Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14593/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana (inzibati binaya) pasport qeydiyyatlarının bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdürlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar qeydiyyatda olduqları ünvandan məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Binəqədi rayon Polis İdarəsinin inzibati binasına, ünvan 2 ünvanına inzibati binaya qeydiyyata alınmışdırlar. Bir müddət bundan qabaq Binəqədi rayon Polis İdarəsi tərəfindən inzibati binadan pasport qeydiyyatından çıxarılmış və şəxsiyyət vəsiqələri etibarsız olmuşdur. İddiaçılar faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 74, ev 369A yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçıların yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir və hüquqmüəyyənedici sənədləri olmadığından pasport qeydiyyatına alınmaq mümkün deyildir. Başqa bir ünvana da qeydiyyata alınmaqları mümkünsüzdür. Pasport qeydiyyatının bərpası ilə bağlı Binəqədi RPİ-nə müraciət etmişlər, lakin əsassız olaraq imtina edilmişdir, verilmiş xx.xx.2023-cü il tarixli cavabda yaşayış yeri olmayan şəxs kimi qeydiyyata alınma barədə müsbət rəy verilməsinin qanuna müvafiq olmaması və yaşadıqları fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra həmin ünvana qeydiyyata alınma məsələsinə baxılacağı göstərilmişdir. Cavabda imtina sayılmaması göstərilməsi vətəndaşın məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması deməkdir və tədbir görülmədiyindən bu cavab imtina sayılır. Bu tamamilə əsassızdır, belə ki, fərdi yaşayış evinin nə vaxt konkret olaraq sənədləşdiriləcəyi məlum deyildir, onların hal-hazırda qeydiyyatsız qalmaqları hüquqlarını tamamilə məhdudlaşdırmışdır və bu halın, nə qədər davam edəcəyi məlum deyildir. Yaşadıqları özbaşına tikilinin sənədləşdirilməsi hal-hazırda mümkünsüzdür, ölkədə bu prosesə başlanılmamışdır və belə görünür ki, bu hal uzun müddət davam edəcəkdir, məhkəmə qaydasında da özbaşına tikililərə mülkiyyət hüququ tanınması mümkünsüzdür və qanunvercilikdə nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum Qərarı da ləğv edilməmişdir və qanunvericlikdə də vətədaşın pasport qeydiyyatının məhkəmə qərarı olmadan ləğv edilməsi qaydaları nəzərdə tutulmamışdır. Göründüyü kimi qeydiyyatdan çıxarılmaları onların qeydiyyatsız qalmağı, həmçinin şəxsiyyət vəsiqələrinin etibarsızlığı bir vətəndaş kimi Konstitusiyada təsbit edilmiş edilmiş hüquqlarının həyata keçirilməsini heçə endirmişdir. Sosial və digər hüquqlarınızın həyata keçirilməsi mümkünsüz olmuşdur, məlumdur ki, şəxsiyyət vəsiqəsi etibarsız olduqda hər hansı bir xidmətdən yararlanmaq mümkün deyildir. Hesab edilir ki, pasport qeydiyyatını bərpa etməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. İddiaçılar qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.
3. İPM-in 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyəti qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Həmçinin adları qeyd olunan vətəndaşlar hazırda ünvan 3 ünvanında faktiki yaşayırlar.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
9. İddia mümkündür. Belə ki, iddiaçılar iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdurlar.
III. Məhkəmənin mövqeyi
10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
11. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
13. CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, iddiaçııarın şəxsiyyət vəsiqələrinin statusu “deaktiv”dir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar Binəqədi rayonun inzibati ərazisində yerləşən özbaşına tikilidə qeydiyyatsız yaşayır. Bu işin mübahisəsiz halıdır. Həmin evin hüquqmüəyyənedici sənədləri yoxdur, belə olan halda iddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İddiaçıların yaşadığı özbaşına tikili məhz Binəqədi rayonun inzibati ərazi vahidində yerləşir və həmin evin mötəbər ünvan göstəricisi yoxdur, odur ki, iddiaçılar faktiki olaraq yaşayış yeri olmayan şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına əsasən qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
15. Məhkəmənin qeyd edilən qənaəti həm də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından irəli gəlir. Həmin qərarda qeyd edilir: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər...
16. Yəni Konstitusiya Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçını faktiki yaşadığı üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə inzibati binaya qeydiyyata alınmasını təmin etməlidir. İddiaçılar əvvəllər də polisin inzibati binasında qeydiyyatda olub, daha sonra qeydiyyatdan çıxarılıb. Belə ki, şəxsiyyət vəsiqəsi deaktiv statusda olduğu təqdirdə qeyd edilən vəzifələrin icra edilməsi imkanı mümkünsüz olur.
17. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
18. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
19. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
21. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 ünvan 1 ünvana, yəni Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva