Məhkəmə qərarları › İş №2-1(112)-1453/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1453/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1453/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Məhərrəmova (Quliyeva) Gülnar Rafiq qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun əslinin bərpa edilməsi barədə iddia tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhərrəmova (Quliyeva) Gülnar Rafiq qızı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş A № 170710 (qeydiyyat nömrəsi № 210) ali təhsil haqqında diplomun bərpa edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh2 cavabdehlər sırasından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikkası Təhsil Nazirliyi Tovuz Dövlət İqtisadi Kollecində müəllim işləmişdir. Ancaq 2015-ci ilin iyul ayının əvvəllərində Kollecin direktoru onu yanına çağıraraq ondan ali təhsil barədə diplomun surətini istəmişdir. O, ondan diplomun nəyə lazım olduğunu soruşmuş, direktor isə bildirmişdir ki, işi ilə əlaqədardır və sonra həmin diplomu ona qaytaracaqdır. xx xxxx 2015ci il tarixdə isə onu yanına çağıraraq ona həmin tarixdən 40 saylı əmri təqdim edərək, onun işdən azad olunmasını bildirmişdir. O, ondan soruşmuşdur ki, nəyə görə belə olur. O, da ona bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona məktub göndərilmişdir ki, onun diplomu düzgün verilməmişdir. Həmin əmrin əsaslandırıcı hissəsində isə Təhsil Nazirliyinin xx-xx-8494/18 nömrəli, xx.xx.2014-cü il tarixli, xx-xx- 2122/18 nömrəli, xx.xx.2015-ci il tarixli məktubları, Pedoqoji Şuranın və Həmkarların qərarı əsas götürülmüşdür. O, həmin əmri götürdükdən sonra bununla əlaqədar, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməli olmuş və diplomun özünə qaytarılmasını xahiş etmişdir. Ona bildirmişlər ki, diplom onlarda deyildir və xx xxxxxx 2012-ci il tarixli, Q- 2349/0427 saylı məktubla bildirmişlər ki, Təhsil Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən adına yazılmış A № 170110 (qeydiyyat nömrəsi № 210) diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nümunəli sənəddir. Ona məktub həmin dövrdə nazirliyin aparatının rəhbəri İlham Pirməmmədovun imzası ilə daxil olmuşdur. Eyni zamanda ona bildirmişlər ki, onun diplomu onlara verilməmişdir və ondan kim tələb edibsə ondan tələb edə bilər. O, yenidən Cavabdeh2 direktoru R.Qənbərova müraciət etmişdir. O, da diplomun Nazirlikdə olduğunu bildirmişdir. Beləcə, o, iki təşilatın arasında qalmışdır. Başqa təşkilatlara da müraciət etmiş və təşkilatların hamısı onun məktublarını tədbir görülməsi üçün Nazirliyə göndərsələr də, indiyə kimi heç bir tədbir görülməmişdir. O, bununla əlaqədar vəkilə müraciət etmişdir. Vəkili tərəfindən iki dəfə Nazirliyə sorğu göndərilmişdir. Nəhayət, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vəkilinə gələn xx.xx.2019-cu il, 13-13-462/10 saylı (poçtla xx.xx.2019-cu il tarixdə daxil olmuşdur) sorğuya göndərilən cavab da həmin ona məxsus olan diplomun yoxlanıldığını və həmin diplomun dövlət nümunəli olmadığının müəyyən edilməsi göstərilmişdir. Hesab edir ki, Nazirliyin cavablarının arasında ciddi ziddiyyətlər vardır. Belə ki, Nazirliyin sorğuya cavab olan xx.xx.2019-cu il, 13-13-462/10 saylı məktubunda o da, göstərilmişdir ki, guya Nazirlikdən ona göndərilən xx.xx.2019-cu il tarixli, 13-13-462/10 saylı məktub Təhsil Nazirliyi tərəfindən təqdim edilməmişdir. Bundan əlavə Nazirliyin ona göndərdiyi xx xxxxxx 2012-ci il tarixli, Q-2349/0427 saylı məktubda Azərbaycan Beynəlxalq Universiteti tərəfindən ona veirlən diplomdan söhbət getdiyi halda Tovuz Dövlət İqtisad Kolleci tərəfindən verilən xx.xx.2015-ci il tarixli, 40 saylı əmrdə söhbət Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən verilmiş diplomdan söhbət gedir. Belə çıxır ki, onun qanunvericilikdə nəzərdə tutulan qanuni hüquqları ciddi şəkildə pozulmuşdur və nazirliklə kollec arasında onun ali təhsil diplomunun qəsdən ondan alınaraq işdən azad edilməsi barədə nazirliklə kollec arasında əlaqə vardır. Çünki, onun diplomu etibarsız elan edilməmiş və ona qaytarılmır. Nazirlik tərəfindən vəkilin sorğusuna göndərilənləri əsassız sayır və onun diplomu bərpa edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan A № 170710 nömrəli, 210 qeydiyyat nömrəli, 2008-ci il tarixli bakalavr diplomun surətindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının xx xxxx 2008-ci il tarixli, 3/628-1 nömrəli əmri (qərarı) ilə “Maarif, tarix və ictimaiyyət” ali peşə istiqaməti üzrə Azərbaycan Beynəlxalq Universiteti tərəfindən bakalavr dərəcəsi verilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən verilmiş 40 nömrəli, xx.xx.2015-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 46-03-556/16 nömrəli, xx.xx.2014-cü il tarixli məktubla Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialının diplom əsasında çalışan pedaqoji və texniki heyətin siyahısını və onların diplomlarının surətlərinin yoxlanılması üçün Nazirliyə təqdim edilməsi xahiş edilmişdir. Həmin məktuba cavab olaraq kollec rəhbərliyi kollecdə işləyən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş pedaqoji və texniki heyətin siyahısını Nazirliyə təqdim etmişdir. Nazirliyin xx-xx-8494/18 nömrəli, xx.xx.2014-cü il tarixli və xx-xx-2122/18 nömrəli, 09.4.2015-ci il tarixli məktublarına əsasən İddiaçı diplomu dövlət sənədi olmadığı təsdiqlənmişdir və həmin məktublar Pedaqoji Şurada və Həmkarlar İclasında müzakirə edilərək onun işdə qalması məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı diplomu Təhsil Nazirliyi tərəfindən tanınmadığı üçün Əmək Məcələsinin 75-ci maddəsinin (d) bəndin əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdən xitam verilmişdir. Əmrə əsas kimi, Təhsil Nazirliyinin xx-xx-8494/18 nömrəli, xx.xx.2014-cü il tarixli, xx-xx- 2122/18 nömrəli, xx.xx.2015-ci il tarixli məktubları, Pedaqoji Şuranın və Həmkarların qərarı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, ididaçının Təhsil Nazirliyinə ünvanlanmış müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən adına yazılmış A № 170710 (qeydiyyat nömrəsi № 210) diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nümunəli sənəddir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli məktublardan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd olunan məsələnin araşdırılması üçün təhsil sənədlərinin əsli ilə birlikdə Təhsil Naziliyinə gəlməsi zəruridir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliy tərəfindən 9 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 13-13-462/10 nömrəli məktubdan görünür ki, İddiaçı adına verilmiş 2008-ci il tarixli, A-17710 nömrəli diplom yoxlanılmış və dövlət nümunəli olmadığı müəyyən edilmşdir. İddiaçı həmin diplomun dövlət nümunəli olması barədə Q- 2349/0427 nömrəli, xx.xx.2012-ci il tarixli məktub Təhsil Nazirliyi tərəfindən təqdim edilməmişdir. Bununla yanaşı bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 09/xx-xx/2385 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, xx xxxxxx 1985-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu:1F80L5Q) 2003, 2004 və 2005-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində Dövlət İmtahan Mərkəzi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 18-18-56/12 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən 2008-ci ildə İddiaçı adına yazılmış A seriyalı, 170710 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Eyni zamanda bildirmişlər ki, A seriyalı 170710 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən heç bir təhsil müəssisəsinə verilməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Hazırki mübahisədə iddiaçının 2003, 2004 və 2005-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etməsi, lakin, heç bir təhsil müəssisəsinə qəbul olmaması, ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının xx xxxx 2008-ci il tarixli, 3/628-1 saylı qərarı ilə “Maarif, tarix və ictimaiyyət” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında A seriyalı № 170710 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir və həmin diplomun bərpa edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun xx xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar