Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-146/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 ilə keçmiş Bakı şəhər X2 və İstismarı Birliyi arasında bağlanmış 13.01.1993-cü il tarixli, 24744 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində 0,12 hektar torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsinin X5 məxsus olması haqqında arayışın (çıxarışın) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,12 hektar olan 5377 saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, 1980-ci illərdə Bakı şəhər X2 və İstismarı Birliyi tərəfindən iddiaçının atası X5 Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində 0,12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsi verilmiş, sonra isə iddiaçının atası ilə Bakı şəhər X2 və İstismarı Birliyinin 25.12.1992-ci il tarixli, 2217 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsinə və orada yerləşən 41,34 kv.m sahədən ibarət olan iki otaqlı evə dair 13.01.1993-cü il tarixli 24744 saylı müqavilə bağlanmışdır. Hazırda həmin evdən iddiaçı istifadə edir, orada yaşayır. Evin elektrik enerjisi, təbii qazı və telefonu vardır. İddiaçının atası 13.06.2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra həmin bağ sahəsindən iddiaçı istifadə edir, oraya faktiki sahiblik edir. Hazırda iddiaçı atasına məxsus bağ sahəsini özəlləşdirmək istəyir, bununla bağlı notariat kontoruna müraciət edib atasının vərəsəsi olaraq tanınmışdır. Notariat kontoru tərəfindən cavabdehdən bağ sahəsinə çıxarışın və forma 1 saylı arayışın verilməsi xahiş edilmiş, lakin cavabdeh imtina edərək sözügedən bağ sahəsinin 520 kv.m hissəsinin elektron baza məlumatına əsasən digər fiziki şəxsin istifadəsinə verildiyini bildirmişdir. Halbuki atasının icarəsinə verilən torpaq sahəsi artıq 30 ilə yaxındır iddiaçının istifadəsindədir, həmin torpaq sahəsinin 520 kv.m hissəsi başqa şəxsin istifadəsində ola bilməz. İddiaçı tərəfindən də cavabdehdən bağ sahəsinə dair arayışın verilməsi tələb olunmuş, lakin cavabdeh ona imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsinin 520,0 kv.m hissəsi idarənin elektron baza məlumatlarına əsasən digər şəxsin, yəni "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazidə yerləşir. Bununla bağlı iddiaçıya 11.10.2019-cu il tarixli məktub ünvanlanmışdır. «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış 15.08.2019-cu il tarixli məktubda qeyd olunur: 13.06.2019-cu il tarixdə vəfat etmiş mərhum X4 vərəsəsi olan ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı ərizəsi əsasında 5 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat kontorunda onda qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış və yüklülüyün olub-olmaması barədə arayış (forma№1) verilməsini təmin etməyinizi xahiş edirəm. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.10.2019-cu il tarixli məktubda qeyd edilir: X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5337 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 20.08.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsinin 520.0 kv.m hissəsi idarənin elektron baza məlumatlarına əsasən digər şəxsin istifadəsinə verilmiş ərazidə yerləşir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunan nöqsanlara görə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan X2 və İstismarı Birliyi ilə icarədar X6 arasında imzalanmış 13.01.1993-cü il tarixli, 24744 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 5377 nömrəli bağ X4 istifadəsinə verilmişdir (həmin müqavilənin təsdiq edilmiş surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21.05.2020-ci il və 25.09.2020-ci il tarixli məktublarla da məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21.05.2020-ci il və 25.09.2020-ci il tarixli məktublarla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 saylı “İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin 12.06.2007-ci il tarixli, 1/539 saylı razılıq məktubunu və "xxxx" MMC-nin 20.04.2007-ci il tarixli, D/04/01 saylı müraciətini nəzərə alaraq, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədilə 101 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.12.2020-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 101 ha torpaq sahəsinə dair məlumat elektron kadastr bazasında mövcuddur, lakin həmin sahəyə dair texniki sənədlər İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 30.04.2021-ci il tarixli məktubda qeyd olunur: 101 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 nömrəli sərəncamı, torpaq sahəsinin plan-ölçü sxemi, texniki pasportu və digər sənədlər Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2021-ci il tarixli məktubda qeyd olunur: "xxxx" MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 nömrəli sərəncamı ilə ayrılmış 101 ha torpaq sahəsinə dair plan sxem, plan ölçü, texniki pasport və digər sənədlər 1 saylı Bakı Ərazi İdarəsinin Arxiv şöbəsində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 08.06.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, müraciətlə bağlı araşdırma aparılmış və sorğu verilmişdir, lakin "xxxx" MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.06.2007-ci il tarixli, 285 nömrəli sərəncamı ilə ayrılmış 101 ha torpaq sahəsinə dair plan sxem, plan ölçü, texniki pasport və digər sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC tərəfindən 22.11.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş 29.10.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur: İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib naturada koordinatları müəyyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən "xxxx"nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: 1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində 0,12 hektar torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsinin təqdim edilmiş sxemə əsasən koordinatlarını müəyyən etmək mümkün deyil, lakin təqdim edilmiş sxemdə qeyd olunan məsafələrə görə 0,12 hektar torpaq sahəsini naturada müəyyən etmək mümkündür. 2. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində 0,12 hektar torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat aşkar edilmədi. Bağın faktiki ölçüsü1936 kv.m təşkil edir ki, həmin ərazidə başqa şəxsin adına hər hansı bir sənədə qeydə alınması aşkar edilməmişdir (sxem rəyə əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində 0,12 hektar torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsi "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022-ci il tarixli, 10/6153 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 22.11.2021-ci il tarixli, **********03 saylı mütəxəssis rəyinə əsasən təqdim edilmiş sxemdə qeyd olunan məsafələrə görə 0,12 hektar torpaq sahəsini naturada müəyyən etmək mümkün olduğu müəyyən edilir. Sözügedən torpaq sahəsinin hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat aşkar olunmamışdır. Bağın faktiki ölçüsü 1936 kv.m təşkil edir ki, həmin ərazidə başqa şəxsin adına hər hansı bir sənədin qeydə alınması aşkar edilməmişdir. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində 0,12 hektar torpaq sahəsindən ibarət olan 5377 saylı bağ sahəsi "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X2 və İstismarı Birliyi ilə icarədar X6 arasında imzalanmış 13.01.1993-cü il tarixli, 24744 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 5377 nömrəli bağ X4 istifadəsinə verilmişdir. Həmin müqavilənin və bağ sahəsinin cizgisinin təsdiq edilmiş surətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də məhkəməyə təqdim edilmişdir. X6 iddiaçının atasıdır və o, 13.06.2019-cu ildə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqanın həmin bağ sahəsinin digər şəxslərin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC tərəfindən verilmiş 29.10.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin bağ sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat aşkar edilməmişdir, bağın faktiki yerləşdiyi ərazidə başqa şəxsin adına hər hansı bir sənədin qeydə alınması aşkar edilməmişdir, həmin bağ sahəsi "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşmür. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022-ci il tarixli, 10/6153 nömrəli ekspert rəyindən görünür ki, qeyd olunan bağ sahəsinin hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə məlumat aşkar olunmamışdır, bağın faktiki yerləşdiyi ərazidə başqa şəxsin adına hər hansı bir sənədin qeydə alınması aşkar edilməmişdir, həmin bağ sahəsi "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh mübahisələndirilən bağ sahəsinin digər şəxslərin, eləcə də "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazidə yerləşdiyini təsdiq edən sübutları, eləcə də həmin bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilmədi. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin müqavilə ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,12 hektar olan 5377 saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-146/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-146/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver