Məhkəmə qərarları › İş №2-1(112)-1455/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1455/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1455/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sabirabad Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb olunmaqla “əlilliyinin təyinat tarixinin dəyişdirilməsi barədə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sabirabad Rayon Mərkəzi Xəstəxanasına üçüncü şəxs qismində cəlb olunmaqla “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyinin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 30.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 12.10.2020-ci il tarixli qərardadına əsasən Sabirabad Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 15.10.2007-ci il tarixdə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 08.03.2008-ci il tarixdə hərbi xidmət dövründə travma almışdır. 09.07.2008-ci il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profili hərbi-həkim komissiyası tərəfindən şəhadətlnamə verilməsi zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sol gözün qüzehli qişasının zədədən sonrakı kolobaması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1.0 və M5.5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən olunmuşdur. Daha sonra 2019-cu ildə əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tərəfindən müraciət olunmuş və AR Müdaliə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli, 586 nömrəli qərarı əsasında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır.” Eyni zamanda MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlilliyin səbəb əlaqəsi dəyişdirilsə də, ƏƏSMN-yi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən qanunsuz və əsassız olaraq əlilliyinin təyinat tarixi 22.01.2020-ci il tarixinə təyin edilmişdir. Halbuki AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir və əlillik səbəbinin dəyişdirilməsi Nazirlər Kabinetinin yuxarıdakı qərarında qeyd olunduğu kimi əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması olmuşdur. Daha sonra əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün müraciət etdiyində həmin iş daha da ətraflı araşdırılmış və Tərtər Hərbi Prokururorluğunun 20.06.2019-cu il tarixli ** HP ***2 nömrəli məktubu, Sabirabad rayon SHXÇDX-nin 08.07.2019-cu il tarixli 725 nömrəli göndərişi, 08.07.2019-cu il tarixli 130 nömrəli arayışı və digər məlumatlar əsasında AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli Qərarı əsasında əliliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən 08.01.2021-ci il tarixli iddiaya etirazda bildirilmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Sənədlərin təhlili göstərir ki, iddiaçının əlillik vəziyyəti 15.08.2008-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik - gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenidən araşdırılmış və 19.07.2019-cu il tarixli 586 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Eləcə də həmin qərarla MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Əlillik səbəbinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0311003AAM99 saylı göndəriş əsasında iddiaçının əlillik vəziyyəti 02.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AANQF saylı göndərişi əsasında 22.01.2020-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.1.2-ci bəndinə görə “göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda” əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. 2008-ci ildə əlillik səbəbi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş “travmanın səbəb əlaqəsi haqqında” 09.07.2008-ci il tarixli qərarı əsasında düzgün təyin olunmuşdur. TSEK tərəfindən əlillik səbəbinin yanlış təyin olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması, həmçinin əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması halları olmamışdır. Buna görə də “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixi 22.01.2020-ci ildən hesab edilir. Cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyindən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etiraza uygun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan 09 iyul 2008-ci il tarixli Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədən görünür ki, “iddiaçının müayinəsi zamanı “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 D və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla”, travmadır, hərbi xidmət dövründə alınması qərara alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli qərarından görünür ki, iddiaçının “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Həmin qərarla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. - İş materiallarında olan X2 Adına Milli Oftalmoligiya Mərkəzinin 15.01.2020-ci il tarixli 240 saylı tibbi rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı gözündə xəstəliklər müəyyən edilmişdir. - İddiaçıya məxsus olan AO seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 23 iyul 2008-ci il tarixdə Müdafiə Nazirliyinin 14.03.2008-ci il tarixli 123 nömrəli əsasında əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 07.05.2020-ci il tarixli **********7 saylı və 22.05.2020-ci il tarixli **********5 saylı məktublardan görünür ki, əlilliyin müəyyən edilməsi tarixinin dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə işin araşdırılan hallarından müəyyən etmişdir ki, iddiaçıya 09.07.2008-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profili hərbi-həkim komissiyası tərəfindən verilmiş 1086 saylı şəhadətnamədə təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sol gözün qüzehli qişasının zədədən sonrakı kolobaması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1.0 və M 5.5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən olunmuşdur. İddiaçının əlillik vəziyyəti 15.08.2008-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik - gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonra əlillik səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenidən araşdırılmış və 19.07.2019-cu il tarixli 586 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Eləcə də həmin qərarla Mərkəzi Hərbi Klinik Hospitalının travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. Əlillik səbəbinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0311003AAM99 saylı göndəriş əsasında iddiaçının əlillik vəziyyəti 02.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AANQF saylı göndərişi əsasında 22.01.2020-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsi tarixinin 22.01.2020-ci il deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının verildiyi 19.07.2019-cu il tarixlə göstərilməsini cavabdehdən xahiş etsə də, xahişi təmin edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia mahiyyətcə iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin dəyişdirilməsi tarixinin dəyişdirilməsindən ibarətdir. İddiaçıya əlilliyin təyin edildiyi 2008-ci ildə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Normanın məzmunundan göründüyü kimi, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini təsdiq edən rəsmi sənəddir. Məhkəmə qeyd edir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özüözlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 2-ci maddəsi). Digər tərəfdən, iddiaçıya 2008-ci və 2019-cu illərdə təyin edilmiş əlilliklər fərqli səbəb əlaqələri və onların yaratdıqları sosial nəticələr əsasında təyin edilmişdir (09.07.2008-ci il tarixli 1086 №-li “Xəstəlik haqqında Şəhadətnaməyə əsasən xəstəliyin səbəb əlaqəsi - “Travmadır. hərbi xidmət dövründə alınmışdır”; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 №-li Qərarına əsasən: “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”). Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 №-li Qərarı ilə müəyyən edilmiş səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə, məhz 22.01.2020-ci il tarixdə təyin edilmiş əlillik “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” əlaqəli olduğundan cavabdehin imtinası əsaslı olmamışdır. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən iddiaçının əlilliyin səbəbi əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən, yəni 19.07.2019-cu il tarixdən müəyyən edilməli idi. Lakin cavabdeh əsassız olaraq əlilliyin səbəbinin dəyişdirilməsini tarixini həmin səbəbin müəyyən edildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli qərarının tarixindən deyil, əlilliyinin təyin edilməsi barədə qərar qəbul etdiyi 22.01.2020-ci il tarixdən hesab etmişdir. Buna görə də iddiaçı hazırda haqlı olaraq əlillik səbəbinin dəyişdirilərək 19.07.2019-cu il tarixdən təyin edilməli olduğunu tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyinin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar - gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesab edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar