Məhkəmə qərarları › İş №2-1(112)-1455/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1455/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1455/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 906.770 (doqquz yüz altı min yeddi yüz yetmiş) manat məbləğində pulun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 (keçmiş Svetlana Məmmədova 1) ünvanında İddiaçı tərəfindən inşa edilmiş sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 471.211 (dörd yüz yetmiş bir min iki yüz on bir) manat məbləğində kompensasiyanın İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ünvan 1 (keçmiş Svetlana Məmmədova 1) ünvanında yerləşən torpaq sahəsi “Azərneftyağ” İstehsalat Birliyinə məxsus olmuşdur. xx.xx.1992-ci il tarixdə İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında bağlanmış 3-x nömrəli icarə müqaviləsi əsasında həmin torpaq sahəsi üzərindəki inzibati bina ilə birlikdə İddiaçı-nin sahibliyinə və istifadəsinə verilmişdir. Bundan sonra “İddiaçı" MMC icarəyə götürülmüş torpaq sahəsinin mülkiyyətçisinin razığı əsasında orada başqa tikililər inşa etmişdir. Belə ki, İddiaçı-nin müvafiq müraciəti əsasında “Azərneftyağ” İstehsalat Birliyi DM № 19/21 19/İİ-93 nömrəli məktubla sözügedən ərazidə tikililərin inşa edilməsinə dair İddiaçı-yə razılıq vermişdir. Buna uyğun olaraq da sonradan “İddiaçı" MMC tərəfindən həmin torpaq sahəsində tikililər inşa edilmiş və xx.xx.1997-ci il tarixdə ona bu tikililərlə bağlı texniki pasport verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2013-ci il tarixli, 225 saylı Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov küçəsi, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Daha sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cii il tarixli 225 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiyada ünvan 1 (keçmiş Svetlana Məmmədova 1) ünvanında “İddiaçı" MMC-yə məxsus olan tikililərin dəyərinin ümumilikdə 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat olması müəyyən edilmişdir. Sözügedən əmlakların sökülməsi nəticəsində iddiaçıya vurulmuş ziyan bu günədək ödənilməmişdir. Müəyyən olunmuş bu məbləğlə iddiaçı razı deyil. Sözügedən ünvanda iddiaçı tərəfindən inşa edilən tikililərin dəyəri 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat təşkil etmir. Belə ki, Azərbaycan Respublikası “X10 LTD" müştərək müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 0036/VR/10-07 nömrəli qiymətləndirmə hesabatından da göründüyü kimi ünvan 1 (keçmiş Svetlana Məmmədova 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixə olan bazar dəyəri və maddi ziyan məbləği müəyyən olunmuşdur. Göstərilənlərə əsəsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ”İddiaçı” MMC-nin nümayəndəsi (direktoru) X7 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən və Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx xxxxxx 2001-ci il tarixli 939/2268 nömrəli müqavilə əsasında ”İddiaçı” MMC tərəfindən icarəyə götürülmüş sahədə fiziki şəxslər X4 və X3 vəsaiti hesabına inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20.0 % əlavə hesablanmaqla birlikdə alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat müəyyənləşdirilərək fiziki şəxslər X6 və X5 hesablanmış 150 kv.m tikili üçün cəmi alacaq təzminat 45.000 (qırx beş min) manat təşkil etmişdir və onlar öz imzaları ilə təzminatın məbləği ilə razılaşmış və qeyd edilən vəsaiti qəbul etmişlər. Ona görə də iddia tələbini əsassız hesab edirlər. Göstərilənlərə əsəsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə iddaya qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iş materiallarında olan Razılaşmaya əsasən ünvan 3 ünvanında yerləşən sahəsi 401,51 kv.m olan daşınmaz əmlak 200.755 manat qiymətləndirilmiş və İddiaçı-nin təsisçisi və direktoru X7 ilə razılaşma aktı imzalanmışdır. Göstərilənlərə əsasən məlum olur ki, iddiaçı ona təklif edilən kompensasiyanı qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Belə olan halda sözügedən qeyri-yaşayış sahəsi üçün kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən mənzilin alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Bu səbəbdən iddiaçının məhkəmədə iddia qaldıraraq razılaşma aktında müəyyən edilmiş məbləğdən 4 dəfə artıq məbləğin tələb etməsi əsassızdır. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 10 iyun tarixli 225 nömrəli Sərəncamının icrası ilə bağlı Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasınnda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ildə aparılmış köçürmə işlərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər hansı bir formada iştirak etməmişdir. Bundan başqa mövcud qanunvericiliyin tələblərinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına alan orqan tərəfindən ödənilir. Göstərilənlərə əsəsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 3-x nömrəli icarə müqaviləsindən görünür ki, xx.xx.1992-ci il tarixdə İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında müqavilə bağlanmış, ünvan 1 (keçmiş Svetlana Məmmədova 1) ünvanında yerləşən torpaq sahəsi üzərindəki inzibati bina ilə birlikdə İddiaçı-nin sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən İddiaçı-yə ünvanlanmış DM № 19/21 19/İİ-93 nömrəli məktubundan görünür ki, icarəyə verilmiş ərazidə (Q.Qarayev adına zavodun 3 № sexinin ərazisi) anban və digər köməkçi sahələrin tikilməsinə icazə verilmişdir. İş materiallarında olan ARDNŞ «Azərneftyağ» İB ilə (icarəyəverən) İddiaçı (icarəçi) arasında imzalanmış xx.xx.1998-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, S.Məmmədova küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamenti (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında imzalanmış xx.xx.2001-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2014-cü ilin dekabr ayında təsdiq edilmiş Razılaşma Aktına əsasən ölkəmizin sosail iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq və quruculuq işlərinin sürətlənməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq və yenidən qurma işlərinin tərkib hissəsi olaraq Babək prospekti, Xənaqi Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 225 saylı sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sənəcamın icrasını təmin etmək məqsədi ilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 126 saylı sərəncamı ilə təsdiq edilmiş komissiya yaradılmışdır. Bakı şəhəri, Xəqani Rüstəmov küçəsi, 1 (keçmiş Svetlana Məmmədova 1) ünvanında İddiaçınin təisiçisi və direktoru X4 inşa etdiyi istehsalat sexinin (istehsalat sexi 13,6 m x 13,2 m + 7,9 m x 2,5 m = 179,52 kv.m + 19,75 kv.m = 199,27 kv.m) və hər iki hissəsindən ibarət anbar binasının (anbar binasının 1-ci hissəsi 5,2 x 12,7 = 66,04 kv.m və anban binasının 2-ci hissəsi 22,7 m x 6,0 m = 136,2 kv.m anbar 202,24 kv.m) cəmi 401,51 kv.m tikilinin Nobel və Babək prospektlərini birləşdirən yol tikintisi ilə əlaqədar sökülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə hesablamaqla istehsalat tikilisinin 1 kv.m üçün qiymətləndiricinin müəyyən etdiyi 500 manat əsas götürülür. Sahibkarın 401,51 kv.m sökülməsi zəruri olan tikilisinə 401,51 kv.m x 500 manat = 200.755 manat təklif olunmuşdur. X2 alacağı təzminatın məbləği 200.755 manatdır. X1 iclasında iştirak etdiyini, ödəniləcək təzminatın məbləği ilə razılaşdığını bildirməklə razılaşma aktını imzalamışdır. Razılaşma aktını komissiyanın üzvləri də imzalamışlar. İş materiallarında olan «X10 Ltd» birgə müəssisəsinin xx.xx.2007-ci il tarixi rəyindən (sifarişçi İddiaçı) görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, S.Məmmədova küçəsi 1 ünvavanında yerləşən qeyri-yaşayış sahəsinin əmlakının xx xxxxxxx 2007-ci il tarixə olan bazar qiyməti 906.770 manat, əmlakın yerləşdiyi torpaq sahəsi özəlləşdiriləcəyi təqdirdə əmlakın bazar dəyəri 2.506.770 manat və əmlakın köçürülməsi ilə əlaqədar ehtimal olunan maddi ziyanın həcmi 471.211 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ-İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz; 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər; 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Babək prospekti, Xənaqi Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 225 saylı sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir və həmin Sənəcamın icrasını təmin etmək məqsədi ilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradılmışdır. Bununla əlaqədar olaraq Bakı şəhəri, Xəqani Rüstəmov küçəsi, 1 (keçmiş Svetlana Məmmədova 1) ünvanında İddiaçı-nin təsisçisi və direktoru X4 inşa etdiyi istehsalat sexinin cəmi 401,51 kv.m tikilinin Nobel və Babək prospektlərini birləşdirən yol tikintisi ilə əlaqədar sökülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə hesablamaqla istehsalat tikilisinin 1 kv.m üçün qiymətləndiricinin müəyyən etdiyi 500 manat əsas götürülmüş və iddiaçının 401,51 kv.m sökülməsi zəruri olan tikilisinə 401,51 kv.m x 500 manat = 200.755 manat təklif olunmuşdur və tərəflər aralarında razılığa gələrək razılaşma aktını imzalamışlar. Lakin həmin məbləğ bugünədək iddiaçıya ödənilməmişdir. Cavabdeh inzibati orqan 150 kv.m tikili üçün təzminatın 45.000 manat təşkil etməsini və həmin məbləğin razılaşdırılaraq ödənilməsini qeyd etsə də, məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan tikililərlə əlaqədar tərtib edilmiş texniki pasportda həm 401,51 kv.m, həm də 150 kv.m tikili öz əksini tapmışdır, 150 kv.m üçün təzminat müəyyən edilərkən cavabdeh tərəfindən həmin texniki pasport nəzərə alınmışdır və hər bir tikili ilə əlaqədar tərəflər arasında ayrı-ayrı razılaşma aktları imzalanmışdır. Cavabdehin qeyd etdiyi 45.000 manat 150 kv.m üçün ödənilmişdir, lakin 401,51 kv.m üçün hesablanmış 200.755 manat isə ödənilməmişdir. İddiaçı ona 471.211 manat kompensasiyanın ödənilməsini tələb etsə də, tərəflər arasında imzalanmış razılaşma aktından görünür ki, qeyd olunan tikili üçün müəyyən edilmiş və təklif olunan 200.755 manat məbləğ ilə iddiaçı razılaşmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək ünvan 3 (keçmiş Svetlana Məmmədova 1) ünvanında sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat kompensasiya məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 3 (keçmiş Svetlana Məmmədova 1) ünvanında sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat kompensasiya məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar