Məhkəmə qərarları › İş №2-1(112)-14583/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14583/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14583/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “avtomaşının aşkar edilərək saxlanılması, avtomaşını idarə edən şəxsin müəyyən edilməsi və avtomaşının mühafizə olunan duracağa yerləşdirilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı İddiaçı məxsus olan VAZ-21011 markalı, açıq qəhvəyi rəngli, 1O-GR-239 dövlət qeydiyyat nişanlı avtomaşının aşkar edilərək saxlanılması, avtomaşını idarə edən şəxsin müəyyən edilməsi və avtomaşının mühafizə olunan duracağa yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təqribən 15 il bundan qabaq, 2009- 2010-cu illardə özümə məxsus olan VAZ-21011 markalı, açıq qəhvəyi rəngli, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomaşınını satmaq üçün metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən “Maşın bazarına” getmişdir. Avtomaşını adını xatırlamadığı bir şəxsə satmışdır. O şəxsə etibarnamə vermişdir ki, sonra maşını adına rəsmiləşdirsin. Həmin vaxtdan xeyli bir müddət keçəndən sonra 2023-cü ildə təsadüfən məlum olmuşdur ki, sözügedən nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti qaydalarını pozduğuna görə inzibati xəta pozuntusuna görə cərimə yazılıb. Avtomaşını satdığı vaxtdan xeyli müddət keçdiyinə görə avtomaşını satdığı şəxsin adını və etibarnaməni hansı notariat kontorunda verdiyini xatırlamır. Buna görə də həmin şəxslə nə əlaqə saxlaya bilir, nə də etibarnəməni ləğv etdirə bilir. Dəfələrlə DİN-ə, BDYPİ-yə müraciət edərək adına olan avtomaşının tutulub mühafizə olunan dayanacağa yerləşdirilməsini xahiş etməyinə baxmayaraq nəqliyyat vastəsinin tutulub saxlanılması istiqamətində BDYPİ tərəfindən heç bir tədbir görülmür. Əksinə cərimələrin ondan tutulması üçün bir neçə dəfə ona qarşı məhkəmədə iddia qaldırılmışdır və hər dəfə də məhkəmə əsaslı olaraq BDYPİ-nin iddiasını rədd etmişdir. Nəqliyyat vasitəsinin tutulub saxlanılması barədə BDYPİ-nə sonuncu ərizəsini xx.xx.2024-cü il tarixdə göndərmişdir. 15 il bundan əvvəl satdığı avtomaşını tapa bilmir və vaxtaşırı da adına cərimələr yazılır. Nəticədə hüquqları pozulur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-16/2-Ə-70685 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ilkin müraciətinin araşdırılmasının nəticəsi olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdırılməsinə dair qəbul olunmuş qərar barədə xx.xx.2023cü il tarixli, 16/2-Ə-74210 nömrəli məktubla rəsmi cavab verilmişdir. Telefon əlaqəsi zamanı qanunvericiliyin tələbləri izah edilmiş və nəqliyyat vasitəsi saxlanıldıqdan sonra qaldırılan məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-xx-xx/8794/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, «VAZ 21011» markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satdıqdan sonra idarə etmədiyiniz halda yol hərəkəti qayda pozuntuları törədilməsinə görə əsassız olaraq barənizdə inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X2i İdarəsinə müraciət etməyinə baxmayaraq rəsmi cavab verilməməsinə dair Daxili İşlər Nazirliyinin X1 Xidmətinin “102" Xidməti-zəng mərkəzinə verdiyi məlumat üzrə araşdırma aparılmışdır. İlkin müraciətinin araşdırılmasının nəticəsi olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdırılməsinə dair qəbul olunmuş qərar barədə xx.xx.2023-cü il tarixli, 16/2- Ə-70685 nömrəli məktubla rəsmi cavab verilmişdir. Telefon əlaqəsi zamanı qanunvericiliyin tələbləri izah edilmiş və nəqliyyat vasitəsi saxlanıldıqdan sonra qaldırılan məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-16/2-Ə-74210 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, mülkiyyətçisi olduğu «VAZ 21011» markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X2i İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4019/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3974/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə bağlı tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3284/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-16/2-203893/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Baş X2i İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "Vaz 21011" markalı **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2000-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən ona ünvanlanmış 3-13-16/2-Ə-74210 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, mülkiyyətçisi olduğu «VAZ 21011» markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X2i İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Belə olan halda, iddiaçının cavabdeh qurum tərəfindən hər hansı hüquqlarının pozulması müəyyən edilmir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının inzibati xəta törətməməsi ilə əlaqədar inzibati tənbehin ləğv edilməsinə dair işlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalıdir, eləcə də, avtonəqliyyat vasitəsi ilə bağlı etibarnamənin ləğvi ilə bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edilir. Qeyd edilən tələblərlə bağlı iddiaçıya səlahiyyətli ümümi məhkəməyə müraciət etmək hüquqları izah edilir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən hüquqi müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar