Məhkəmə qərarları › İş №2-1(112)-1452/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1452/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1452/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına qarşı «doğum haqqında tibbi şəhadətnamənin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhəri Binəqədi RİH cavabdeh TƏBİB Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına qarşı «doğum haqqında tibbi şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyindən Bakı şəhəri Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət edilərək, 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən “Azərbaycan Uşaqları” İB-nin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzi”nə akt əsasında 22 fevral 2019-cu il təvəllüdlü oğlan uşağının yerləşdirildiyi, uşağın bioloji anası X2 24 noyabr 2019-cu il tarixdə qətlə yetirildiyi və uşağın qeyri-rəsmi nikah münasibətindən doğulduğu bildirilmiş və həmin oğlan uşağına doğum haqqında şəhadətnamə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Komissiya tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hazırda “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”ndə yaşayan oğlan uşağını X3 22 fevral 2019-cu il tarixdə doğmuş (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş uşağın 25 fevral 2019-cu il tarixli tibbi sənəd (forma 113)), uşağın anası 2 yanvar 2000-ci il təvəllüdlü X3 24 noyabr 2019-cu il tarixdə vəfat etmişdir (27 fevral 2020-ci il tarixli AZ-İİ 061440 nömrəli ölüm haqqında şəhadətnamə) və uşaq 25 noyabr 2019-cu il tarixdə Binəqədi RPİ 43-cü Polis Bölməsi tərəfindən sığınacağa yerləşdirilmişdir (25 noyabr 2019-cu il tarixli akt). Uşağın anasının şəxsiyyət vəsiqəsi olmadığından uşağın doğum haqqında tibbi şəhadətnamə (103 №-li forma) uşağın anasına verilməmişdir. Komissiyanın 7 iyun 2021-ci il tarixli 04/06-11-32/274 saylı sorğusuna cavab olaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş 22 iyun 2021-ci il tarixli 060-7491- 1221 saylı məktubda X2 şəxsiyyət vəsiqəsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid Məlumat-Axtarış Sistemində məlumatın tapılmadığı qeyd olunmuşdur. Komissiyanın 14 aprel 2022-ci il tarixli 04/06-11-32/142 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanasından daxil olmuş 21 aprel 2022-ci il tarixli PHŞ/1.1.3-2-2022-521 saylı məktubda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən doğum haqqında tibbi şəhadətnamə verilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar mütləqdir. Odur ki, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi üçün uşaq barədə doğum haqqında tibbi şəhadətnamə tərtib oluna bilmir. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 20 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli 225 saylı tibbi arayışa əsasən 22 fevral 2019-cu il tarixdə doğulmuş oğlan uşağı “Azərbaycan Uşaqları” İB-nin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzi”ndə yaşayır və həmin Poliklinikada qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən qəyyumluga və himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 7-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. İştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 10-cu maddəsinə əsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.3-cü bəndində doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin təqdim edilməli olduğu göstərilmişdir. Komissiyanın təşəbbüsü ilə doğum haqqında şəhadətnamə verilməsi üçün tələb olunan sənədlərin bir qismi əldə olunsa da, valideyn himayəsindən məhrum olan 22 fevral 2019-cu il təvəllüdlü oğlan uşağının doğumunu təsdiq edən tibbi şəhadətnaməni (103 №-li forma) əldə etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Komissiya tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na uyğun olaraq valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayan 22 fevral 2019-cu il təvəllüdlü oğlan uşağına doğum haqqında şəhadətnamənin digər vasitələrlə alınması mümkün olmadığından və mövcud sənədlərlə 22 fevral 2019-cu il təvəllüdlü oğlan uşağının mərhum X1 doğulması təsdiq edildiyindən hesab edilir ki, 22 fevral 2019-cu il təvəllüdlü uşağın anasının şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədən uşaq barədə doğum haqqında tibbi şəhadətnamənin (103 №-li forma) TƏBİB Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına təqdim edilməsi tələb edilməlidir. Göstərilənlərə və İPM-in 2, 34cü maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 10-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın müddəalarına əsaslanaraq, məhkəmədən TƏBİB Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən 22 fevral 2019-cu il təvəllüdlü oğlan uşağının mərhum anası X2 şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədən uşaq barədə doğum haqqında tibbi şəhadətnamənin (103 №-li forma) Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasına təqdim olunması edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 160.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə: - (2.2-ci bənd) Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər; - (2.3-1) Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər; - (2.5-ci bənd) Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: (2.5.1) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; (2.5.2) valideynlərin nikah haqqında şəhadətnaməsi; (2.5.3) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; (2.5.4) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; (2.5.5) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; (2.5.6) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 oktyabr 2001-ci il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş «Doğum haqqında tibbi şəhadətnamənin yazılması və verilməsi Qaydaları»nda göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi VVADQ orqanlarında doğum hallarının qeydə alınması üçün müasir tələblərə uyğun «Doğum haqqında tibbi şəhadətnamə» adlı AZS-103 saylı tibbi-statistik sənədi hazırlamış və təsdiq etmişdir. Doğum haqqında tibbi şəhadətnamə ana stasionardan çıxdıqda doğuşun baş verdiyi bütün tibb müəssisələri tərəfindən mama çarpayılarının olub və ya olmamasından asılı olmayaraq bütün diridoğulma hallarında verilir. Göründü kimi, vətəndaşlıq vəziyyəti aktlarının, o cümlədən doğumun qeydiyyatı həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğumun qeydə alınmasını və bu barədə “Doğum haqqında şəhadətnamə”nin əldə olunması isə, səlahiyyətli orqana (qeydiyyatı aparan quruma) valideynlər və ya onlardan biri, valeynlərin müəyyən səbəblərə görə müraciət etməsi mümkün olmadıqda qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər tərəfindən ərizə ilə müraciət olunmalı və ərizə ilə birlikdə həm də müvafiq tibb müəssisəsi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamə də təqdim edilməlidir. Qanunvericiliyin müvafiq normalarından görünür ki, uşağın doğumu haqqında akt qeydinin aparılması ilə bağlı müraciət etmək hüququ olan şəxslərin dairəsini müəyyən edilmişdir. Qanunvericilik bununla bağlı konkret şəxslərin adları ilə yanaşı “başqa şəxslər” deməklə bu dairəni geniş götürmüş, lakin bununla bağlı aidiyyəti olan və yaranmış hər bir vəziyyət üzrə şəxslərə hüquq vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, bu ardıcıllıq üzrə sadalanan subyektlərdən hər sonrakının müraciəti əvvəlkinin mövcud olmadığı təqdirdə mümkündür (məsələn, uşağın valideynləri olmadıqa, onun qohumları). Hazırkı işin hallarına görə uşağın valideynlərindən biri (anası) doğuşdan qısa müddət sonra vəfat etmiş, digər valideynin kimliyi məlum deyil, uşağın qohumları və qonçuları müəyyən edilmir, hətta onların bu işdə ola bilsin marağı da yoxdur. Bundan sonra yalnız doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslərin müraciəti mümkün ola bilər ki, “başqa şəxslər” də dedikdə bu sırada yerli icra hakimiyyəti yanında qəyyumluq və himayəçilik orqanı da yer ala bilər. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati mübahisənin predmeti “uşağın doğumu haqqında şəhadətnamə alınması” deyil, “uşağın doğumu haqqında tibbi şəhadətnamənin alınması”dır. Qanunvericilik normaları birbaşa həmin şəhadətnaməni almaq üçün müraciət etmək hüququ olan şəxslərin dairəsini müəyyən etməsə də, nəzərə alınmalıdır ki, publik hüququ sahəsi üzrə hər iki inzibati icraat bir-biri ilə bağlı, həm də birincisi digərindən (tibbi şəhadətnamənin alınmasından) asılıdır, məqsəd və mənafe baxımından da oxşar və kifayət dərəcədə əlaqəli məsələləri əhatə edir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir və məhkəmənin qənaətinə görə uşağın doğumun qeydiyyatının aparılması və doğum haqqında şəhadətnamənin verilməsi məsələsi üzrə müraciət etmək hüququ olan şəxslərin, “uşağın doğumu haqqında tibbi şəhadətnamə”ni də almaq hüququ var. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Binəqədi RİH (qurumun Qəyymluq və himayəçilik komissiyası) valideyn himayəsindən kənarda qalan və müvafiq sığınacaqda yerləşdirilmiş uşağın doğumu haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasın amüraciət etmiş, lakin cavabdeh uşağın anasının şəxsiyyətini təsdiq edən sənədin olmamasını əsas gətirərək, məsələnin həllindən imtina etmişdir. Uşağı anası X2 doğması isə, mübahisələndirilmir və məlum faktdır. Məhkəmə vurğulayır ki, uşağın doğumuna qədər onun anası X2 şəxsiyyət vəsiqəsi almaması və doğuşdan qısa müddət sonra vəfat etməsi cavabdehin tələb etdiyi sənədin alınmasının mümkünlüyünü ümumiyyətlə istisna edir. Xüsusilə nəzərə alınmalıdır ki, uşaqların, o cümlədən valideyn qayğısından kənarda qalmış uşaqlarların hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutulmaqla bu hüquqların təmin olunmasına şərait yaradılması bütün dovlət orqanlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, həmçinin aidiyyəti hüquqi və fiziki şəxslərin borcudur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinin tələblərinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 6-cı maddəsinə görə bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3-cü bəndinə görə (3.13.1) yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə uşaqlar və gənclərlə bağlı dövlət siyasətini həyata keçirir. Belə olan halda, məhkəmə dövlət məfeyi, ictimai mənafe və uşağın mənafeyi baxımından doğumun qeydiyyatının zəruriliyini və bununla əlaqədar tibbi şəhadətnamənin alınmasının mütləq olmasını nəzərə alaraq hazırkı işin hallarına münasibətdə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Binəqədi RİH-in müraciəti üzrə anasının şəxsiyyətini təsdiq ed\n sənəd olmadan aidiyyəti tibb müəssisəsi kimi cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən valideyn himayəsindən kənarda qalmış və müvafiq sığınacaqda yerləşdirilmiş uşağın doğumu haqqında tibbi şəhadətnamə verilməlidir. Odur ki, cavabdehin imtinası qanuni sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək 22 fevral 2019-cu il tarixdə doğulmuş oğlan uşağının mərhum anası X2 şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədən uşaq barədə doğum haqqında tibbi şəhadətnamənin (103 nömrəli forma) Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasına təqdim olunması edilməsi öhdəliyi cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 22 fevral 2019-cu il tarixdə doğulmuş oğlan uşağının mərhum anası X2 şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədən uşaq barədə doğum haqqında tibbi şəhadətnamənin (103 nömrəli forma) Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasına təqdim olunması edilməsi öhdəliyi cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar