Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1458/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən sahəsi 43.59 kv. metr olan 3 otaqlı 24 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanda yerləşən sahəsi 43.59 kv. metr olan 3 otaqlı 24 saylı mənzil Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 4048 saylı sərəncamına əsasən ona və ailəsinə ayrılmışdır. Qeyd edilən sərəncam əsasında xx.xx.1992-ci il tarixli 008803 saylı order verilmişdir. Bu illər ərzində ailə üzvləri ilə birgə həmin mənzildə yaşamış, vətəndaş olaraq üzərinə düşən bütün vəzifə və öhdəliklərini icra etmişdir. Bir müddət əvvəl Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona verilmiş hüququnu həyata keçirmək üçün mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmişdir. Bunun üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 4048 saylı sərəncamının arxiv çıxarışının verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli cavab məktubu ilə arxivdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin sərəncamının xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla onun barəsində heç bir məlumat olmadığı bildirilmişdir. Yaranmış vəziyyətlə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə müraciət etsə də, bir nəticəsi olmamışdır. Mənzilə dair onda olan sənədlərlə cavabdeh təşkilata müraciət etsə də, xx.xx.2021-ci il tarixli **********92 saylı imtina məktubu ilə mənzilə dair müvafiq sənədlərin orderin arxiv arayışı əlavə olunmaqla təqdim edilməli olduğu bildirilmişdir. Göstərilən səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 iyun 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi **********81 №-li xx.xx.2022-ci il tarixli etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (orderin arxiv arayışı əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğun olmasına dair iddiaçıya məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********92 saylı, xx.xx.2021-ci il tarixli cavab ünvanlanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçının ailə üzvləri ilə birgə mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yanaşı, həmin mənzildə yaşadıqlarını nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyatdadır. xx.xx.1992-ci il tarixli 008803 №-li orderin notarial qayda təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan order Səbail rayon X7 xx.xx.1992-ci il tarixli 4048 №-li qərarına əsasən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət sahəsi 43,59 kv.m olan 24 saylı mənzilə köçmək üçün verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış M-13 №-li, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Səbail rayon İH-nin arxiv fondu üzrə 1992-ci il tarixli, 4048 saylı X8 Bakı filialında mövcuddur. Lakin həmin sərəncam xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla həmin sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 6-M-210- 091 №-li xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsində, ona mənzil verilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinin 1992-ci il tarixli, 4048 nömrəli Sərəncamında səhv olması və bu işdə köməklik olunmasını xahiş etmişdir. Eyni məzmunlu ərizəsi tərəflərindən təkrar araşdırılmışdır. Bundan əvvəl təqdim etdiyi ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli, M-13 saylı məktubundan görünür ki, Səbail Rayon İH-nin arxiv fondu üzrə 1992-cü il tarixli, 4048 saylı X8 Bakı Filialında mövcuddur. Lakin həmin Sərəncam xx.xx.1992-ci il deyil, xx.xx.1992-ci il tarixli olmaqla sərəncamda onun barəsində heç bir məlumat yoxdur. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-04577-2022 saylı, 27 iyul 2022-ci il tarixli və BA-04874-2022 №-li xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublarında Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli 4048 saylı sərəncamının təsdiq edilmiş ksero surətinin təqdim edildiyi və Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 1992-ci ilə dair sənəd materiallarında İddiaçı barədə heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Qeyd olunan məktublara əlavə olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 4048 №-li, xx.xx.1992-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, qeyd olunan sərəncam “Azərbaycan Respublikası Mənzil Məcəlləsininnin 85-ci maddəsinə əsasən ailənin üzvü X1 hesab edilməsi nəticəsində yaşayış sahəsinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” olmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********1 №-li xx.xx.2022-ci il tarixli məktubunda ünvan 8 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1313 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş 100 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 312 nömrəli arayışından müəyyən olunur ki, Məmmədov X2 Kərimov küçəsindəki 4 №-li evin 5-ci mərtəbəsində 43,59 kv. metr sahəsi olan 3 otaqlı 24 №-li mənzildə 4 (dörd) nəfərdən ibarət ailə üzvü ilə birlikdə yaşayır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********49 №-li xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən mənzillər ayrı-ayrı fiziki şəxslərin adlarına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Məktuba əlavə olunmuş Azərbaycan SSR Bakı şəhər ZDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli 107722 və 107723 №-li orderlərin surətlərindən müəyyən olunur ki, qeyd olunan orderlər müvafiq olaraq X4 və X6 Bakı şəhəri, keçid 1724, məhəllə 2945, ev 4, blok 2, 4-cü mərtəbədə yerləşən 22 və 23 saylı mənzillərə köçmək üçün 26 Bakı komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1972-ci il tarixli 23 №-li qərarına əsasən ayrılmışdır. İddiaçının müraciətinə cavab olaraq, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 4 saylı evin, 24 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə baxılmışdır. Qeyd olunan mənzilə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (orderin arxiv arayışı əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İddiaçıya mübahisəli mənzilə dair orderin verildiyi vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır (maddə 16). Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (maddə 17). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür (maddə17.2):. Xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu (17.2.1); Dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.2); Bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.3). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür(17.3): Sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu (17.3.1); Xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.2); Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır (17.4). Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin – yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır (17.5). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir (maddə 146.2). Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər (maddə 146.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi, mənzilə dair hüququn qeydə alınması üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mövcud olmalıdır. İddiaçı tərəfindən xx.xx.1992-ci il tarixli 008803 №-li order təqdim olunsa da yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı məhkəməyə təqdim olunmamışdır. Orderdə qeyd olunan mənzilin ayrılmasına dair qərara gəldikdə isə, məhkəmə araşdırması zamanı həmin qərarın (sərəncam) digər bir fiziki şəxs aid “kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” olduğu müəyyən olunmuşdur. Bundan əlavə iddiaçı tərəfindən iddia olunan mübahisəli 24 saylı mənzilin yerləşdiyi binada digər fiziki şəxslərə ayrılmış 22 və 23 saylı mənzillərə dair verilmiş 107722 və 107723 №-li orderlərin surətlərindən müəyyən olunur ki, həmin orderlər xx.xx.1972-ci il tarixli 23 №-li qərar əsasında xx.xx.1972-ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1458/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1458/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver