Məhkəmə qərarları › İş №2-1(112)-1453/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1453/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1453/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Zeynalabdi qızının Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq sovxozuna məxsus olmuş 0,02 ha torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin Sabunçu rayon İcara Hakimiyyətinin üzərinə qoyulması qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonun İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Bakı şəhəri Ramana qəsəbəsi ərazisində yerləşən Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq sovxozunda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyatyanı torpaq fondundan İddiaçı 0,02 hektar torpaq sahəsi, fərdi ev tikintisi üçün verilibdir. Göstərilən torpaq sahəsinə cizgini verilməsi üçün Cavabdehnə müraciət etsə də müraciəti təmin edilməyibdir. Cavabdeh imtina məktubunda bildirir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurum tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatlar Cavabdehnə təhvil verilmədiyindən ona ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ona ayrılmış 0,2 ha torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin bildirmək istəyirik ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edirik ki, imtinamız əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Məhkəmə iclasında iştirak edən iddiçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli 780 nömrəli arxiv arayışı ilə təqdim edilmiş Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrinə əsasən İddiaçı fərdi ev tikmək üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı müəssisəsinin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0.02 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kaadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********13 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş ilə hasarlanmışdır. Üç tərəf qonşu, bir tərəf yoldur. Faktiki sahəsi 235.0 kv.m təşkil edir. Həmçinin torpaq sahəsinin yol sərhəddi boyunca 25 metr məsafədən yeraltı neft kəməri keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda sahə bütövlüklə neft kəmərinin mühafizəsində yerləşir. Sahənin qeydiyyatı barədə bazada məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kaadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-52955/2024 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən” müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 200.0 kv.m, faktiki 235.0 kv.m təşkil edir. S.Əliyev adına Damazlıq Sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Faktiki sahəsi bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir. Faktiki sahə 235 kv.m təşkil edir və bu sahəyə dair cizgi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsin 1 tərəfdən yol, 3 tərəfdən qonşu ilə sərhəddir. Mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsi 35.0 kv.m artıqdır. Göstərilən torpaq sahəsi ilə bağlı yerləşmə sxemi və ya cizgisi təqdim edilməmişdir. Torpaq sahəsinin yol sərhədi boyunca təxminən 25.0 m məsafədən yeraltı neft kəməri keçir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kaadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-S-01xx-xx/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2025-ci il tarixli təqdim edilmiş ortofoto görüntüdən məlum olur ki, İddiaçı Zeynalabdi qızı ilə qonşuluqda yerləşən 2 torpaq sahəsi **********03 reyestr nömrəsi, **********55 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 685123 nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.1 ha sahəsi olan **********03 reyestr nömrəli torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1169 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli F-582 nömrəli arxiv çıxarışı ilə təqdim edilmiş Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrinə əsasən X3 fərdi ev tikmək üçün ailə tərkibi nəzərə alınmaqla 0.10 ha torpaq sahəsi ayrılmışdır. -MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Abşeron rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.10 ha sahəsi olan həyətyanı **********43 reyestr nömrəli torpaq sahəsi xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə Hüseynov Emil Vəkiloviçin adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 100 nömrəli vərəqində qeydiyyata alınmışdırş - Abşeron rayon Dövlət Arxivinin xx.xx.2007-ci il tarixli 1349 nömrəli arxiv çıxarışı ilə təqdim edilmiş Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 xx.xx.2000ci il tarixli 06 nömrəli əmrinə əsasən Hüseynov Emil Vəkil oğluna fərdi ev tikmək üçün ailə tərkibi nəzərə alınmaqla torpaq sahəsi ayrılmışdır. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-18/2-Ə-489-091/2023 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli, 06 nömrəli əmri ilə sovxoz ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən əmr dövlət arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin keçmiş S.Əliyev adına Damazlıq Sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış ərazisinin hüdudları daxilində olmaqla, dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin kənd təsərrfatlı təyinatlı olduğu qeyd edilsə də iddia olunan torpaq sahəsinin qonşuluğunda **********03 reyestr nömrəsi, **********55 reyestr nömrəli əmlakların olduğu və həmin torpaq sahələrinin də Sovxoza aid əmr əsasında ilkin qeydiyyata alındığı və həmin torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələri torpaqları olaraq qeyd edilmişdir. Eyni zamanda ərazinin ortofotogörüntüsündə də sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur. Eyni zamanda torpaq sahəsinin yol sərhəddi boyunca təxminən 25.0 m məsafədən yeraltı neft kəmərinin keçməsi iddiaçıya ayrılmış torpaq sahəsinə dair onun yerləşmə sxeminin verilməsi üçün maneə deyildir. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli, 06 nömrəli əmri hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış 200 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli, 06 nömrəli əmri əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar