Məhkəmə qərarları › İş №2-1(112)-14518/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14518/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14518/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı və qeyrisinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçılar X3 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi iddia tələbləri üzrə 2-1(112)-14391/2023 nömrəli inzibati iş üzrə icraatdan -İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərüfatı İdarəsi ilə bağlanmış 58 saylı müqavilə əsasında İddiaçı məxsus Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması, İddiaçı X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərüfatı İdarəsi ilə bağlanmış 59 saylı müqavilə əsasında X2 məxsus Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi bağ evinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair icraat 2-1(112)-14391/2023 nömrə ilə saxlanılması qərara alınmışdır. Hazıkı iş İddiaçı iddiası ilə bağlıdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən bağ sahəsi onun istifadəsindədir. Cavabdehin arxivində həmin müqavilənin aşkar edilməməsi iddiaçının təqsir sferasına aid deyil. Həmin sahə uzun müddətdir ki, faktiki istifadəsindədir. Cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatından imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, idarənin arxivində müqavilə aşkar edilməmiş, sahə ümumi hasar daxilində yerləşmiş, bağ sahəsi sxematik xəritədə aşkar edilməmiş, sovxoz ərazisində yerləşməklə əraziyə digər şəxsin müraciəti daxil olmuşdur. Qeyd olunanlara əsasən müraciətin təmini mümkün olmamışdır. Bu səbəbdən də iddia rədd edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Müqavilədən görünür ki, 0,10 ha ölçüdə torpaq sahəsi iddiaçıya ayrılmışdır. Məhkəmə qətnaməsindən, eləcə də yuxarı instansiya məhkəmələrinin qərarlarından görünür ki, həmin mqavilənin iddiaçıya məxsus olması faktı məhkəmə qaydasında tanınmışdır. Qətnamədən də görünür ki, iddiaçıya müqavilə əsasında torpaq sahəsinin ayrılması nəzərə alınaraq iddianın təmin edilməsi qərara alınmışdır. İmtinadan görünür ki, idarənin arxivində müqavilə aşkar edilməmiş, sahə ümumi hasar daxilində yerləşmiş, bağ sahəsi sxematik xəritədə aşkar edilməmiş, sovxoz ərazisində yerləşməklə əraziyə digər şəxsin müraciəti daxil olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh bağ sahəsinin digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsi, müqavilənin aşkar edilməməsi və digər imtina əsaslarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması icarə müqaviləsi əsasında həyata keçirilmişdir ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsi hər üç sənədin (order, qərar, icarə müqaviləsi) birgə mövcudluğunu şərtləndirmədiyindən, həmçinin müqavilə ləğv edilmədiyindən, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, həmin müqavilə iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin bağ sahəsinin ümumi hasar daxildində yerləşməsi imtina əsasları hazırki iddia tələbinin təmin edilməsini istisna etmir. Nəzərə alınmalıdır ki torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçıya mübahisəli torpaq sahəsi müvafiq müqaviləyən əsasən, bağ təsərrüfatının idarə edilməsinə məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin müqavilə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin müqavilənin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni müqavilə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Ümumi hasar daxilində yerləşmə də mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmədən, torpaq sahəsindən mülkiyyətçinin istifadə qaydaları ilə bağlı olan haldır. Yəni, mülkiyyətçi və istifadəçi həmin torpaq sahəsini hasarlamaq, ümumi istifadəyə vermək və s formada hüquqlarını həyata keçirmək hüququna malik olmuşdur ki, qeyd olunan formada istifadə mexanizmi hüququn qeydiyyatından imtina əsası hesab edilə bilməz. Digər tərəfdən cavabdeh həmin əraziyə digər şəxsin müraciətinin olduğunu qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı həmin şəxsin iddiaçının həyat yoldaşı olduğunu müəyyən etmişdir. İcraat ayrılmamışdan qabaq verilmiş iddia ərizəsindən də görünür ki, həmin şəxslər birgə təsərrüfat aparmaqla adıçəkilən torpaq sahələrinin adlarının keçirilməsinə, eləcə də hazırda mübahisəli torpaq sahəsinin iddiaçının adına keçirilməsinə iradə ifadəsini nümayiş etdirmiş,eləcə də hər iki şəxsin vəkili və nümayəndəsi olan şəxs də iddianın təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi digər şəxsin müraciəti ilə bağlı hal hər hansı hüquqi əhəmiyyət daşımamaqla, məhkəmə araşdırması zamanı müəyyən edilən iradə ifadəsi isə iddiaçının xeyrinə yekun aktın qəbuluna əsas yaratmışdır. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bu konteksdə qiymətləndirmə aparıldıqda nəzərə alınmalıdır ki, nə qədər ki həmin müqavilənin mötəbərliyinə şübhə olmamış, digər bir məhkəmə icraatı ilə həmin müqavilənin iddiaçıya məxsus olması faktı tanınmışdır sxematik xəritədə aşkar edilməmə, sovxoz ərazisinə düşmə formasında imtina dəlilləri də sənədin mötəbərliyi tanındığı müddətdə imtina əsası qismində qiymətləndirilməməlidir. Müqavilənin tarixindən də göründüyü kimi müqavilə məhz sovxoz əraziləri ilə bağlı məsələnin ictimai əhəmiyyətinin itirilməsi qanuni istifadəsində olan torpaq sahələrinin istifadələrinə verilməsi dövrünə təsadüf edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-255/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Qeyd olunan müqavilənin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-988/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi hala (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi) münasibətdə isə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə də olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bağlar Təsərrüfat İdarəsi ilə iddiaçı arasında bağlanılmış müqavilə əsasında Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar