Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1456/2023 12.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X8 cəlb edilməklə) «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı1n və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 61 saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən iddiaçıların anası X1 mülkiyyətdədir və iddiaçılar həmin ünvanda yaşayırlar. Onlar həmin evdə əvvəllər qeydiyyatda olsalar da, sonradan naməlum səbəblərdən qeydiyyatdan çıxarılmışlar. İddiaçılar qeydiyyatlarının bərpa edilməsi üçün ilkin olaraq cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə müraciət etmişlər. Müraciətə cavab olaraq 091-30918A-3222 və 091-30919A-3222 saylı eyni məzmunlu məktubla bildirilmişdir ki, mülkiyyətçinin və paylı mülkiyyətçilərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında onlar Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi ev 61 ünvanına qeydiyyata alına bilərlər. Cavabdehin imtinası əsassız və qanunsuzdur. İmtina şablon mülahizələrə əsasən saslandırılmış işin və ən əsası da müraciətin faktiki hallarına uyğun gəlmir. Belə ki, iddiaçılar tərəfindən cavabdehə ünvanlanan müraciət ərizəsində bütün faktiki hallara aydınlıq gətirilməsinə, iddiaçıların anası X1 adına həmin ünvana dair reyestrdən çıxarış olmasına və həmin çıxarışa əsasən həmin evə qeydiyyata alınmaya dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin cavabdeh orqana təqdim olunmasına baxmayaraq, düzgün araşdırılma aparılmadan “mülkiyyətçinin və paylı mülkiyyətçilərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri”nin olması tələb edilmişdir. Halbuki, ərizə cavabdeh orqana təqdim edilərkən ona qoşma olaraq əlavə edilmiş sənədlərdə X1 adından yazılaraq notarial qaydada təsdiq edilmiş həmin ərizə də mövcud idi. Hazırda bütün bu qeyd edilənlərə əsasən hesab edilir ki, cavabdehin imtinası əsassızdır. Həmçinin hesab olunur ki, iddiaçılar analarının mülkiyyətçisi olduğu və razılıq verdiyi, uzun illərdir yaşadıqları evə qeydiyyata alınmalıdırlar. Bu səbəblə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 5-ci maddələrinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 61 saylı evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (maddə 28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (maddə 28.2). Məhkəmənin qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar və üçüncü şəxs gəlmişlər, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddianın əsaslı olduğunu və iddiaçıların onun mülkiyyətində olan evə qeydiyyata alınmasına razılıq verdiyi bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 23 aprel 1988-ci il tarixdə verilmiş 301217 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 8 mart 1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X32, anası X3r. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 11 mart 1980-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 258253 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X32, anası X3r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır və əmlakın payçıları aşağıdakılardır: X16 (2/21 hissə), X39 (2/21 hissə), X33 (4/21 hissə), X40 (2/21 hissə), X12 (2/21 hissə) və X8 (9/21 hissə). İş materiallarında olan X1 notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X8 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı2 və İddiaçı1 qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal Rayon MKTB-nin 12 oktyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Yasamal Rayon MKTB 22saylı MKİS-in 6 oktyabr 2022-ci il tarixli 34 nömrəli arayışında qeyd olunur ki, 22 saylı MKİS-də mövcud olan sınıdlərə əsasən (10-cu Xrebtovi) A.M.Şərfzadə küçəsi, ev 61-də aşağıdakı şəxslər daimi qeydiyyatdadırlar: X34, X26, X21, X35, X13, Tayırov Mahir habil oğlu, X22, X27, X14, X23, X17, X24, X9, X25, X10, X18, X8. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 4 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, ünvan 2 saylı fərdi yaşayış evinin (**********00-10301 reyestr nömrəli) 2/21 hissəsi X4, 9/21 hissəsi X1, 2/21 hissəsi X11, 2/21 hissəsi X5, 2/63 hissəsi X6, 2/63 hissəsi X19, 2/63 hissəsi X15, 4/21 hissəsi X20 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. ünvan 2 saylı fərdi yaşayış evinin (**********14-10301 reyestr nömrəli) B tikilisi və 100 kv.m torpaq sahəsi X7, A tikili və 266,7 kv.m torpaq sahəsi X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5). Həmin Məcəllənin 220-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Ümumi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 valideyni hazırkı iş üzrə üçüncü şəxs X1 da mülkiyyətçilərdən biri kimi çıxış etdiyi daşınmaz əmlak paylı mülkiyyətdə olsa da, iddia tələbində qaldırılan məsələ həmin əmlaka sahiblik və istifadə ilə bağlı deyil, yaşayış yeri üzrə qeydiyyata alınma barədədir. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, müvafiq ünvandakı ev paylı mülkiyyətdə olsa da, mülkiyyətçilərdən biri və evdə daha böyük yaşayış sahəsinə (9/21 hissə) malik olan X8 ailə üzvü kimi hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 61 saylı evə qeydiyyata alınmasına razılıq ərizəsi təqdim etmişdir. Hansı ki, belə razılıq sənədinin qeydiyyat alınma üçün əsas kimi çıxış etməsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində təsbit olunmuşdur. Bu halda, məhkəmənin qənaətinə görə iddiaçıların həmin yaşayış sahəsinə qeydiyyata alınması başqa şəxslərin, o cümlədən daşınmaz əmlakın digər mülkiyyətçilərinin hüquqlarını pozmur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasından cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinası qanuni sayılmamalı və onların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinası «İnzibati icraat haqqında» Qanunun 12.2, 16, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 61 saylı evə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, 61 saylı evə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1456/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1456/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver