Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1454/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən 2015-ci ilə qədər (2009 və 2012-il tarixlər istisna olmaqla) müalicə ilə əlaqədar ona veriləsi 2 aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1992-ci ildən xx.xx.2015-ci il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif qurumlarında zabit vəzifələrində xidmət etmişdir. 2009-cu ilin sonunadək Penitensiar Xidmətin mühafizə alayında, sonralar isə 2015-ci il dekabr ayınadək 1 saylı cəzaçəkmə müəssisənin tərbiyə işinin təşkili şöbəsində baş inspektor vəzifəsində qulluq keçmişdir. Xidməti qüsursuz və ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun bütün tələblərinə uyğun olmuşdur. Xidmət illərində səhhətində müəyyən problemlər yaranmağa başlamış və 2008-ci ildə Ədliyyə Nazirliyinin Baş tibb idarəsində 2-ci tip şəkərli diabet və arterial hipertenziya diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır. xx.xx.2015-ci ildə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin Hərbi həkim komissiyasının rəyinə əsasən qulluq keçməyinə xəstəliklə əlaqədar xitam verilmişdir. Onun xidmətdə olduğu müddətdə o, müayinə və müalicə olmaq üçün ildə 1 (bir) dəfə 2 (iki) aylıq əmək haqqı həcmində müavinət almaq üçün 2007-ci ildən 2015-ci ilin sonunadək tabeliyində olduğu rəislərə - Alayın keçmiş komandiri Mehman Məmmədova, 1 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisləri Fikrət Qafarova, Rövşən Niyazova tibbi arayışı raporta əlavə etməklə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırmalarını xahiş etmişdir. Lakin şəxsi və qeyri-qanuni maraqlar ucbatından məsələ öz müsbət həllini tapmamışdır. Adlarını çəkdiyi vəzifəli şəxslər xəstəliyi ilə əlaqədar tibb idarəsində dispanser qeydiyyatında olduğundan, vaxtaşırı müayinə və müalicə olunduğundan məlumatlı idilər. Lakin Penitensiar Xidmətin keçmiş rəhbərliyinin səhlənkarlığı nəticəsində o, qanunla ona düşən müavinətdən məhrum olunmuşdur. Beləliklə, Penitensiar Xidmətin rəhbərliyi bu hərəkətləri ilə Azərbaycan Respublikasının ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23.2-ci maddəsinin tələblərini kobudcasına pozmuşlar. Qeyd olunan hüquq pozuntuları haqqında tələbini xx.xx.2020-ci ildə Penitensiar Xidmətin yeni rəhbərliyinə ünvanlandırmış və xahiş etmişdir ki, onun 2007- 2015-ci il tarixdən pozulmuş hüquqlarını bərpa edib ona o illərdə almadığı birdəfəlik iki əmək haqqı həcmində müavinətin verilməsini təmin etsinlər. xx.xx.2020-ci il tarixdə cavabdeh orqan Penitensiar Xidmətdən müraciətinə cavab ünvanlandırmışlar ki, pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh orqan müraciətin və tələbin predmetini başqa səmtə yönəltmiş və qanunsuz imtina vermişdir. Belə ki, mübahisənin predmeti xidmət illərində almadığı müavinətdən getdiyi halda onlar əsas tələbdən yayınaraq müavinətin verilməsindən imtina vermişlər. Qulluq keçdiyi dövrdə ona cavabdeh orqan tərəfindən yalnız 2009-cu və 2012-ci illərdə müalicə olunması üçün birdəfəlik müavinət verilmişdir. Cavabdeh orqan ona imtina cavabı verərkən qanunun tələblərinə formal yanaşmış, işin bütün hallarını araşdırmamış, nəticədə tamamilə əsassız şəkildə ona imtina cavabı vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Penitensiar Xidmətdə qulluqda olmuşdur. Qulluq müddətində 2009, 2012-ci illərdə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmişdir, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx xxx 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası ədliyyə nazirinin xx xxxxx 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. İddiaçı qulluq müddətində 2009, 2012-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət ödənilməsi üçün müraciət etmiş və bu illər üçün müavinət ödənilmiş, digər illərdə müraciət olunmadığından müavinət verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 17/7-4673 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə ünvanladığınız müalicə xərci üçün müavinətin ödənilməsinə dair müraciətlərinizə Maliyyə-İqtisadiyyat idarəsində baxılmışdır. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar xidmətin Kadrlar idarəsinin təqdim etdiyi arayışa əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olduğunuz müddət ərzində 2009 və 2012-ci illərdə müalicə olunmanız ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə isə yazılı olaraq müraciətiniz olmadığı üçün birdəfəlik müavinət almamısınız. Müalicə olunmanız barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə bilərsiniz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx xxxxx 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1087ş/h nömrəli xx.xx.2015-ci il tarixli əmrindən görünür ki, Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi Tərbiyə işinin təşkili şöbəsinin baş inspektoru ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə müvafiq olaraq (xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı pensiya işindən görünür ki, Azərbaycan Respublikası DSMF-nun HQXRŞİD-nin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdə ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları»nın: 1.1-ci maddəsinə əsasən bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra - müavinət) verilməsi qaydalarını müəyyən edir; 1.3-cü maddəsinə əsasən işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir; 1.4-cü maddəsinə əsasən müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir; 2.1-ci maddəsinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur; 2.2-ci maddəsinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. 2.3-cü maddəsinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. 3.1-ci maddəsinə əsasən müavinət komissiyaların qərarına əsasən verilir; 4.1-ci maddəsinə əsasən bir təqvim ili ərzində işçiyə müalicə olunması üçün müavinət bir dəfə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qulluq etmişdir, xx.xx.2015-ci il tarixdən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Hazırda iddiaçı işlədiyi dövrdə müraciət etməsinə baxmayaraq, ona 2007-ci ildən 2015-ci ilə qədər (2009 və 2012-il tarixlər istisna olmaqla) müalicə ilə əlaqədar 2 aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilmədiyini bildirməklə 2007-ci ildən 2015-ci ilə qədər (2009 və 2012-il tarixlər istisna olmaqla) müalicə ilə əlaqədar 2 aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsini tələb edir. «Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları»nın tələblərindən də göründüyü kimi, müalicə ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üçün iddiaçı Qaydaların 2.2-ci bəndində göstərilən sənədlərdən birini əlavə etməklə cavabdehə müraciət etməli idi. Lakin məhkəmə tərəfindən araşdırılan sübutlarla müəyyən edildi ki, iddiaçı müavinətin ödənilməsini tələb etdiyi illərdə - 2007-ci ildən 2015-ci ilə qədər (2009-cu və 2012-ci il istisna olmaqla) müavinətin verilməsi üçün müraciət etməmişdir. Bu səbəbdən də ona həmin illərdə müavinət verilməmişdir. İddiaçı həmin illərdə müvafiq sənədləri də müraciətinə əlavə etməklə müraciət etdiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu, öz təsdiqini tapmadı. Hazırda isə iddiaçı Penitensiar Xidmətində qulluq etmir, ona xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyaya çıxan şəxslərə isə həmin müavinətin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İşlədiyi dövrdə isə iddiaçı mübahisələndirdiyi illərdə müavinətin verilməsi üçün müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1454/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1454/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver