Məhkəmə qərarları › İş №2-1(112)-14555/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14555/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14555/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətlərinə qiymət verilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin rəhbər işçilərinin ziddiyyət yaradan fikirlərinə hüquqi qiymət verilməsini və cavabdehin hərəkətləri üçün Respublika Baş Prokurorluğunda və DTX-də müvafiq araşdırma aparılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı ŞİH-nin başçısı xx.xx.2024-cü il tarixdə Report-а açıqlamasında deyib: "Buna qədər, yəni bu günə qədər plana düşən evlərin sahiblərinə hər kvadrat metrrinə görə 2000 (iki min) manat civarında kompensasiya verilirdi". Cənab Əzizovun ifadəsindən belə başa düşülür ki, ünvan 1 ünvanında iczəli (sərəncamla) şəkildə tikilən 200 kv.metr tikiliyə (minimum bazar qiyməti 400 000 manat) və 2 sot torpağa (minimum bazar qiyməti 400 000 manat) 278 530 manat kompensasiya (Torpağa pul vermir, tikilinin də hər kv. metrinə 1392 manat kompensasiya) verib. Xətai RİH 01-10. 02.2021-ci il tarixdə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, qanuna zidd şəkildə məhv etdiyi 618 kv. metr tikilisi və 3 sot torpağı olan fərdi yaşayış evinə pul vermir. Xətai RİH iddia edir ki, hər iki evinin kompensasiya pulu 278530 manatdır. Onda belə məlum olur ki, Xətai RİH onun hər kv.metr tikilisinə 303 manat, torpağın hər sotuna 7500 manat kompensasiya verib. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçının diqqəqinə çatdırıldı. İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının iahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Belə ki, iddia ərizəsində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin rəhbər işçilərinin ziddiyyət yaradan fikirlərinə hüquqi qiymət verilməsini və cavabdehin hərəkətləri üçün Respublika Baş Prokurorluğunda və DTX-də müvafiq araşdırma aparılması üçün qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, prosessual qanunvericiliyə görə iddia tələbində qoyulmasından asılı olmayaraq, işə baxan məhkəmə müvafiq halları aşkar etdikdə xüsusi qərardad qəbul edir. Başqa sözlə, iddia tələbindən asılı olmayaraq bu məhkəmənin səlahiyyətindədir. Bu baxımdan, “xüsusi qərardadın qəbul edilməsi” barədə tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bakı şəhər İcra Hakimiyyətinin rəhbər işçilərinin ziddiyyət yaradan fikirlərinə hüquqi qiymət verilməsi hissədə də, iddiaçının tələbi və hüquqi marağı aydın deyildir. Məhkəmənin yerli icra hakimiyyətinin fikirlərinə hüquqi qiymət verməsi kimi bir səlahiyyət yoxdur. İddiaçı cavabdeh inzibati orqanın qərarını və ya hüquq və mənafeyinə toxunan hərəkət və ya hərəkətsizliyini mübahisələndirə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sökülmüş daşınmaz əmlakına görə ödənilən kompensasiya məbləğindən narazıdır. iddiaçı bu barədə isə iddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və Məhkəmənin 2-1(112)-5212/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası rədd edilmişdir. İddiaçının izahatında isə müəyyən edilir ki, iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və şikayətinə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar