Məhkəmə qərarları › İş №2-1(112)-14579/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14579/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14579/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Bağçılıq-Yoldaşçılıq üzvlüyünün 12 mart 1993-cü il tarixli, 23 №-li Orderinə əsasən X4 1 №-li mətbəənin “Çapçı” bağçılıq idarə heyətinin qərarına əsasən ünvan 1i ünvanda 9-cu Cənub küçəsində 149 №-li bağ sahəsi verilmişdir. 1 №-li Mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 30 aprel 1998-ci il tarixli 14 №-li protokoluna əsasən Əzizbəyov rayon Dübəndi kəndində mətbəə işçiləri üçün ayrılmış bağ evləri özəlləşdirilmişdir... 24. Gözəlov Məmmədağa – 9 cənub küçəsi, ev 149... Azərbaycan Respublikası Mətbuat və İnormasiya Nazirliyi 1 №-li X16 Yoldaşlığının xx.xx.2007-ci il tarixli arayışına əsasən Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarına 1 №-li mətbəəyə Dübəndi kəndində ayrılmış bağçılıq yoldaşlığının sahəsində 9-cu Cənub küçəsi 149 №-li bağ yeri M.F.Gözəlova verilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu Zirə bələdiyyəsi tərəfindən Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə verilmiş xx.xx.2007-ci il tarixli arayışına əsasən Zirə qəsəbəsi, 9-cu Cənub küçəsi, 149 №-li bağ sahəsi X4 məxsusdur. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 04 aprel 2014-cü il tarixdə verilmiş AZ-İ 679249 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X6 08 fevral 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 02-ci ayının 15-cü günündə 212 № ilə qeyd edilmişdir. Bakı şəhəri 40-cı Dövlət Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktuba əsasən X3 ölümü ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəflərindən xx.xx.2014-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı, X10 və X1 Məmmədağa Fərzulla oğlunun vərəsələridir. Yuxarıda qeyd olunanlara əsasən 08 fevral 2013-cü il tarixdə ölmüş X3 adına daşınmaz əmlaklara dair reyestrdən çıxarış verildikdən sonra onun vərəsələri İddiaçı, X8 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Xətai rayonu, Pirallahı rayonu, Dübəndi bağ massivi, 9-cu Cənub küçəsində yerləşən “149” saylı bağ sahəsi üzərində mərhum X3 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız və tərəfinizdən təqdim edilən siyahı aşkar olunmamışdır. Həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 9-cu Cənub küçəsində yerləşən, ümumi sahəsi 0,05 ha olan 149 №-li bağ sahəsinin xx.xx.2013-cü il tarixdə vəfat ermiş mərhum X4 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, onlar 1993-cü ildən ailəlikcə istifadələrinə verilmiş bağ sahəsində ev tikib yaşamışlar. Hal-hazıra qədər də həmin bağ sahəsi onların sahibliyində və istifadələrindədir. X2 xx.xx.2013-cü il tarixində vəfat etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, İdarə onu əlverişsiz vəziyyətə salmışdır. Belə ki, cavabdehin hərəkətsizliyi səbəbindən qanuni əsaslarla mərhum ərindən miras qalmış bağ sahəsini qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın reyestrində qeydiyyata aldıra bilmir. Bu da onun mülkiyyətə sahib olmaq, ondan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyəndici sənədlər təqdim etməmişdir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və təqdim edilən siyahı aşkar olunmamışdır. Həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə iddiaçının X2na Azərbaycan Bağçılıq-Yoldaşçılıq üzvlüyünün 12 mart 1993-cü il tarixli, 23 №-li Orderinə əsasən 1 №-li mətbəənin “Çapçı” bağçılıq idarə heyətinin qərarına əsasən ünvan 1i ünvanda 9-cu Cənub küçəsində 149 №-li bağ sahəsi verilmişdir. İddiaçı həmin bağ sahəsinin mərhum ərinə məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının və təqdim edilən siyahının aşkar olunmadığını, həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Baxılan işdə iddiaçı Azərbaycan Bağçılıq-Yoldaşçılıq üzvlüyünün Orderini və üzvlərin iclasının protokolunu təqdim etmişdir. Lakin cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir:

1. iddiaçının adının İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmaması;

2. təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsünün müəyyən edilməməsi. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, İdarənin arxivində saxlanılan və məhkəməyə təqdim edilmiş, cavabdehin istinad etdiyi siyahılar, “Çapçı” bağçılıq yoldaşlığa deyil, “İşıq”, “Gənclik” və “Yazıçı” bağçılıq-yoldaşlığa aid siyahılardır. Bundan başqa iddiaçı məhkəmə iclasında mərhum ərinin “Çapçı” mətbəəsində işləməsinə dair əmək kitabçasının əslini, eyni zamanda “Çapçı” bağçılıq yoldaşlığa üzv olmasına dair üzvlük kitabçasının əslini təqdim etmişdir. Bundan başqa iddiaçı, həmçinin “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin siyahısının “Çapçı” bağçılıq yoldaşlığın sədri tərəfindən təsdiq edilmiş surətini də məhkəməyə təqdim etmişdir. Həmin siyahıda iddiaçının mərhum ərinin adı 28-ci sırada göstərilmişdir. İddiaçı, həmçinin “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin xx.xx.1998-ci il tarixli, 14 № li iclasının protokolundan çıxarışın təsdiq edilmiş surətini məhkəməyə təqdim etmiş, həmin protokolda da iddiaçının ərinin adı əks olunmuşdur. Göründüyü kimi, iddiaçı iddia etdiyi bağ sahəsinə dair Mülki Məcəllənin 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etsə də, cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavadehin ikinci dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı bağ sahəsinin sxemini təqdim etmiş və həmin sxemdə bağ sahəsinin ölçüsü göstərilmişdir. Digər tərəfdən iddiaçı bağ sahəsinin mərhum ərinə məxsusluğu barədə arayış verilməsini xahiş edir. Həmin bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq sənədləşdirilməsi cavabdehin vəzifəsidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir

NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 9-cu Cənub küçəsində yerləşən, ümumi sahəsi 0,05 ha olan 149 №-li bağ sahəsinin xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X4 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar