Məhkəmə qərarları › İş №2-1(112)-1456/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1456/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1456/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni ünvan verməklə çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsi (İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli aktı) əsasında ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinə paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) ayrıca ünvan verilməklə çıxarışın verilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-182/2022 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı, cavabdeh X2 hüquqi varisləri X9, X11, X12 və X10 arasında bölünməsi qət edilmişdir. Sözügedən qətnamənin qanuni qüvvəsini almasından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, qətnamənin icrasını təmin etmək mümkün olmamışdır. Qətnamənin icrasında yaranan çətinlik qətnamənin "qət etdi" hissəsində əmlakın naturada deyil, paylara uyğun olaraq bölünməsi qeydi ilə bağlıdır. Bu səbəbdən də Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsinə izah verilməsi məhkəmədən xahiş olunmuş və nəticədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 nömrəli qətnaməsinin nəticə hissəsinin 1-ci abzasına aşağıdakı məzmunda izah verilməsi ilə bağlı: “ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı və cavabdeh X2 hüquqi varisləri X9, X11, X12, X10 arasında naturada bölünməsi qət edilmişdir. Sonradan qətnaməyə icraya göndərilmiş, İcra və Probasiya İdarəsi tərəfindən akt tərtib edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qətnamənin icra edilməsi ilə bağlı rəsmi müraciətlərim bu günə kimi cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı və cavabdeh X2 hüquqi varisləri X9, X11, X12, X10 arasında naturada bölünməsinə dair çıxarışın verilməsi ilə bağlı müraciətləri mümkünsüz olmuşdur. Belə ki, İdarənin üzərinə öhdəlik qoyulmadığı üçün müraciəti təmin edilməmişdir.

4. Cavabdeh orqan tərəfindən təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, , İddiaçı “Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli aktı) əsasında ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin paylara uyğun olaraq çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********31 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş Sabunçu Rayon Məhkəməsinin 2(008)-182/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, təqdim olunmuş Sabunçu Rayon Məhkəməsinin 2(008)-182/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1, ev 15, mənzil 18 ünvanına dair xüsusi mülkiyyət hüququ İddiaçı adına (1 otaq y/s - 12.5) xx.xx.2017-ci il tarixdə, X3 adına (1 otaq y/s – 12.5 kv.m – ¼ hissə), X8 adına (1 otaq y/s - 12.5 kv.m – ¼ hissə), X6 adına (1 otaq y/s - 12.5 kv.m – ¼ hissə), X4 adına (1 otaq y/s - 12.5 kv.m – ¼ hissə) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 nömrəli Qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı, cavabdeh X2 hüquqi varisləri X9, X11, X12 və X10 arasında bölünməsi qərara alınmışdır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2022 nömrəli Qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 nömrəli qətnaməsinin nəticə hissəsinin 1-ci abzasına aşağıdakı məzmunda izah verilmişdir: ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı, cavabdeh X2 hüquqi varisləri X9, X11, X12 və X10 arasında naturada bölünməsi qərara alınmışdır.

9. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1, ev 15, mənzil 18 ünvanına dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

10. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən payçıların öz hissələrinə sərbəst girişləri mövcuddur və kommunal sahələri var. Qapılar birbaşa küçəyə açılır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

15. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

19. Azərbaycan Respublikası Mülki Məcəllləsindən: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1, ev 15, mənzil 18 ünvanına dair xüsusi mülkiyyət hüququ İddiaçı adına (1 otaq y/s - 12.5) xx.xx.2017-ci il tarixdə, X3 adına (1 otaq y/s – 12.5 kv.m – ¼ hissə), X8 adına (1 otaq y/s - 12.5 kv.m – ¼ hissə), X6 adına (1 otaq y/s - 12.5 kv.m – ¼ hissə), X4 adına (1 otaq y/s - 12.5 kv.m – ¼ hissə) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 nömrəli Qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı, cavabdeh X2 hüquqi varisləri X9, X11, X12 və X10 arasında bölünməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2022 nömrəli Qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 nömrəli qətnaməsinin nəticə hissəsinin 1-ci abzasına “ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzili paylara uyğun olaraq (hər biri ayrılıqda 1 otaq olub yaşayış sahələri 12,5 kv.m olmaqla) İddiaçı, cavabdeh X2 hüquqi varisləri X9, X11, X12 və X10 arasında naturada bölünməsi” kimi izah verilmişdir. - Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən müəyyən edilmişdir ki, payçıların öz hissələrinə sərbəst girişləri mövcuddur və kommunal sahələri var. Qapılar birbaşa küçəyə açılır. - Odur ki, əmlakların bölünməsi mümkündür.

23. Məhkəmə qeyd edir ki, hazırkı işdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-182/2022 nömrəli Qətnaməsi (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2022 nömrəli Qərardadı ilə izah verilərək) ilə daşınmaz əmlak naturada bölünmüşdür və qətnamə qüvvədədir.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və qüvvədə olan məhkəmə aktı ilə naturada bölünmüşdür. 25.Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 26.Odur ki, müayinə aktından da göründüyün kimi iddia olunan sahə qeyd edilən meyaralara cavab verir.

27. Cavabdeh etirazının dəlili olaraq qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-182/2022 nömrəli Qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

28. Məhkəmə cavabdehin müvafiq məhkəmə qətnaməsi ilə üzərinə hər hansı vəzifə qoyulmamasına dair etirazına tənqidi yanaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydə alınması üçün əsas hesab edilir. Odur ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsinə (ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə) dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə idarənin üzərinə hər hansı vəzifə qoyulmadığı təqdirdə belə (belə vəzifə qoyulma tələbi əsaslı hesab edilə bilməz), qanunun tələbinə görə ayrılmış daşınmaz əmlaklar üzərində ünvan verilməklə hüquqların qeydə alınması üçün əsasdır. Belə ki, məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi zamanı qeydiyyat orqanının üzərinə hər hansı vəzifənin qoyulması zərurəti yoxdur. Bu halda hazırkı iş üzrə cavabdeh müvafiq funksiyanı həyata keçirən qurum kimi qanunun tələbinə uyğun olaraq (8.0.4-cü maddə) qüvvəyə minmiş məhkəmə qərarı əsasında hüququn əmələ gəlməsinin (eyni zamanda ümumi paylı mülkiyyət hüququna xitam verilməsinin) qeydiyyatını aparmalıdır.

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərhüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

31. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 15 saylı evin 18 saylı mənzilinin payına uyğun hissəsinə (1 otaq olmaqla yaşayış sahəsi 12,5 kv.m) yeni ünvan verilməklə İddiaçı adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar