Məhkəmə qərarları › İş №2-1(112)-1452/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1452/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1452/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, , cavabdehin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2006-ci il tarixli, 37795 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha, 10/3161 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ayrıc aktından kənarda yerləşir. Həmçinin torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə İddiaçı arasında bağlanmış Şüvəlan ərazisindəki 10/3161 saylı bağın istifadəyə verilməsinə dair 37705 saylı Müqavilə əsasında ona məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 10/3161 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş iımina qanunsuz və əsassızdır və həqiqətləri əks etdirmir. 10/3161 saylı torpaq (bağın) istifadəyə verilməsinə dair 37795 saylı Müqavilənin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmir və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan başqa, imtina məktubundan göstərilən digər hallar da Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanun 15-ci maddəsində göstərilən imtinanın əsaslan kimi müəyyən edilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində bağın nömrəsi 11 qeyd edilmişdir. “Tarixçi” bağçılıq-yoldaşlıq nəzdində 11 saylı bağ sahəsi digər fiziki şəxsin (X5) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəvəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, torpaq sahəsi heç bir bağçılığın ayrıc aktı daxilində yerləşmir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının hüquq sahibinin arvadı, başqa sözlə qanun üzrə birinci növbəli vərəsəsi olmaqla, eyni zamanda göstərilən bağ sahəsi birgə nikah dövründə əldə edildiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı oğlu arasında bağlanmış xx.xx.2006-ci il tarixli, 37795 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha, 10/3161 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaıçının müraciətini təmin etməkdən imtina etmiş, eyni zamanda aşağıdakı dəlillərə istinad edərəık iddia tələbinə etiraz edir:

1. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ayrıc aktından kənarda yerləşir.

2. Torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir.

3. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

4. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur.

5. İddiaçı tərəfindən təqdim edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində bağın nömrəsi 11 qeyd edilmişdir. “Tarixçi” bağçılıq-yoldaşlıq nəzdində 11 saylı bağ sahəsi digər fiziki şəxsin (X5) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar isə əsassızdır. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış müqaviləni təqdim edir. Cavabdeh həmin müqavilənin olmasını mübahisələndirmir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd etdiyi halları araşdırmaq üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizasının keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirlyiinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki: “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları massivində yerləşən 10/3161 nömrəli, 0.06 ha bağ sahəsinin Bölgü sxeminə əsasən aparılmış tədqiqat nəticəsində coğrafi yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Bağ sahəsi qərb tərəfdən yol ilə, cənub və şərq tərəfdən qonşu torpaq sahələri ilə, şimal tərəfdən isə X4 faktiki istifadəsində olan 39/3180 saylı bağ sahəsi ilə əhatə olunmuşdur. İddiaçı istifadəsində olan 10/3161 saylı, 0.06 ha bağ sahəsinin WGS-84 (UTM=39) koordinat sistemində olan coğrafi məkan göstəriciləri (koordinatlar) aşağıdakı kimidir: X Y 434626.525 4482358.965 434660.107 4482380.633 434668.664 4482367.939 434636.879 4482347.094

İddiaçı faktiki istifadəsində olan 0.06 ha bağ sahəsinin ölçüləri-şimalda uzunluğu 39.9 metr, cənubda 38 metr, şərqdə eni 15.3 metr, qərbdə isə 15.75 metr təşkil edir. Naturada coğrafi yerləşmə yeri müəyyənləşdirilən 10/3161 saylı 0.06 ha bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və ərazinin elektron məlumat bazasına əsasən digər şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşmə halı qeydə alınmamışdır. Naturada coğrafi yerləşmə yeri müəyyənləşdirilən 10/3161 saylı 0.06 ha bağ sahəsi təqdim edilmiş Bölgü sxemində qeyd olunan bağ sahəsi ilə ( 5 nömrəli ərazi) uyğunluq təşkil edir. Tədqiq olunan bağ sahəsi “Tarixçi” bağçılıq yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahəsinin Ayrıc aktı daxilində yerləşmir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən təqdim olunan 19 iyun 2006-cı il tarixli 37795 saylı müqaviləsinə əsasən tərtib olunan Bölgü sxemi “Tarixçi” bağçılıq yoldaşlıq cəmiyyətinə aid deyildir. Bağ sahəsinin qərb yol hissəsində mövcud daş hasardan 7.2 metr məsafədə bağ sahəsinə paralel olaraq 10 kv-luq iki dövrəli elektrik xətti keçir. 103 nömrəli qərara əsasən 6-10 kv-luq elektrik xəttinin mühafizə zonası 10 metr təyin edilmişdir. Bağ sahəsinin yoldan elektrik xəttinə paralel 2.8 metr eni x 15 metr uzunluğu olan hissəsi 6-10 kv-luq elektrik xəttinin mühafizə zonasına düşür. Bağ sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlar olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən üavilə üzrə vətəndaşlara xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulan bağ sahələridir. Ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla, bağ evinin tikintisi üçün nəzərdə tutulmuşdur”. Məhkəmə cavabdehin imtinasının 1-ci dəlili ilə bağlı qeyd edir ki, cavabdeh imtina məktubunda və etiraz ərizəsində torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyini qeyd etsə də, məhkəmənin torpaq sahəsinin hansı bağçılığın ayrıc katında kənarda yerləşməsi barədə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin heç bir bağçılığın ayrıc aktı daxilində yerləşməməsi hüququn qeydə alınmasından imtina üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, əgər iddia edilən torpaq sahəsi konkret olaraq hər hansı bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahələrindən (konkret olaraq hər hansısa BTK), o zaman cavabdehin imtinasını əsaslı hesab edilə bilərdi. Belə ki, hər hansı bir bağçılıq yoldaşlığa müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə müəyyən ölçüdə torpaq sahəlari ayrılır və həmin bağçılıq-yoldaşlıq isə ona ayrılmış torpaq sahələrinin hüdudlarından bağçılığın üzvlərinə torpaq sahələri ayırır. Bu zaman bağçılığa ayrılmış ayrıc aktı olur və həmin bağçılıq yalnız həmin ayrıc aktı daxilində olan torpaq sahələri barədə Sərəncam vermək səlahiyyətinə malikdir. Baxılan işdə isə iddia edilən torpaq sahəsi hər hansı bağçılıq yoldaşlığın (BTK) nəzdində deyildir. Göstərilən torpaq sahəsi Əzizbəyov rayonu, Şüvəlan bağlar sahəsi adlanan ərazidə yerləşməklə iddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi arasında bağlanmış müqviləyə əsasən ayrılmışdır. Torpaq sahəsinin bağlar sahəsində yerləşməsi və X2 və İstismarı Birliyi tərəfindən ayrılması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsi barədə cavabdehin imtinası əsassızdır. Cavabdehin ikinci imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin 1-ci dəlili ilə 2-ci dəlili ziddiyyət təşkil edir. Belə ki, cavabdeh həm torpaq sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsini bildirir, digər tərəfdən isə torpaq sahəsinin yerləşməsinin bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etdiyini qeyd etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Sxematik xəritə ilə bağlı uyğunsuzluq olduğu dəlilinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə 3-cü imtina dəlili ilə bağlı qeyd edir ki, bu hal torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Məhkəmə 4-cü halla bağlı qeyd edir ki, bu hal da torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş eksert rəyində torpaq sahəsinin yerləşməsini əks etdirən koordinatlar rəyə əlavə edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilən mütəxəssis rəyində torpaq sahəsinin faktiki yerləşməsini əks etdirən fotoşəkil, ortofoto görüntüsü və kordinatlar rəyə əlavə edilmişdir. Cavabdehin 5-ci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçınn iddia etdiyi torpaq sahəsinin “Tarixçi” Bağçılıq Yolşdalıq ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı bağçılıq-yoldaşlıq tərəfindən ona torpaq sahəsinin ayrılmasına, onun hər hansı bağçılığın üzvü olmasına istinad etmir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən təqdim olunan 19 iyun 2006-cı il tarixli 37795 saylı müqaviləyə istinad edir. Digər tərəfdən təqdim edilmiş rəylərə “Tarixçi” Bağçılıq Yolşdalığın ayrıc aktının hüdudlarını əks etdirən cizgilər əlavə edilmişdir. Təqdim edilən rəylərdən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi “Tarixçi” Bağçılıq Yolşdalığın ayrıc aktından kənarda yerləşir. Bu hal cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab məktubunda da öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində bağın nömrəsinin 11 qeyd edilməsi və torpaq sahəsinin “Tarixçi” bağçılıq-yoldaşlıq nəzdində olmasını qeyd edilməsi iddiaçının təqsiri deyil. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı: İddia təmin olunsun. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə İddiaçı arasında bağlanmış Şüvəlan ərazisindəki 10/3161 saylı bağın istifadəyə verilməsinə dair 37705 saylı Müqavilə əsasında Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 10/3161 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar