Məhkəmə qərarları › İş №2-1(112)-14599/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14599/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14599/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının atası X3 qeydiyyatı ünvan 1 ünvanında olduğundan iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqəsinin) verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-ci ildə Gəncə şəhərində anadan olmuşdur, anası Ağdam rayonunda anadan olmuşdur. Ağdam rayonunun məlum işğalından sonra məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində məskunlaşıb. 14 iyun 2004-cü ildə Ağdam rayounda qeydiyyatda olan X6 ilə nikaha girməklə ailə həyatı qurub. Birgə nikahlarından xx.xx.2005-ci ildə X7 və xx.xx.2006-cı ildə İddiaçı doğulmuşdur. İddiaçının anasının məcburi köçkün statusu var, müvafiq yemək xərci müavinəti alır. İddiaçı məcburi köçkün statusunu almaq üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki: -Seriya AA № 505761 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X2 rayonundan məcburi köçkün düşmüşdür. -Seriya AA № 505267 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X1 rayonundan məcburi köçkün düşmüşdür. -AZ-İ № 103303 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X8 ilə X19 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. -AZ-İ № 833992 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il təvəllüdlü İddiaçı valideynləri X6 və X9r. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən, xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.1999-cu il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.1986-cı il təvəllüdlü X12 xx.xx.2010-ciu il tarixdən hazıreki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48083/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-31/2-994/2024 nömrəli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 dekabr 2024-cü il tarixli, 5- 31-12/2-158/2024 nömrəli arayışına əsasən X10 və Ağdam rayonu üzrə daimi qeydiyyatda olmayan İddiaçı, X4 məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ödənilmir. İddiaçı hazırda valideynlərinin məcburi köçkün statusuna malik olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə hazırki iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakiları bildirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələri: Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara,həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: …. 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; (9 sentyabr 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Qərarı (X23 Reyestrinin qeydiyyat nömrəsi **********0002, X23 Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2013-cü il) ilə 4.1.6-cı bəndi yeni redaksiyada verilmişdir Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin hazırkı imtina dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçının atası yaşayış yeri üzrə işğaldan azad ünvanda qeydiyyatda olmuşdur. Bununla bağlı (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) məhkəmə qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, “Qaydalar”ın həmin tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və konstitusion dəyərlərə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1856/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz.” Yuxarıda göstərilən məhkəmə qərarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələbin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığına istinad edərək həmin əsasın imtina əsası kimi qanunazidd olduğunu qiymətləndirmiş, bu səbəbdən də iddia vətəndaşın xeyrinə nəticələnmişdir. Göründüyü kimi istər qüvvədə olan qanunvericilik, istərsə də formalaşmış məhkəmə təcrübəsi məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı mübahisələrə qiymət verərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da nəzərdə tutulmuş “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyətin tətbiqini istisna etmişdir ki, bu da hazırki vəziyyətdə iddiaçının xeyrinə şərh olunan bir haldır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal (yaşayış yeri üzrə qeydiyyatla bağlı) iddia tələbinin təmin edilməsini istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar