Məhkəmə qərarları › İş №2-1(112)-1454/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1454/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1454/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 667 nömrəli sərəncamına uyğun olaraq Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi, 27\1 saylı yerdə 1125 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. İddiaçı göstərilən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin adına hüquqi qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də müraciətinə imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********14 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evi və torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə yerləşir. Eyni zamanda, torpaq sahəsinin yaxınlığından yeraltı orta təzyiqli qaz xətti keçir. Bu səbəbdən ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq 14-2/2-5087/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, həmin koordinatlarda yerləşən 1058 kv.m torpaq sahəsinin 299 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, 759 kv.m hissəsi isə xaricində yerləşir. Sözügedən ərazilər Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 38 nömrəli protokolu ilə neft-qaz əməliyyatlarının aparılması üçün “Balaxanıneft” NQÇİ-yə (“Leninneft”) ayrılmış və sonuncu dəfə təkmilləşdirmələr aparılaraq 2009-cu ildə ərazinin xəritəsi təsdiq olunmuşdur. Halhazırda SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən həmin ərazilərdə neft-qaz əməliyyatları aparılır ki, bu səbəbdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, ələcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Sözügedən torpaq sahəsinin 2,1 metrlik məsafəsindən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan 219 mm-lik yeraltı orta təzyiqli qaz kəməri keçir. Qeyd olunanlar nəzərə alınaraq, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, torpaq sahəsinin SOCAR-ın daimi istifadəsi daxilində yerləşən 299 kv.m hissəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında həmin koordinatlarda yerləşən 1058 kv.m torpaq sahəsinin 299 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, 759 kv.m hissəsi isə xaricində yerləşdiyinə əsaslanaraq iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 667 nömrəli, 10 iyun 1998ci il tarixli Sərəncamına əsasən Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi 24/1 saylı yerdə 1125 kv.metr torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün vətəndaş İddiaçı ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məhkəmə sorğusuna 22 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaş X1 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi, 27/1 ünvanda yerləşən daşınmaz əmlaka dair məlumat verilməsi barədə SOCAR-a daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (Ərazi İdarəsi) xx.xx.2023-cü il tarixli məktubuna baxılmış və nəticəsi barədə SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2/2-5087/2023 nömrəli məktubu ilə Ərazi İdarəsinə ətraflı cavab verilmişdir. SOCAR-ın həmin cavab məktubunda göstərildiyi kimi, Ərazi İdarəsinin məktubunun qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmış və həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 1058 m2 torpaq sahəsinin 299 m2 hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR- ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində, 759 m2 hissəsi isə xaricində yerləşir. Sözügedən ərazilər Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 38 nömrəli protokolu ilə neft-qaz əməliyyatlarının aparılması üçün “Balaxanıneft” NQÇİ-yə (“Leninneft”) ayrılmış və sonuncu dəfə təkmilləşdirmələr aparılaraq 2009-cu ildə ərazinin xəritəsi təsdiq olunmuşdur. Hal-hazırda SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən həmin ərazilərdə neft-qaz əməliyyatları aparılır ki, bu səbəbdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,106 ha təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin hasarının yaxınlığından diametri 219 mm-lik orta təzyiqli qaz xətti keçir (mühafizəsi ilə bağlı məlumat yoxdur). Sahənin bir hissəsi (qeyd olunan hissə daxilindəki tikililər daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi"nin hüdudları daxilinə düşür (Balaxanı Ə.Ş). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən 2023cü ildə tərtib edilmiş Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi 24/1 saylı yerdə iddiaçıya məxsus mövcud 2 mərtəbəli yaşayış evinin X2 məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna 20 noyabr 2024-cü il tarixli cavab məktubunda iddiaçının Sabunçu rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə tikintinin başa çatması ilə bağlı müraciətinin daxil olduğu bildirilmişdir. Məhkəmə sorğusuna əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin ortofoto görüntüsü məhkəməyə tədqim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilən məzmunda iddiaçının tələbindən imtina edilmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən göründüyü kimi Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 667 nömrəli, 10 iyun 1998-ci il tarixli Sərəncamına əsasən Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi 24/1 saylı yerdə 1125 kv.metr torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsi və fərdi ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Müli Məcəllədə göstərilmişdir ki, Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Qeyd edilməlidir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün öncə həmin fərdi evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki, mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi faktiki olaraq hasardaxili 1060 kv.metr təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahənin 299 kv.metr hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi"nin hüdudları daxilinə düşür. Yəni, həmin torpaq sahəsi faktiki olaraq neftqaz əməliyyatları aparılması üçün nəzərdə tutulmuş istehsalat sahəsi olduğundan, yaşayış məntəqəsi kimi qiymətləndirilə və ayrı-ayrı şəxslərin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alına bilməz. Yerdə qalan 761 kv.metr torpaq sahəsi isə neft-qaz əməliyyatları aparılması üçün nəzərdə tutulmuş ərazidən kənarda yerləşdiyi üçün həmin sahə üzərində iddiaçının mülkiyyət hüququ qeydə alına bilər. Ərazinin ortofoto görüntüsündən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin böyük hissəsi torpaq sahəsinin Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan hissəsində inşa edilmişdir. Belə olan halda fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi, 27/1 ünvanında yerləşən 761 kv.metr torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi, 27/1 ünvanında yerləşən 761 (yeddi yüz altmış bir) kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar