Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14531/2025 17.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Cavabdehnə qarşı “əlavə torpaq sahəsinin ayrılmasına dair inzibati aktın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 6, ev 11 (Yeni qaydalarla: AZ 1067, BaKı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan 0,0277 ha torpaq sahəsinə bitişik 0,02 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Suraxanı rayonu Cavabdeh xx.xx.2003-cü il tarixli, 94 saylı Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.0277 hektar torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Torpaq və Xətitəçəkmə Komitəsi tərəfindən JN-11026H nömrəli Şəhadətnamə verilmişdir. Daha sonra iddiaçıya ayrlmış torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Onun müraciəti əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına ********** nömrəli xx.xx.2024-cü il tarixli mülkiyyət çıxarışı (daşınmaz əmlakın ümumi sahəsi 148.60, torpaq sahəsinin ölçüsü 0.0277 hektar) verilmişdir. Bundan sonra iddiaçı Cavabdehnə məktubla müraciət edərək mülkiyyətində olan 0.0277 hektar torpaq sahəsinə bitişik olan və 0.02 hektar torpaq sahəsinin onun mülkiyyətinə ayrıması haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 224 nömrəli məktub ilə müraciətinin icrasından imtina etmişdir. İmtinanya əsas kimi qeyd edilmişdir ki, bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən torpaqların özəlləşdirilməsinin dayandırılıdığından, bu məsələ bələdiyyənin səlahiyyəti xaricindədir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş ”Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu maddəsinə əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən, bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən (bundan sonra 1184 nömrəli Fərman), yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Beləliklə, 1184 nömrəli Fərman, Əsasnamənin 7-ci bəndinə uyğun olaraq (yəni, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi məqsədilə) bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyə qərarının qəbul edilməsi halına aiddir. Hazırkı mübahisə isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16-cı maddəsinə və Əsasnamənin 10-cu bəndinə uyğun olaraq, fərdi yaşayış və bağ evinin tikintisi üçün qeyri-qanuni istifadə edilən qifavüm) qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpağının fiziki şəxsdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlıdır. Oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-835/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Məhkəmə iddianın mahiyyəti ilə bağlı hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Suraxanı rayonu Cavabdeh xx.xx.2003-cü il tarixli, 94 saylı qərarı ilə satılmış 0,0277 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Çıxarışdan görünür ki, Bakı Şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 6, ev 11 (Yeni qaydalarla: AZ 1067, BaKı şəhəri, ünvan 1 ünvanında yerləşən 148,6 kv.m fərdi yaşayış evi və 0,0277 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin ayrılması Cavabdeh səlahiyyətləri xaricindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 6, ev 11 (Yeni qaydalarla: AZ 1067, BaKı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0277 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mülkiyyətində olan həmin torpaq sahəsinə bitişik 0.02 ha əlavə torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə bələdiyyənin üzərinə öhdəlik qoyulması barədədir. Məhkəmə hesab edir ki, hazırkı iddianın təmini əsası mövcud deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlə tmülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilikdə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur: bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. İddiaçı torpaq sahəsinin geri qaytarılmasının mümkünsüzlüyünün əsası kimi torpaq sahəsinin 22 ilə yaxındır ki onun istifadəsində olduğuna, həmin torpaq sahəsinə dair hər hansı şəxsin iddiasının olmaması ilə əsaslandırır. Buna münasibətdə Məhkəmə bildirir ki, iddiaçı mülkiyyətində ona ayrılmasını tələb etdiyi torpaq sahəsi üzərində hər hansı tikilinin olmasını, habelə tikili olduğu halda, bu tikilinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək inşa etdiyini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir. Bununla bağlı qeyd edilməlidir ki, İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Hazırkı halda da cavabdeh torpaq sahəsinin ayrılmasına münasibətdə öz mövqeyini nümayiş etdirmişdir ki, iddiaçı tərəfindən istifadə olunan əlavə 0,02 ha torpaq sahəsinin geri qaytarılmasının mümkünsüz olmasını təsdiq edən əsaslar olmadığı halda, həmin sahənin iddiaçıya ayrılması məcburiliyindən söhbət belə gedə bilməz. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərinin mövcudluğunu sübut edə bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-14531/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14531/2025
17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver