oğlu və Maraqlı şəxs2 işə cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı MMC cavabdeh Bakı şəhər Cavabdehnə qarşı 3-cü şəxslər Maraqlı şəxs1 Əyyub oğlu və Maraqlı şəxs2 işə cəlb edilməklə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının (indiki Cavabdeh) 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində (Şüvəlan qəsəbəsində) yerləşən 229.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX1440815 nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən (əmlakın reyestr nömrəsi: **********96) İddiaçı MMC-nin icarəsindədir. Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının (indiki Xəzər RİH) 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamı ilə həmin ərazidə yerləşən 120 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş Maraqlı şəxs1 Əyyub oğluna ayrılmışdır. Bu səbəbdən Cəmiyyətə icarə hüququ ilə məxsus olan torpaq sahəsinin 120 kv.m. hissəsi vətəndaşa ayrılmış sahə ilə üst-üstə düşür. Müvafiq məsələ ilə bağlı tərəfimizdən 25 iyul 2022-ci il tarixində GA 01/114 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyəti Başçısına müraciət edilmiş, Əzizbəyov RİH tərəfindən verilmiş sərəncamın qanuna zidd olduğu və bu səbəbdən ləğv edilməsi xahiş edilmişdir. Müraciətləri BŞİH tərəfindən Bakı Şəhər Cavabdehnə yönləndirilmiş və Xəzər RİH İcra Başçının 1ci müavini tərəfindən Cəmiyyətə ünvanlanmış 392A saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda (daxil olma tarixi: xx.xx.2022; №GA02/İ62) müvafiq məsələ ilə bağlı inzibati məhkəməyə müraciət edilməsi bildirilmişdir. Aşağıda qeyd edilənlərə əsasən belə hesab edirlər ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamı qanunaziddir və ləğv edilməlidir. Belə ki, Əzizbəyov RİH tərəfindən özünün idarəsində olan deyil, Maraqlı şəxs2 yurisdiksiyasında olan torpaq sahəsi barədə sərəncam verilmişdir. AR Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.16-cı yarımbəndinə əsasən yerli icra hakimiyyət orqanları öz idarəçiliyində olan əmlaka münasibətdə hüquqi hərəkətlər edə bilərlər. “İnzibati icraat haqqında'' AR Qanunun 4.1-ci yarımbəndinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Müvafiq torpaq sahəsi barədə hər hansı səlahiyyəti olmayan inzibati orqan tərəfindən onun ayrılması barədə sərəncam verilmişdir (inzibati akt qəbul edilmişdir). “İnzibati icraat haqqında” AR Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır və etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz hesab edildiyi üçün heç bir hüquqi nəticə yaratmır. Hazırki halda, Əzizbəyov RİH müvafiq səlahiyyəti olmadan digər RİH-nin yurisdiksiyasındaki (idarəçiliyində) dövlət mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verdiyi üçün həmin sərəncam etibarsız hesab edilməlidir. Etibarsız sərəncam əhəmiyyətsiz inzibati akt olduğundan və heç bir hüquqi nəticə yaratmadığından şəxslər həmin inzibati münasibətdən əvvəlki hüquq və vəzifələrə qayıtmalı və bu münasibət zamanı əldə etdiklərini geri qaytarmalıdırlar. Maraqlı şəxs1 sərəncamı İddiaçı MMC-dən daha əvvəl əldə etmiş olsa belə, əhəmiyyətsiz akt heç bir hüquqi nəticə yaratmadığından şəxs inzibati hüquq münasibətləri üzrə əldə etdiklərini geri qaytarmalıdır. Torpaq sahəsinin təyinatına uyğun olmayaraq ayrılması məsələsi - Əzizbəyov RİH tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə vətəndaş Maraqlı şəxs1 ayrılmışdır. Halbuki, torpaq sahəsi sovxoz ərazisi olmuşdur və təyinatının dəyişdirilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı qərar olmamışdır. “Torpaq icarəsi haqqında” AR Qanunun 5-ci yarımbəndinə əsasən, dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınmalıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, torpaq sahəsinin icarəyə verilməsi zamanı torpaqların təyinatı üzrə istifadə edilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi şərtlərinə əməl edilməlidir. Hazırki halda kənd təsərrüfatı təyinatlı torpaq qanunvericiliyin tələbləri pozularaq fiziki şəxsə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır. “Torpaq islahatı haqqında" AR Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin altında olan torpaq sahələri onların əvəzsiz mülkiyyətinə verilir. Bu halda kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpağın təyinatına zidd və qanunsuz şəkildə fərdi yaşayış evinin tikilməsi üçün fiziki şəxsin istifadəsinə verildiyinə görə həmin torpaq sahəsi şəxsin qanuni istifadəsində hesab oluna və özəlləşdirilərək mülkiyyətinə daxil edə bilməzdi.
3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının (indiki Cavabdeh) 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 310/15 nömrəli Sərəncamı ilə vətəndaş Maraqlı şəxs1 Əyyub oğluna torpaq sahəsi ayrılmışdır. Bildirilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1906 nömrəli sərəncamına əsasən fərdi yaşayış evlərinin tikintisi məqsədilə 650 hektar torpaq sahəsi Zeytunçuluq sovxozu ərazisindən alınmışdır (surəti əlavə olunur). Nəzərə çatdırırlar ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 310/15 nömrəli Sərəncamı ilə vətəndaş Maraqlı şəxs1 Əyyub oğluna ayrılmış torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonu, keçmiş 3 nömrəli Qala-Zeytun sovxozunun istifadəsindən alınmış və vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış 650 hektar torpaq sahəsinin hüdudlarında yerləşir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022-ci il tarixxdə verilmiş reyestrdən çıxarışa əsasən İddiaçı MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təsisçisi 100 % payda – “X2” MMC-dir.
8. “Torpaq sahəsi üzərində icarə hüququna qismən xitam verilməsi barədə” Maraqlı şəxs2 başçısının 344 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin direktoru M.Məmmədovun müraciəti təmin edilməklə MMC-nin icarəsində olan 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 260.0 ha torpaq sahəsindən 30,34 ha üzərində və Abşeron rayonu, keçmiş Türkan üzümçülük sovxozu ərazisində yerləşən 104,128 ha torpaq sahəsindən 35,358 ha üzərində icarə hüququna xitam verilmişdir.
9. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 344 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 ilə İddiaçı MMC arasında 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşməklə xx.xx.2007-ci ildən başlayaraq 99 il müddətə icarəyə verilmiş 260.0 ha torpaq sahəsinin 30.34 ha hissəsində İddiaçı MMC-nin icarə hüququna xitam verilməklə 229.66 ha hisəsində icarə hüququnun qalan müddətdə saxlanmasına dair icarə müqaviləsi bağlanmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən “kənd təsərrüfatı təyinatlı” 229.66 ha torpaq sahəsi üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 392 A nömrəli, xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin sərəncamı əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla Maraqlı şəxs1 adına Şüvəlan qəsəbəsində yerləşən 0.0591 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3 mart 2023-cü il tarixli, 3-48-2F-01458/2023 nömrəli məktubla keçmiş Əzizbəyov RİHnin (indiki Xəzər rayon İH) arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 310/15 saylı qərarın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sərəncama əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs1 Əyyub oğluna Şüvəlan qəsəbəsində 2/19 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, evin tikintisinin təsdiq edilmiş 145-000-129 c tipli layihə əsasında aparılması qərara alınmışdır.
13. X1 və Ekspertiza Mərkəzi MMC tərəfindən məhkəmənin müraciətinə əsasən tərtib edilmiş 205 nömrəli, 13 dekabr 2024-cü il tarixli mütəxəssis rəyi ilə bildirilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının (indiki Cavabdeh) 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamı ilə 3-cü şəxs Maraqlı şəxs1 Əyyub oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi həmin dövrdə Əzizbəyov rayon İcra Hakimiyyətinin ərazi hüdudlarında yerləşməmişdir. **********96 reyestr nömrəsi ilə İddiaçı MMC-nin icarəsində olan Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 229,66 ha torpaq sahəsi ilə **********41 reyestr nömrəsi ilə Maraqlı şəxs1 Əyyub oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəaln qəsəbəsində yerləşən 0.0591 ha torpaq sahəsi tam olaraq üst-üstə düşür.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Hazırkı iddia Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamının etibarsız hesab edilməsi barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür.
22. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
23. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur.
24. Məhkəmə araşdırması zamanı hazırki işin hallarından müəyyən edilmişdir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 344 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 ilə İddiaçı MMC arasında “3 nömrəli Zeytun sovxozu ərazisində yerləşməklə xx.xx.2007-ci ildən başlayaraq 99 il müddətə icarəyə verilmiş 260.0 ha torpaq sahəsinin 30.34 ha hissəsində İddiaçı MMC-nin icarə hüququna xitam verilməklə 229.66 ha hisəsində icarə hüququnun qalan müddətdə saxlanmasına dair” icarə müqaviləsi bağlanmışdır. Cəmiyyətə icarə hüququ ilə məxsus olan torpaq sahəsi hazırki iş üzrə 3-cü şəxs Maraqlı şəxs1 Əyyub oğluna Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan sərəncamın etibarlılığı mübahisələndirilir. İddiaçının iddiasının dəlili həmin torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən yəni, ərazi hüdudları daxilində yerləşməyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılması olduğundan, məhkəmə bununla bağlı mütəxəssis rəyi əldə etmiş və əldə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının (indiki Cavabdeh) 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamı ilə 3-cü şəxs Maraqlı şəxs1 Əyyub oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi həmin dövrdə Əzizbəyov rayon İcra Hakimiyyətinin ərazi hüdudlarında yerləşməmişdir. **********96 reyestr nömrəsi ilə İddiaçı MMC-nin icarəsində olan Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 229,66 ha torpaq sahəsi ilə **********41 reyestr nömrəsi ilə Maraqlı şəxs1 Əyyub oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.0591 ha torpaq sahəsi tam olaraq üst-üstə düşür. Məhkəmə eləcə də qeyd edir ki, cavabdeh tərəfindən iddiaya qarşı etirazda mübahisəli torpaq sahəsinin 23 iyun 1993-cü il tarixli sərəncamı ilə 3-cü şəxs Maraqlı şəxs1 Əyyub oğluna ayrılması zamanı torpaq sahəsinin onların idarəçiliyində olması bildirilsə də, həmin sərəncam qəbul edilən zaman torpaq sahəsi cavabdehin idarəçiliyində olmamışdır. Belə ki, cavabdeh etiraz ərizəsində torpaq sahəsinin onların idarəçiliyinə Bakı şəhəri İHB-nin 23 fevral 1993-cü il tarixli, 1906 nömrəli sərəncamına əsasən verildiyini qeyd etsə də, əslində Bakı şəhər İHB-nin həmin sərəncamı 23 fevral 1993-cü il tarixli deyil, 23 noyabr 1993-cü il tarixlidir.
25. Beləliklə, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt sayıldığından, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayıldığından və heç bir hüquqi nəticə yaratmadığından, hazırki iş üzrə mübahisəli sərəncam səlahiyyəti olmayan, yəni onun inzibati ərazi hüdudları daxilində yerləşməyən inzibati orqan (keçmiş Əzizbəyov RİH) tərəfindən qəbul edildiyindən iddia tələbi təmin edilməklə həmin sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin tələbləri baxımından etibarsız sayılmalıdır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının (indiki Cavabdeh) 23 iyun 1993-cü il tarixli, 310/15 saylı sərəncamı etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva