Məhkəmə qərarları › İş №2-1(112)-14553/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14553/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14553/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Gəlir vergisi 2022 dövrü üzrə 15 sentyabr 2023-cü il tarixli **********936300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəlir Vergisi 2022 dövrü üzrə 15 sentyabr 2023-cü il tarixli **********936300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razılaşmır. Sözügedən qərarın qəbul edilməsinə əsas olaraq vergi orqanı tərəfindən aşağıdakılar qeyd edilmişdir: Onlayn kassa məlumatları ilə gəlir vergisi bəyannaməsində gəlir məbləği arasında fərq müəyyən edilməsi qeyd edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktublarına tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: Belə ki, fəaliyyət kodu ******* təşkil edir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləri olaraq qalır. Buna baxmayaraq, vergi orqanı əsassız olaraq onu ƏDV qeydiyyatına salmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq, xahişinə məhəl qoyulmamış və düzgün qiymətləndirilməmişdir. xx.xx.2022-ci il tarixdən bu VÖEN üzrə fəaliyyət göstərməmişlər. Fəaliyyətinin dayandırılmasına baxmayaraq qarşı tərəf firmalar səhvliklə elektron qaimə təqdim etmişlər, daha sonra ləğv etməmişlər və beləliklə xərcin yarandığı görsənsə də, faktiki olaraq səhvliklə təqdim olunan qaimələrə əsasən ödəniş olunmamışdır. Maddə 218. 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 220.1-1 Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət edilmiş, lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdehin qeyd olunan qərarları ilə razılaşmır. Həmin qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən yenidən aparılmış araşdırma nəticəsində mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********4936300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmiş, xx.xx.2023-cü il tarixli **********471400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (259426.33 manat), ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 259426.33 manat məbləğdən az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. ƏDV qeydiyyatı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə qüvvəyə minir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilmədiyi müəyyən edildiyindən, xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına qoyularaq xx.xx.2022-ci il tarixli **********243200 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişi göndərilmiş, 2022-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən vergi ödəyicisinin dövriyyəsinin 138322.61 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyət növünün “Restoranlar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda ictimai iaşə (8%) məlumat forması təqdim edilmədiyi, eyni zamanda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti olduğu müəyyən edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********535100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə gəlirlərə əsasən Nazirlər Kabinetinin 55 nömrəli Qərarına uyğun 4036.79 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********936300 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Yenidən aparılmış araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə ƏDV qeydiyyatına alındığı, xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında onlayn kassa məlumatlarının 47346.61 manat, əldə edilmiş elektron qaimə fakturalarının dəyərinin 28438.25 manat, əmək haqqı və sosial sığorta xərclərinin 175.00 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən baza üzrə gəlirlər və xərclər əsas götürülməklə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin 290.12 manat hissəsi azaldılmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********471400 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir: Vergi Məcəlləsinin: 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 155-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********936300 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 4036,79 manat əlavə vergi məbləği hesablanmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İddiaçı iştirak etməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəfindən mübahisələndirilən qərar vergi orqanı tərəfindən ləğv edilmişdir. Bu kimi halların nəzərə alınması xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatda olan iş üzrə sənədlərin geri qaytarılması və icraata xitam verilməsi zərurəti yaranmışdır. Odur ki, iş üzrə materialların geri qaytarılması və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********471400 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən **********936300 saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar