Məhkəmə qərarları › İş №2-1(112)-1458/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1458/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1458/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 833 №-li, xx.xx.1999-cu il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən “Leyla firmasının (bundan sonra – iddiaçı və ya Firma) 15.03.99-cu il tarixli, 0001 №-li məktubu nəzərə alınaraq, Nizami rayonu, B.Çobanzadə küçəsində 2405-ci məhəllədə ofis binasının layihələndirilməsi və tikintisi üçün iddiaçıya 0,035 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 24 №-li xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 03/628 saylı, iddiaçının xx.xx.2002-ci il tarixli, 170 saylı məktubları və vət.X3 ərizəsi nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsində iddiaçıya və vət. Ş.Ə.Əhmədovaya ayrılmış ərazidə yerləşən məişət və iaşə obyekti, eləcə də onun ətrafındakı torpaq sahəsi (əsaslı tikinti işləri aparmamaq şərti ilə), mövcud vəziyyətdə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Həmin Sərəncama əsasən Nizami rayonu, Rüstəmov və Çobanzadə küçələrinin kəsişdiyi ərazidə, 2405-ci məhəllədə şəhid ailəsinin üzvü X5 torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 398 saylı və xx.xx.1998ci il tarixli, 1149 saylı Sərəncamları, həmçinin iddiaçıya ofis binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 833 saylı Sərəncamı ləğv edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 395 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamına əsasən iddiaçıya dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 24 saylı sərəncamının 1-ci bəndindəki mötərizədaxili ifadə (əsaslı tikinti işləri aparmamaq şərti ilə) ləğv edilmişdir. xx.xx.2004-cü il tarixində Bakı Şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında 0261 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə asasən 2545 kv.m olan torpaq sahəsi, 49 (qırx doqquz) il müddətinə İddiaçı Firmasının istifadəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 30 yanvar 2015-ci il tarixli Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən iaşə obyektinin və məişət binasının yerləşdiyi 2545 kv.m torpaq sahəsi, icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə iddiaçı arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi xx.xx.2053-cü il tarixədək sonuncunun icarəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 403831 № li çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekti xx.xx.2019-cu il tarixdə dövlət reyestrində X4 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – cavabdeh və ya Xidmət) xx.xx.2023-cü il tarixli, 55 № li Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə Firma arasında imzalanmış hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin ləğv edilməsi üçün əsas olmuş 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 qarşı Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllə ünvanında tikili olan 1408,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin boşaldılması barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin məhkəmə prosesi zamanı cavabdehin vəkili və nümayəndəsi qoşmaya əlavə edilmiş sənədi təqdim etmişdir. Həmin sənəddə qeyd edilmişdir ki, “icarəyə verilmiş torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binasının mülkiyyət hüququnun X4 adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alındığını nəzərə alaraq Firma ilə bağlanmış icarə müqaviləsi ləğv edilmişdir.” Firma həmin torpaq sahəsinə görə müəyyən edilmiş icarə haqqı ödənişlərini həyata keçirmişdir. Bundan əlavə Firmaya Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03/26 nömrəli 9/t-301 iş nömrəli xx.xx.2003-cü il tarixli “Ayrıc aktı” verilmişdir. Ayrılmış torpaq sahəsində “Dan Ulduzu” şadlıq sarayı həmin ayrıc aktında göstərilmişdir. Həmin şadlıq sarayının sökülməsi üçün Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin iddia ərizəsinə baxılan zaman həmin iş üzrə cavabdeh olan X4 vəkili və nümayəndəsi qoşmaya əlavə edilmiş məktubu təqdim etmişdir. Lakin bu iddia üzrə cavabdeh olan Xidmət Firma ilə müqaviləyə xitam vermişdir. Bütün bunlara baxmayaraq iddiaçının bundan xəbəri olmamışdır. Cavabdeh inzibati orqanla bağlanmış müqavilənin heç bir bəndində ləğv edilmənin əsası yoxdur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Xidmət əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. İddiaçıya məxsus olmuş yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 adına qeydə alındığından, vətəndaş Ağaəli İsmayılov ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3424 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. A.İsmayılov tərəfindən ünvan 4 ünvanındakı qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd və mübahisə predmeti olan 2545 kv.m torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən digər sənədlər təqdim edildikdən sonra, Xidmətin 15 mart 2023-cü il tarixli, 55 nömrəli sərəncamı ilə Firma ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Mübahisəli torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak üzərində A.İsmayılovun adına qeydə alınmış hüququnun mövcud olması təsdiq edir ki, Xidmət tərəfindən qeyd olunan əmlakın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Sərəncam yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlərr. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı hazırkı tələbində cavabdehin 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamının Firmaya aid hissədə ləğv edilməsini xahiş edir. Mübahisələndirilən Sərəncam inzibati aktdır. Mübahisələndirilən Sərəncam iddiaçı barəsində əlaverişsiz inzibati aktdır. Belə ki, mübahisləndirilən Sərəncamla tərəflər arasında bağlanmış icarə müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. İddia həmçinin iddia müddətinə əməl edilməklə verilmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddialarda qanunverici iddia müddətinin axımının başlanması anı kimi mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim (elan) edilməsi anı ilə əlaqələndirmişdir. İş materiallarından iddiaçının mübahisələndirdiyi Sərəncamın iddiaçıya elan və ya təqdim edilməsinə dair hər hansı sübut yoxdur. Məhkəmə, iddiaçıların mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya onlara rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən Bakı şəhəri, Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamları ilə iddiaçıya ayrılmış, xx.xx.2004-cü il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında 49 illik torpaq icarə müqaviləsi bağlanmışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə həmin ünvanda yerləşən iaşə obyektinin və məişət binasının yerləşdiyi 2545 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin ünvanda yerləşən 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekti xx.xx.2019-cu il tarixdə dövlət reyestrində X4 adına qeydə alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda həmin Sərəncamı mübahisələndirir və Firmaya aid hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Qəbul edilmiş inzibati akt “Dövlət torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin ləğv edilməsi haqqında” adlandırılmaqla məzmunu aşadakı kimidir: İcarə əsasında istifadə edilən torpaq sahəsində yerləşən obyektlərin üzərində icarəçilərin mülkiyyət hüququna xitam verildiyini və icarəçilərin imtina məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719-cu, Torpaq Məcəlləsinin 73-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 № li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 5.5.9-cu yarımbəndini rəhbər tutaraq qərara alınır:

1. Bu Sərəncama əlavədə göstərilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələrini icarə müqavilələri ləğv edilir; .... Sərəncama icarə müqaviləsi ləğv olunan torpaq sahələrinin Siyahısı əlavə edilmişdir. Həmin siyahının 3-cu sırada iddiaçıya aid hissədə icarə müqaviləsinin ləğv edilməsi əsası kimi, “qeyri-yaşayış binasının mülkiyyət hüququnun X4 adına DƏDRX-də xx.xx.2019-cu il tarixli, ********** nömrə ilə qeydiyyata alınması və icarə haqqı borcunun xx.xx.2023-cü il tarixə kimi ödənildiyi nəzərə alınaraq icarə müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi (X4 adına icarə müqaviləsi bağlanması şərti ilə) qeyd edilmişdir. Sərəncamın faktiki əsası kimi - torpaq sahəsində yerləşən obyektlərin üzərində icarəçilərin mülkiyyət hüququna xitam verilməsi, icarəçilərin imtina məktubu, qeyri-yaşayış binasının mülkiyyət hüququnun X4 adına DƏDRX-də xx.xx.2019-cu il tarixli, ********** nömrə ilə qeydiyyata alınması və icarə haqqı borcunun xx.xx.2023-cü il tarixə kimi ödənilməsinə istinad edilmişdir. Sərəncamın hüquqi əsası kimi - Mülki Məcəllənin 719-cu, Torpaq Məcəlləsinin 73-cü maddəsinə və Xidmətin Əsasnaməsinin 5.5.9-cu yarımbəndinə istinad edilmişdir. Məhkəmə Sərəncamın faktiki əsası ilə bağlı aşağıdakıları qeyd edir: İşin mübahisələndirilməyən halıdır ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və onunla həm Bakı şəhər İcra Hakimiyyəti, sonradan isə Xidmətlə icarə müqavilələri bağlanmışdır. Sərəncamda torpaq sahəsinin icarəçilərinin imtina məktubuna istinad edilsə də, iddiaçı tərəfindən belə bir məktubun verilməsi, torpaq sahəsindən imtina etməsi müəyyən edilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu halı təsdiq edərək iddiaçı tərəfindən belə bir məktubla müraciət edilmədiyini, Sərəncam ümumi Sərəncam olduğuna görə, həmin halın digər əmlaklara və şəxslərə münasibətdə nəzərdə tutulduğunu bildirmişdir. Sərəncamda icarə haqqının xx.xx.2023-cü il tarixə qədər ödənilməsi qeyd edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Xidmətin hesabına hər ay üzrə 263 manat olmaqla icarə haqqı ödəmişdir. Göründüyü kimi Sərəncamın faktiki əsası kimi istinad edilən hallar hazırkı işə münasibətdə öz təsdiqini tapmır. Sərəncamın hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllə: Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Maddə 719.3. Əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin müəyyənləşdirilməsi barədə razılaşma yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə xitam veriləcək icarə yarımilliyinin üçüncü iş günündən gec olmayaraq verilməlidir. Maddə 719.4. İcarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Maddə 719.5. İcarəçi iş qabiliyyətini itirdikdə, əgər icarəyə verən icarəyə götürülmüş əşyanın təsərrüfat təyinatına uyğun lazımi istifadəsini təmin etmək məqsədilə hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verilməsi ilə razılaşmırsa, icarəçi xəbərdarlıq müddətlərini gözləməklə hüquq münasibətlərini ləğv edə bilər. Bu qaydaya zidd olan razılaşmanın qüvvəsi yoxdur. Maddə 719.6. İcarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Maddə 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. Maddə 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Maddə 686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə: Maddə 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Maddə 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Maddə 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Maddə 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin Vİİ bəndi müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyir. 7.1. Müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər. 7.2. Aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: - tərəflərin qarşılıqlı razılığı ilə; - torpaq sahəsinə dövlət ehtiyacları olduqda; - bu müqavilənin 2.2, 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; - tərəflərdən biri müqavilənin şərtlərini pozduqda digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı əsasında. Müqavilənin 2.2-ci maddəsi icarəçinin hüquq və vəzifələrini, 5.2-ci maddəsi isə, icarəyəverənin razılığı olmadan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsi, girov qoyulması, habelə torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərini aparılması halında müqaviləyə xitam verilməsi hallarını tənzimləyir. Məhkəmə qeyd edir ki, əqd hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır Hazırkı işdə tərəflər müvafiq müqaviləni bağlamaqla öz hüquq və vəzifələrini, öhdəliklərini, müqaviləyə xitam verilməsi qaydasını və s. müəyyən etmişlər. Mübahisələndirilən Sərəncamla yuxarıda qeyd edilən faktiki və hüquqi əsaslara istinad edilərək müqavilə cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Baxılan işdə icarə müqaviləsi xx.xx.2015-ci ildə bağlanmış və müqavilənin müddəti xx.xx.2053-cü ilədək müəyyən edilmişdir. Hazırkı işdə müqavilənin ləğv və ya xitam edilməsi üçün sadalanan normalarda istinad edilən faktiki və hüquqi əsaslar müəyyən edilmir. Cavabdeh müqavilənin ləğv edilməsinin digər bir əsası kimi torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istinad etmişdir. Lakin iddiaçının istifadəsinə verilmiş və müddəti başa çatmamış torpaq icarə müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən normalarda bu hal nəzərdə tutulmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Nəzərə almaq lazımdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Bundan başqa, qeyd etmək lazımdır ki, inzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur: - səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqı aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər — digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadının 26-27-ci bəndləri). Yuxarıda qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməməsi ayrıca məhkəmə mübahisəsinin (mülki işlər və ya kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən Sərəncamla müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. Bu hal da özü-özlüyündə həmin Sərəncamın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. “İnzibati icraat haqqında” Qanun: 2.0.1. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamı İddiaçı Firmasına aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar