Məhkəmə qərarları › İş №2-1(112)-1453/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1453/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1453/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 14 sentyabr 2014-cü il tarixdə 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hazıradək fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 03.02.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun 30 noyabr 2015-ci il tarixdə 61 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, həmin müraciətinin nəticəsi barədə 29 iyul 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güya sənədlərin əslinin təqdim etmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. O, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsində zərərli işlə yəni “Neftin və suyun kompleks hazılanması və nəqli sexində təmirçi çilingər, nasos qurğularının maşinisti, susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifələrində 02 iyun 2003-cü ildən 11 aprel 2018-ci il tarixədək işləmiş. Əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən 2006cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 60 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Onun 60 yaşı 15.09.2014-cü il tarixdə olmuşdur. O, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, 30 mart 2011-ci il tarixdən 24 iyun 2015-ci il tarixə qədər dövrlər ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşınisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetininin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun 12 il 06 aydan az təşkil edir. O, 30 mart 2011-ci il tarixdən 24 iyun 2015-ci il tarixə qədər dövrlər ərzində zərərli işlə məşğul olmağının dəqiqləşdirilməsi barədə işlədiyi “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsinə mücaciət etmiş, cavab olaraq ona bildirildi ki, həmin dövrlərdə olan əmək fəaliyyəti zərərli işlə məşğul olmuş və “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmuş vəzifələrlə əmək şəraiti eynilik təşkil edir. O, yenidən 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ 2011-ci il tarixdən təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdi. Lakin, 29 iyul 2020-ci il tarixdə poçt vasitəsi ilə cavab olaraq formal əsaslarla sənədləri geri qaytarılmışdır. Əmək fəaliyyəti 1976-ci ildən başlayaraq 2018-ci il tarixə qədər davam etmişdir ki, ümumilikdə 30 ildən artıqdır. Əmək stajının 12 il 06 aydan artıq zərərli işlə məşğul olmuşdur. Əmək stajının təxminən bütün 15 il müddətini təmirçi çilingər, nasos qurğularının maşinisti, susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifələrində işləmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının idarəyə təqdim etdiyi 11 may 1976-cı il tarixli ЭТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 30.03.2011- 24.06.2015-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısnda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddia tələbində qeyd olunan ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbi əsassızdır və qanunvericiliyin tələblərinə zidd olduğu üçün təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onun almaq hüququ yarandağı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə şifahi məhkəmə baxış iclası 06 may 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 28 aprel 2020-ci il tarixli № **********7 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının idarəyə təqdim etdiyi 11 may 1976-cı il tarixli ЭТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 30.03.2011-24.06.2015-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində qeyd etdiyi əsaslarla yenidən hesablanması mümkün hesab edilmir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən İddiaçı ünvanladığı 30.12.2019-cu il tarixli № **********9 saylı məktubundan görünür ki, iddiaçıya 15.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur və hal-hazırda 251.02 manat pensiya alır. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu halda Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən İddiaçı ünvanladığı arayışdan görünür ki, o, həqiqətən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək təmirçi çilingər peşəsində işləyib. «Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi»nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində «təmirçi çilingər» peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 30.03.2011-ci il tarixdən 09.04.2014-cü il tarixədək və Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək «nasos qurğularının maşinisti» — peşəsində işləyib. «Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi»nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində «nasos qurğularının maşinisti» peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına NQÇİ tərəfindən 26.10.2020-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, NQÇİ-nin keçmiş işçisi İddiaçı işlədiyi nasos qurğusunun maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın Xİİ «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı yarımbölməsində nəzərdə tutulmamışdır. Lakin nasos qurğularının maşinistinin icra etdiyi işlər 2 №-li siyahının həmin bölmə və yarım bölməsində nəzərdə tutulan texnoloji nasosların maşinisti (kod: 20130200a-14259) peşəsinin icra etdiyi işlərlə oxşardır. Belə ki, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların maşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. İddiaçı işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir. Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası hissə 36-ya (Bölmə: Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət) əsasən texnoloji nasosların maşinisti peşəsinin əsas icra etdiyi işlər neft və qaz emalı müəssisələrində, magistral neft kəmərlərində və ötürücü neft bazalarında neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulması üçün olan nasoslara xidmət etməkdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən İddiaçı ünvanlanmış 08 aprel 2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək texnoloji qurğuların təmirində «təmirçi çilingər», həmin sexdə 30.03.2011-ci il tarixdən 01.01.2012-ci il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sexində 01.01.2012- cı il tarixdən 09.04.2014-cü il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək texnoloji proseslərin aparılmasında «nasos qurğularının maşinisti», həmin sahəsində 24.06.2015-cı il tarixdən 12.04.2018-ci il tarixədək «susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru» peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» (fəhlələr) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. İşdə olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 06.05.1976-ci il tarixdən 26.01.1984-cü il tarixədək 3-cü dərəcəli sürücü, 26.01.1984-cü il tarixdən 29.07.1993-cü il tarixədək 2-ci dərəcəli sürücü vəzifəsində işləmiş, 23.02.2002ci ildən 14.05.2002-ci ilədək “Zəka” Müstəqil Kiçik müəssisəsində təchizatçı vəzifəsində işləmiş, 02.06.2003-cü ildən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmiş, 30.03.2011-ci il tarixdən nasos qurğularının maşinisti peşəsində, 24.06.2015-ci ildən 12.04.2018-ci il tarixədək susuzlaşdırma və duzlaşdırma qurğusunun operatoru peşəsində işləmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1954-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajının 12 il 6 aydan az olması bildirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın mahiyyəti: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a) şəxsin 60 yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi 30 noyabr 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. İddiaçıya 15.03.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda ümumi və güzəştli iş stajının tamamlandığı 30 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini xahiş edir. İş üzrə araşdırılmış hallardan görünür ki, işin mübahisələndirilməyən halları iddiaçının 30 noyabr 2015-ci il tarixədək ümumi iş stajının 25 ildən çox olması və pensiya kapitalının mövcudluğu ilə bağlıdır. İşin mübahisələndirilən halı - cavabdehin imtinasının əsası iddiaçının zəruri iş stajının olmaması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasından, Socarın arayışlarından görünür ki, iddiaçı 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək H.Z. Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində təmirçi çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” (fəhlələr) bəndinə əsasən təmirçi çilingər peşəsi əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək stajı sayılır. İddiaçı sözügedən İdarədə 30.03.2011-ci tarixdən 24.06.2015-ci tarixədək nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Cavabdehin mübahisələndirdiyi hal nasos qurğularının maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması ilə bağlıdır. Belə ki, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ında texnoloji nasosların maşinisti peşəsi qeyd edilmişdir. Lakin iddiaçı nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Məhkəmə nasos qurğularının maşinisti peşəsinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli peşə sayılıb sayılmaması ilə bağlı araşdırma aparmaq məqsədilə işəgötürənə müvafiq sorğular ünvanlamışdır. Sorğuya cavab məktubundan aydın olur ki, nasos qurğularının maşinistinin icra etdiyi işlər texnoloji nasosların maşinisti peşəsinin icra etdiyi işlərlə oxşardır. İddiaçı işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir.Həmçinin, nasos qurğularının maşinisti və texnoloji nasosların maşinisti peşəsinin xüsusiyyətləri barədə məlumat sorğuya cavab məktubuna əlavə edilmişdir. Göründüyü kimi, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların maşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. Həmçinin, “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin 24 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, «Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi»nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində «nasos qurğularının maşinisti» peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi nasos qurğularının maşinisti peşəsi xüsusiyyətlərinə görə zərərli peşə olduğundan, işlədiyi müddət ərzində də işəgötürən tərəfindən zərərli sahədə işləməsi ilə əlaqədar olaraq güzəştlər tətbiq edildiyindən cavabdehin imtina əsası sosial ədalət prinsiplərinə uyğun deyildir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 30.11.2015-ci il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının yaşı 61-dən çox olmuş, lakin o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün zəruri olan şərtləri 30.11.2015-ci il tarixdə tamamladığından, ona həmin tarixdən pensiya təyin olunmalıdır. İddiaçı tələbində həmçinin, 30.11.2015-ci il tarixdən pensiya təyin edilməsi nəticəsində yaranmış fərqin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 15.02.2020-ci il tarixdə (iş materiallarında olan poçt qəbzinə əsasən) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 15.02.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, iddiaçı 15.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı 30 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (15.02.2020) geriyə 3 il üzrə yəni, 15.02.2017-cı il tarixindən pensiya məbləğinin 15.03.2018-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı 30 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (15.02.2020) geriyə 3 il üzrə yəni, 15.02.2017-ci il tarixindən pensiya məbləğinin 15.03.2018-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar