Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14589/2024 23.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X3) “A və B tikilisinin hər birinin ayrı-ayrılıqda rəsmiləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışla qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzillərin A və В tikilisində hər birində iki mənzil sahəsi ayrı-ayrı paylı mülkiyyətdə olmaqla A tikilisində olan yaşayış sahələri X2 və X5 paylı mülkiyyətində olmaqla, В tikilisində olan yaşayış sahələri İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olmaqla rəsmiləşdirilməsi haqqında öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Məhkəmənin qərardadı ilə X7 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin dörd nəfərin paylı mülkiyyətində olması ilə bağlı narazıdırlar, çünki mənzil sahələri digər iki nəfər payçının mənzil sahələri ilə hər hansı ortaq nöqtəyə, toxunma nöqtəsinə malik deyil. Qeyd olunan ünvanda A və В tikililəri mövcuddur. A tikilisində iki mənzil sahəsi yerləşir, В tikilisində iki mənzil sahəsi yerləşir, A və В tikililəri bitişik deyil. Buna baxmayaraq çıxarış həmin mənzil sahələrinin bitişik kimi rəsmiləşdirilməsi nəticəsində dörd nəfərin paylı mülkiyyəti kimi qeydə alınıb. Hesab edir ki, mənzil sahələri A tikilisində iki mənzil sahəsi üzrə və В tikilisində iki mənzil sahəsi üzrə ayrılıqda olmaqla hər biri A tikilisində iki payçının mənzil sahələri üzrə çıxarış verilməlidir, В tikilisində isə bizə iki mənzil sahəsi üzrə paylı mülkiyyətdə olmaqla çıxarış verilməlidir. Bununla bağlı cavabdehə müraciət edib xahiş etmişdir ki, ******* nömrəli xx.xx.2012 tarixli çıxarışla qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzillərin A və В tikilisində hər birində iki mənzil sahəsi ayrı-ayrı paylı mülkiyyətdə olmaqla rəsmiləşdirilməsi üçün köməklik göstərsinlər. İddiaçı öz mənzil sahəsinin digər iki nəfər payçının mülkiyyətində olması ilə bağlı narazıdır, çünki paylı mülkiyyətdə olan tikililər bitişik deyil. Paylı mülkiyyətdə olması üçün səbəb yoxdur. Lakin müraciətiə aldığı cavab məktubundan görünür ki, təmin edilməyib. Səbəb kimi dörd nəfər payçıdan birinin Bahar Seyidova öz mənzil sahəsinə baxış keçirilməsinə icazə verməməsidir. Üç nəfər payçı isə buna icazə vermişdir. Həmçinin mənzilin texniki pasportundan aşkar görünür ki, A və В tikililəri hər hansı ortaq toxunma və istifadə sahəsinə malik deyil. Lakin naməlum səbəbdən haqsız olaraq dörd nəfərin paylı mülkiyyəti kimi rəsmiləşdirilib. Halbuki gərək A tikilisində olan yaşayış sahələri Ağamalıyev Şəmsəddin və Seyidova Baharın paylı mülkiyyətində olmaqla, В tikilisində olan yaşayış sahələri paylı mülkiyyətində olmaqla rəsmiləşdirilməli idi. Yaşayış sahələri naturada paylara ayrılıb, problem məhz çıxarışın səhvən dörd nəfərin mülkiyyətinə verilməsidir. Evi digər iki nəfərin evi ilə hər hansı ortaq nöqtəsi yoxdur.
4. Cavabdehin imtina məktubu onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Texniki baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməyinin hüquqların dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 143.6 kv.m, yaşayış otaqlarının sayı 9 olan, A və B literli fərdi yaşayış evinə mülkiyyət hüququ 2 otaqdan (y/s-20.6 kv.m, k/s–11.2 kv.m) ibarət hissədə İddiaçı1 adına xx.xx.2012-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə, 2 otaqdan (y/s-18.2 kv.m, k/s–9.4 kv.m) ibarət hissədə İddiaçı2 adına, 2 otaqdan (y/s-34.1 kv.m, k/s – 11.1 kv.m) ibarət hissədə X4 adına, 2 otaqdan (y/s-26.5. kv.m, k/s – 12.5 kv.m) ibarət hissədə X1 adına qeydiyyata alınmışdır.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
I. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Hazırda tələb iddiaçıların və digər mülkiyyətçilərin (üçüncü şəxslərin) paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan fərdi yaşayış evinin ayrı-ayrılıqda mülkiyyətçilərin paylı mülkiyyətində olmaqla rəsmiləşdirilməsi və yeni çıxarışın verilməsidir.
12. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı mübahisədə hüquqi maraq iddiaçıların paylı mülkiyyətində olan daşınmaz əmlakın bölünərək ayrıca yeni çıxarışın verilməsinə yönəlsə də, iddia düzgün qaldırılmamışdır. Belə ki, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə məhkəmə iclası təyin olunmuş, keçirilən iclasda iddiaçılar iştirakını təmin etməmişdirlər.
13. Digər tərəfdən həmin şərtlərə əməl olsa idi belə, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
15. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə yeni ünvan verilir.
16. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən fərdi yaşayış evindən istifadə ilə bağlı iddiaçılar İddiaçı1, İddiaçı2 və digər paylı mülkiyyətçilər arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Belə ki, iddiaçılar mübahisəli daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 2 otaqdan ibarət hissəsi üzrə yeni çıxarışın verilməsini tələb edirlər, lakin həmin ev (A və B tikilisi) faktiki olaraq digər mülkiyyətçilərin məxsus tikililərin bir hissəsi olmaqla, onlara məxsus tikili ilə eyni torpaq sahəsində yerləşməklə hasarlanmışdır. Sözügedən evə dair təqdim edilmiş bölgü sxemi digər payçılar tərəfindən imzalanmamışdır. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar fərdi yaşayış evinin bölünərək yeni ünvanla çıxarış verilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi mülkiyyətçinin öz payının naturada ayrılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarının:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsində qeyd olunur: İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).
19. Odur ki, iddiaçılara müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçılara səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva