Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14555/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşma azadlığına müdaxilə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2022-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsini, bu qadağanın təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-cı maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı pozuntusu kimi tanınmasını, Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, inzibati icraat haqqında qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Digər iddiaçılar və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı2 izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 11 noyabr 2022-ci il tarixində keçirilməsi planlaşdırılan piketin təşkilatçıları Vahid Məhərrəmliyə, İddiaçı1 və İddiaçı3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 02 noyabr 2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, Sizin piket keçirilməsi üçün qeyd etdiyiniz ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Qeyd olunanlara müvafiq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, 11 noyabr 2022-ci il tarixində planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Göründüyü kimi, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin piket keçirilməsi üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacağı nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarını təmin etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İşin yuxarıda sadalanan hallarına görə iddiaçılar onlara piketə icazə verilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bəyan edirlər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu, iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-14555/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14555/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver