Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14573/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər Cəbrayıl rayon Vərəm dispanserində fəhlə işləmiş, 1975-1976-cı illərdə əyani təhsil almış, 26 may 1976-cı ildən 15 iyun 1978-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhərində Şmidt zavodunda işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1988-ci ilə qədər Avtobus parkında işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər Avtokalonda işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər Nizami rayon İcra Hakimiyyətində sürücü işləmişdir. Həmçinin 1997-ci ildən başlayaraq fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Pensiya hüququ verən iş stajı 25 ildən çoxdur. O, 65 yaşı tamam olmasını və 25 ildən çox iş stajı olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin idarədən verilən 10 avqust 2023-cü il tatrixli, 3171/2Q- 181303/2023 saylı cavab məktubunda göstərilir ki, 1997- 2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin həyata keçirib-keçirməməyinizlə əlaqədar hesabat məlumatlarının əldə olunması mümükün olmamışdır. Buna görə də yaşa görə əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanızın, hərbi biletinizin, diplomunuzun və digər sənədlərin surətinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığınız dövr və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 18 il 4 ay 17 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.”
4. AD seriyalı 001440 nömrəli sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa dair patent sənədinə əsasən Nizami rayonu üzrə X2 tərəfindən İddiaçı (VÖEN: **********) səyyar ictimai iaşə məşğuliyyət növünü həyata keçirmək hüququ təsdiq edilir. Patent xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək etibarlıdır.
5. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin 07- 156-12 nömrəli 02 iyul 1999-cu il tarixli icazə sənədinə əsasən İddiaçı Əzizbəyov metro stansiyası və dairəsinə yaxın ərazidə yerləşən 40,0 kv.m sahədə sərinləşdirici içkilər və dondurma satışın aparılmasına icazə verilmişdir. İcazə xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək etibarlıdır.
6. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin 07- 183-04 nömrəli 07 iyun 2000-ci il tarixli icazə sənədinə əsasən İddiaçı Əzizbəyov metro stansiyası yaxınlığında sərinləşdirici içkilər və dondurma satışın aparılmasına icazə verilmişdir. İcazə xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək etibarlıdır.
7. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin Nizami rayon şöbəsinin 010048 nömrəli xx.xx.2000-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı Əzizbəyov metro stansiyasının üst hissəsində yerləşən qeyri-yaşayış sahəsində ictimai iaşənin yerləşdirilməsinə icazə verilir. İcazə xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək etibarlıdır.
8. Fiziki şəxsin uçota alınması haqqında xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı pərakəndə ticarət ilə məşğul kimi Nizami X2 tərəfindən uçota alındı.
9. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı vergi ödəyicisi (VÖEN: **********) kimi uçota alınmış, şəhadətnamə xx.xx.2005-ci il tarixdə verilmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 19 oktyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə sənədlərin təsdiq edilmiş surəti məktuba əlavə olunur.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 15 noyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı (FİN-xxxxxxx; VÖEN- **********) məcburi sosial sığorta haqları barədə məlumat və sənədləri Mərkəzi Filiala təhvil verilməmişdir.
12. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı ərizə ilə 3 saylı Bakı “DOST” mərkəzi vasitəsilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Mərkəzi filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının, diplomunun və hərbi biletinin və digər sənədlərin surətlərinə əsasən (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixədək təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 18 il 4 ay 17 gün sosial sığorta stajına malik olduğundan, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bundan başqa, iddiaçı 1997-2005-ci illər üzrə fiziki şəxs kimi fəaliyyət göstərdiyini iddia etsə də, Mərkəzi Filiala həmin dövrdə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. Həmçinin həmin dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi barədə məlumatların əldə olunması üçün Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialında araşdırma aparılmışdır. Bu məqsədlə, iddiaçının sığortaedən kimi 1997-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini həyata keçiribkeçirməməsi ilə əlaqədar hesabat məlumatlarının əldə olunması üçün aidiyyəti üzrə Fondun Arxiv və sosial ödənişlərin invertarlaşdırılması üzrə mərkəzi filialına müraciət olunmuş və Mərkəzi Filialın cavab məktubunda sığortaedən kimi İddiaçı dair hesabat məlumatlarının təhvil verilmədiyi bildirilmişdir.
13. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
14. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
16. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
22. İddiaçı xx.xx.1957-ci ildə anadan olub.
23. İddiaçının diplomuna, hərbi biletinə və əmək kitabçasındakı qeydlərə əsasən cavabdeh orqan tərəfindən nəzərə alınan xx.xx.2006-cı ilə qədər sığorta stajı 18 il 04 ay 17 gündür. İddiaçı xx.xx.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1993-cü ilə qədər müxtəlif işlərlə məşğul olmuşdur, 1997-2005-ci illər üzrə fiziki şəxs kimi fəaliyyət göstərmişdir, lakin cavabdeh qurum tərəfindən iddiaçının 1997-2005-ci illər üzrə fiziki şəxs kimi fəaliyyət göstərərək işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir.
24. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 3 . Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
26. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.
27. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1997-ci ildən 2005-ci ilə kimi fiziki şəxs kimi fəaliyyət göstərmiş və müvafiq icra hakimiyyəti orqanının uçot sistemində qeydə alınmışdır.
28. Eyni zamanda iddiaçının müvafiq dövr üzrə (1997-2005-ci ilədək olan dövr nəzərdə tutulur) işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin həmin illəri sığorta stajını daxil etməməsinə əsas iddiaçının 1997-2005-ci illər üzrə fiziki şəxs kimi fəaliyyət göstərdiyi həmin dövrdə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübutun təqdim edilməməsidir. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
29. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
30. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Bu səbəbdən də iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
31. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva