Məhkəmə qərarları › İş №2-1(112)-1458/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1458/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1458/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 17.02.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********9 nömrəli, 13.04.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 16 sentyabr 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin X4 İstismar İdarəsinin iddiaçıya dair 18 noyabr 2020-ci il tarixli 220 nömrəli arayışında 01.10.2010-cu il tarixindən bugünədək adı çəkilən İdarədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının əmək kitabçasında qeyd edilmiş 1978-2021-ci illər ərzində stajının və orta texniki peşə məktəbində təhsil aldığı 1975-1978-ci illər əyani təhsil müddətinin onun sosial sığorta stajına hesablanaraq, iddiaçıya stajına, yaşına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı tarixdən, yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(114)-1216/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. 20.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “57 yaşının tamam olduğu 04.03.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Tərtər şəhərində anadan olmuş, 1975-ci ildə texniki peşə məktəbinə daxil olmuş, 1978-ci ildə məktəbin tam kursunu bitirməklə elektrik qaz qaynaqçısı peşəsinə yiyələnmişdir. 15 sentyabr 1978-ci il tarixdə Kommunal Təsərrüfat şöbəsində yaşıllıq üzrə fəhlə işləmiş, 09 iyul 1979-cu ildə öz ərizəsiylə işdən azad olunmuşdur. 06 may 1982-ci ildən 23 iyun 1982-ci ilə kimi Bərdə rayonu “PMK-15” adlanan idarədə qaynaqçı, 02 iyun 1982-ci ildən keçmiş Mirbəşir K/T istehsal texniki-təminat birliyinin avtoqarajında qaynaqçı, 01 aprel 1991-ci ildən Tərtər rayon X5 Nəqliyyat müəssisəsində qaynaqçı işləmişdir. 01 oktyabr 2010-cu ildən bu günə kimi X4 İstismar İdarəsində qaynaqçı işləmişdir. İşlədiyi dövrlərdə iddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işləri əhatə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 13.08.2021-ci il tarixli, **********1 nömrəli iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının 57 yaşının tamam olduğu 04.03.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur:

1. 57 yaşın tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, A №786479 nömrəli Diplomun, ИТ-l №0365004 nömrəli əmək kitabçasının, НЗ №4234516 nömrəli hərbi biletin surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 1975-ci ildə Mirbəşir 96 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirərək, imtahan komissiyasının 26.07.1978-ci il tarixli qərarı ilə dördüncü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası almış, 15.09.1978-09.07.1979-cu illərdə Kommunal Təsərrüfat şöbəsində yaşıllıq üzrə fəhlə işləmiş, 11.11.1979-27.11.1981-ci illərdə hərbi xidmətdə olmuş, 06.05.1982- 23.06.1982-ci illərdə Bərdə rayonu “PMK-15” idarəsində qaynaqçı işləmiş, 02.07.1982-ci ildə Mirbəşir K/T istehsal texniki-təminat birliyinin avtoqarajında qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.04.1991-ci ildə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsinin 15 mart 1991-ci il tarixli 241 nömrəli əmrinə əsasən Tərtər rayonunda sərbəst təsərrüfathesablı nəqliyyat müəssisəsi yaradılması ilə əlaqədar həmin müəssisəyə keçirilmiş və qaynaqçı qəbul edilmiş, 29.09.2010-cu il tarixdə işdən azad edilmişdir. İddiaçı 01.10.2010-cu ildən indiyədək isə Tərtər X3 İdarəsində qaynaqçı kimi işləyir. Habelə işdə olan Tərtər rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli, 22 nömrəli məktubunda qeyd edilmişdir ki, Mirbəşir rayon Kommunal Təsərrüfat Şöbəsinin əmrlər Kitabından çıxarışdan görünür ki, №-81, §-3, 15.09.1978-ci il tarixli əmrlə iddiaçı 16.09.1978-ci il tarixdən yaşıllıq üzrə fəhlə qəbul edilmiş, aylıq əmək haqqı ştat üzrə hesablanmışdır. Mirbəşir rayon Mənzil Kommunal Təsərrüfat Şöbəsinin əmrlər Kitabından Çıxarışdan görünür ki, №-57, §-2, 09.07.1979-cu il tarixli əmrlə Yaşıllıq üzrə fəhlə İddiaçı 09.07.1979-cu il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmiş, onun axırıncı hesabı çəkilmişdir. Tərtər rayon Dövlət Arxivinin 12.11.2021-ci il tarixli, 43 nömrəli məktubunda qeyd edilmişdir ki, Mirbəşir rayon X7 X6 Əmrlər Kitabından çıxarışdan 28.07.1982-ci il tarixli, 47 nömrəli əmrlə iddiaçı Avtoparka qaynaqçı qəbul edilmiş, əmək haqqı 2 həftəlik sınaq müddəti ilə gördüyü işə görə verilmişdir. Mirbəşir rayon X8 və Mexanikləşdirmə Birliyinin əmrlər kitabından çıxarışdan 51, §6, 01.04.1991-ci il tarixli Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsinin 15.03.1991-ci il tarixli 24 nömrəli əmrinə əsasən Tərtər rayonunda sərbəst avtomobil nəqliyyat müəssisəsinin yaradılması ilə əlaqədar iddiaçı X8 və Mexanikləşdirmə İstehsalat birliyindən yeni yaradılmış nəqliyyat müəssisəsinə keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22.11.2021-ci il tarixli, **********13 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin 25.10.2000-ci il tarixli, 258 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin X8 və X1 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 29.03.2013-cü il tarixli, 104 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş ləğv edilmiş "xxxx" Respublika İstehsalat Birliyinin X2 Müəssisəsinin bazasında “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri 29.05.2007-ci il tarixində, “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmləri isə 12.02.2019-cu il tarixində tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlarla iddiaçının 1975-ci ildən etibarən müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapır. Məhkəmə iddiaçının ümumi əmək stajına münasibətdə iki dövrün fərqləndirilməsini zəruri sayır:

1. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu 01.01.2006-cı il tarixədək olan dövr- İ dövr;

2. ƏPQ-nin qüvvədə olduğu 01.01.2006-cı il tarixdən hazırkı tarixədək – İİ dövr. İ dövrlə bağlı məhkəmə aşağıdakıları qeyd edir: 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək əmək kitabçasındakı qeydləri, arxiv arayışlarını, hərbi xidmət və təhsil dövrünü əsas götürərək həmin dövrü iddiaçının iş stajı kimi qəbul edir. Belə olan halda müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək 29 il 4 ay 26 gün sığorta stajı olmuşdur. İİ dövrlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. 01.01.2006-cı il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qaydaların 3.10-cü bəndinə əsasən isə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Göründüyü kimi, qanunvericilik 01.01.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən müəyyən edilir ki, iddiaçının işlədiyi 01.01.2006-cı il tarixdən 01.10.2010-cu il tarixədək dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir, buna görə də həmin dövr iddiaçının ümumi stajına daxil edilə bilməz. Deməli, 01.01.2006-cı il tarixdən sonra iddiaçıya pensiya təyin edilməsi üçün ümumi stajına daxil edilməli dövr 01.10.2010-04.03.2017-ci illər arasındakı dövrdür. Belə olan halda müəyyən edilir ki, iddiaçının 57 yaşının tamam olduğu 04.03.2017ci il tarixə ümumilikdə 35 il 10 ay ümumi iş stajı olmuşdur. İddiaçının xüsusi stajına gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 23200000 kodlu XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35. Ümumi peşələr – bəndinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər X3 İdarəsi tərəfindən verilmiş 220 nömrəli, 18.11.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01.10.2010-cu il tarixdən 46 nömrəli əmrlə X3 İdarəsinə altıncı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir, hazırda həmin işdə işləyir. İddiaçının əmək kitabçasına əsasən 38 il, 7 ay, 11 gün ümumi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndindəki əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi 37 il, 9 ay, 17 gün iş stajı vardır. Həmçinin məhkəmə sorğusuna əsasən həmin müəssisənin təqdim etdiyi 09.12.2021ci il tarixli 170 nömrəli məktubda qeyd olunmuşdur ki, idarədə qaynaqçı vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əl ilə qaynaqçı vəzifəsində 06.05.1982 (əmr №76 §3) - 24.06.1982 (əmr №103) Bərdə DMK-15; 02.07.1982 (əmr № 47) - 29.09.2010 (əmr № 17) Mirbəşir kənd təsərrüfatı texniki birliyi; 01.10.2010 (əmr №46) tarixindən hal -hazıradək Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin Tərtər Suvarma Sistemləri idarəsi, tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 23 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan iş kimi günün 8 (səkkiz) saatı əl ilə elektrik qaynaq işi aparmaq olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35 bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Göründüyü kimi, iddiaçının hazırda işlədiyi müəssisə İddiaçı həm həmin müəssisədə işlədiyi dövrün, həm də 1982-ci ildən 29.09.2010-cu il tarixədək işlədiyi dövrün güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması barədə arayış vermişdir. Lakin həmin müəssisənin tabe olduğu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC məhkəmə tərəfindən verilən sorğulara cavab olaraq iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda təsbit olunmuş peşələrdən hansınasa uyğun gəlməsinin müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş yerlərindən təqdim edilmiş şəxsin zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) birmənalı sübut kimi qəbul edilə bilməz. Belə ki, bu zaman həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İPM-in 1.2-ci maddəsi nəzərə alınmaqla MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yəni iddiaçının işlədiyi Bərdə rayonu “PMK-15” idarəsi, Mirbəşir K/T istehsal texnikitəminat birliyinin avtoqarajı və Tərtər rayonunda sərbəst təsərrüfathesablı nəqliyyat müəssisəsi, habelə sonuncu işlədiyi Tərtər X3 İdarəsi hər hansı zavod, iri istehsal müəssisəsi və s. olmadığından hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparılmadığı aydındır. Məhkəmə iclasında iddiaçı həmin müəssisələrdə əl ilə elektrik qaynaqçısı işlədiyini bildirmiş, cavabdeh bunu təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda həm qaz qaynaqçıları, həm də əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. İddiaçıya məxsus diplomdan görünür ki, onun ixtisası elektrik qaz qaynaqçısıdır. Ona məxsus əmək kitabçasından görünür ki, iddiaçı işlədiyi müəssisələrdə qaynaqçı peşəsini yerinə yetirmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında işlədiyi vəzifə “qaynaqçı” yazılsa da, məhkəmə işin istinad olunan hallarını nəzərə alaraq hesab edir ki, Tərtər X3 İdarəsi tərəfindən verilmiş arayış iddiaçının xüsusi stajının müəyyən edilməsinə münasibətdə mötəbər sübut hesab edilməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu 04.03.2017ci il tarixə 30 il 22 gün güzəştli iş stajı olmuşdur. Beləliklə, sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə yanaşı, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini də xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. ƏPQ-nin 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə iddiaçının müraciəti ilə bağlı inzibati icraat materiallarının təqdim edilməsi barədə cavabdeh inzibati orqana sorğu vermiş, lakin həmin sorğu cavablandırılmamışdır. İşdə olan cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçı ona pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana 17 fevral 2021-ci il tarixdə müraciət etmişdir. Deməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun hüququnun yarandığı 04.03.2017-ci il tarixdən təyin edilsə də, pensiya ödənişi ƏPQ-nin 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 17.02.2018-ci il tarixdən etibarən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 04.03.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi 17.02.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar