Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1453/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədləri geri qaytarılır. xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının icrası ilə bağlı olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçıya inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. Sonradan iddiaçı yenidən cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının eyni məzmunlu müraciətinə 4/3-6051 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və 804 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.19N9-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsüdür, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayonu Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi biganə cavab verərək ona qarşı süründürməçilik etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır. Belə ki, o, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir və ona veteran vəsiqəsi qanuna müvafiq olaraq müdaxiləsiz verilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci tarixli, 11/40N6 nömrəli iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir (cavabdeh iddiaçının bu müraciətini təkrar müraciət kimi qiymətləndirib baxılmamış saxlanılma haqqında qərar qəbul etmədiyindən məhkəmə cavabdehin məktubunu mahiyyəti üzrə imtina kimi qəbul edir). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 2N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 2N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Normadan aydın olur ki, hərbi qulluqçuya 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, döyüş zonasında hərbi xidmət keçməli;
2. döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalıdır. İşdən görünür ki, iddiaçı bu tələblərdən hər ikisini ödəyir. Belə ki, iş materiallarında olan EZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 2000-ci ildə qoşun kəşfiyyatı ixtisası üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. Müdafiə Nazirliyinin 011N Rt nömrəli xx.xx.2009-cu il tarixli əmri ilə iddiaçıya mayor hərbi rütbəsi verilmişdir. İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə kimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində müdavim, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissədə xüsusi təyinatlı tağım komandiri, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə qədər həmin hərbi hissədə xüsusi təyinatlı bölük komandiri, xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək N saylı hərbi hissədə xüsusi təyinatlı bölük komandiri, xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, xx.xx.2006-cı ildən xx.xx.200N-ci il tarixədək N saylı hərbi hissədə MTK-nın MTT üzrə müavini, xx.xx.200N-ci ildən xx.xx.200N-ci il tarixədək həmin hərbi hissədə MT qərargah rəisinin MTT üzrə köməkçisi, xx.xx.200N-ci ildən xx.xx.2008-ci il tarixədək həmin hərbi hissədə MTK-nın müavini, xx.xx.2008-ci ildən xx.xx.2012-ci il tarixədək həmin hərbi hissədə MT qərargah rəisi, xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixədək N saylı hərbi hissədə MT qərargah rəisi vəzifələri üzrə çalışmışdır. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 952 nömrəli Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında arayışından görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı 16 avqust 2008-ci il tarixdə xidmət etdiyi taborda gecə döyüş postlarını yoxlayarkən yıxılmış və “Qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) alınmışdır: döyüş tapşırığını yerinə yetirərkən. N nömrəli Hərbi Hissənin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli 1852 saylı arayışının surətindən görünür ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyi dövr Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların pensiya təminatı" haqqında xx.xx.2004-cü il tarixli 122 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 553 nömrəli əmrinə əsasən pensiya təminatı zamanı 1 (bir) gün hərbi xidmət 2 (iki) gün hərbi xidmət kimi hesablanır. Belə ki, hərbi hissə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında olan dövlət sərhəddində yerləşir və müvafiq döyüş tapşırığını yerinə yetirir. N nömrəli hərbi hissəsinin N fevral 2023-cü il tarixli, 288 nömrəli məktubuna əsasən, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. O, N nömrəli hərbi hissədə xidmət keçdiyi müddət ərzində hərbi hissə bilavasitə düşmənlə təmas xəttində olduğu üçün döyüş tapşırığı yerinə yetirmişdir. İddiaçı Rəfail oğlunun xidmət keçdiyi müddət ərzində xəsarət alıb-almaması barədə qeydiyyat aparılmış sənədlər müvafiq qaydaya uyğun olaraq məhv edildiyi üçün bu barədə məlumat verilməsi mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 11 dekabr 200Nci il tarixli 0113 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, “döyüş şəraiti" dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulmuşdur. Müvafiq döyüş tapşırığına uyğun olaraq, əsas müdafiə zolağı boyunca açılmış və düşmənlə bilavasitə təmas şəraitində müdafiədə duran, Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilmişdir: 3-cü Ordu Korpusu (NNN, 065, N saylı hərbi hissələr istisna olmaqla). İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3029/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin səbəb əlaqəsinin təyin edilməsi” barədə iddiası təmin edilmiş, İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Məhkəmə qərarında göstərilmişdir ki, “Məhkəmə qeyd edir ki, cavabdeh xəsarətin səbəb əlaqəsini hərbi hissənin xx.xx.2015-ci il tarixli 699 saylı travma haqqında arayışına əsasən təyin etmişdir. Lakin hərbi hissənin müvafiq arayışlarından görünür ki, iddiaçı xəsarət aldığı zaman xidmət etdiyi hərbi hissə Azərbaycan Respublikası ilə Ermənistan arasında olan dövlət sərhəddində yerləşir və müvafiq döyüş tapşırığını yerinə yetirir. Göründüyü kimi, iddiaçı xəsarəti döyüş tapşırığını yerinə yetirərkən almışdır və iddiaçının aldığı xəsarət, onun alınma şəraiti və döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olması hərbi hissənin travma haqqında arayış ilə öz təsdiqini tapır. Lakin cavabdeh özünün xidməti vəzifəsinə uyğun olaraq xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilməsi üçün lazımi araşdırma aparmamışdır. Həmin Hərbi Hissənin 952 saylı xx.xx.2019-cu il tarixli Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında arayışdan da görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdə xidmət etdiyi taborda gecə döyüş postlarını yoxlayarkən yıxılmış və “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətini almışdır, xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı xəsarəti döyüş tapşırığını yerinə yetirən hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı üçün onun aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin N.2-ci bəndinin «a» yarımbəndınə tələblərinə əsasən «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməlidir.” İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 195 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDXnin Laçın rayon bölməsinin xx.xx.2019-cu il tarixli 48 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 49 nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 699 nömrəli travma haqqında arayışı, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2-1(112)-3029/2021 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Anadangəlmə inkişaf qüsuru: qulaqcıqlararası çəpərin defekti, l (birinci) funksional sinif ürək çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (SQ Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2N32 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirən hərbi hissədə xidmət etmiş və bu zaman xəsarət almışdır. Bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapmış, iddiaçı “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin N.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2021-ci il tarixli 195 saylı qərar qüvvədədir və ləğv edilməmişdir. Beləliklə, istinad olunanlara əsasən iddiaçının N nömrəli hərbi hissədə xidmət edərkən döyüş tapşırığını yerinə yetirməsi və bu zaman xəsarət alması iş materialları ilə tam təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. İşdən görünür ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, onun xidmət etdiyi N saylı hərbi hissənin xx.xx.2008-ci il tarixdə döyüş əməliyyatları aparmamasına və travma almasının döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının icrası ilə bağlı olmamasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin birinci dəlili, yəni N saylı hərbi hissənin xx.xx.2008-ci il tarixdə döyüş əməliyyatları aparmaması özünü təqdim etdiyi xx.xx.200N-ci il tarixli əmr ilə təkzib olunur. Belə ki, yuxarıda da istinad edildiyi kimi, həmin əmrdə “döyüş şəraiti"nə anlayış verilmiş və “döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparmasının nəzərdə tutulması müəyyən edilmişdir. Həmçinin əmrdə əsas müdafiə zolağı boyunca açılmış və düşmənlə bilavasitə təmas şəraitində müdafiədə duran 3-cü Ordu Korpusu xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilmişdir, hansı ki, N saylı hərbi hissə də həmin ordu korpusuna daxil olmuşdur. İddiaçının aldığı travmanın döyüş əməliyyatları ilə bağlı olmamasına gəldikdə, məhkəmə qeyd edir ki, döyüş əməliyyatları bilavasitə əməliyyatın həyata keçirilməsini, düşmənlə üz-üzə mübarizəni deyil, həmçinin döyüş əməliyyatlarının icrasının təşkilini də özündə ehtiva edir. İstinad olunan əmrə görə cavabdeh özü döyüş şəraitində olan hərbi hissəni bilavasitə düşmənə qarşı duran və faktiki döyüş əməliyyatı aparan hərbi hissə kimi təsnifləşdirmişdir. İddiaçı da belə bir hərbi hissədə xidmət etməklə xəsarət aldığından və müvafiq qaydada şəhadətləndirildiyindən məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, N5.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova