Məhkəmə qərarları › İş №2-1(112)-146/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-146/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-146/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X16 cəlb olunmaqla) «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar X15, X4, İddiaçı və X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçılar SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi İxtisaslaşdırılmış Tikinti Birliyinin Suenerjitikinti Trestinin müxtəlif sahələrində müəyyən vəzifələrində uzun illər işləmişlər. Bakı Şəhər XDS İK 13 iyun 1990-cı il tarixli 4/145 nömrəli qərarı ilə iddiaçıların işlədiyi Yeni Bakı Elektrik X7 İdarəsinin əməkdaşlarına bağ sahələrinin verilməsi məqsədilə 2.2 ha torpaq sahəsi ayrılmışdır. Bakı ŞİH Baş Memarlıq və Şəhərsalma İdarəsi 30 oktyabr 1990-cı il tarixli 90/İ-492, 90/660 saylı aktı ilə həmin torpaq sahəsinin çizgi və sərhədlərini müəyyən edərək təhvil götürmüşdür. Bakı Şəhər XDS İK-nın qərarı icrası edilməsi üçün Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-ya həvalə edilmişdir. Əzizbəyov Rayon XDS İK 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarı 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarı ilə icra edərək iddiaçıların işlədiyi İdarəyə bağ sahəsinin verilməsi üçün torpaq ərazisi ayırmışdır. Əzizbəyov Rayon XDS İK-nın 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarı qərarında “Xoş Diyar” Bağçılıq Yoldaşlığı üzvləri tərəfindən həmin bağ sahələrinin bölüşdürülməsi göstərilmişdir. 2 fevral 1991-ci il tarixdə iddiaçıların üzv olduğu “Xoş Diyar” Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi yığıncağı keçirilərək püşkatma yolu ilə həmin bağ sahələri ədalətli şəkildə bölüşdürülmüşdür. Həmin bölgüyə əsasən Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində iddiaçıların hər birinə 11, 13, 15, 17 saylı bağ nömrələri verilməklə 0,6 ha torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə dair verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahələrinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı 29 sentyabr 2020-ci il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, X9, X2, İddiaçı və X5 Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən onlara məxsus torpaq sahəsinə verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi, həmin ərazidə onlara məxsus bağ sahələrinə dair ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. 1) X1 vərəsəsi X5 Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Xoş Diyar” bağlar massivi ünvanında yerləşən 18 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müraciəti İdarəyə 1 fevral 2020-ci il tarixdə daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahəyə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş digər şəxsin (X18) adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə, eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. Bununla bağlı X8 **********22 qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. 2) ünvan 2 sahəsinin koordinatlarının müəyyən edilməsi barədə X2 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. X4 tərəfindən göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahəyə dair ləğv olunmuş DTXK tərəfindən verilmiş digər şəxsin (X18) adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə, eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********20 qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. 3) ünvan 3ağ sahəsinin koordinatlarının müəyyən edilməsi barədə X9 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X9 adı aşkar olunmamışdır. Həmçinin, göstərilən sahə bağların bölgü sxeminə əsasən 20a saylı bağın ərazisinə uyğun gəlir və həmin bağ sahəsinin mülkiyyət hüququna dair digər şəxsin (X19) adına ləğv edilmiş DTXK tərəfindən şəhadətnamə verilmişdir. Bu barədə X12 **********82 qeydiyyat nömrəli 5 mart 2020-ci il tarixli məktub ünvanlanmışdır. 4) ünvan 4n koordinatlarının müəyyən edilməsi barədə İddiaçı 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, digər fiziki şəxslər tərəfindən hasarlanmış göstərilən sahə digər şəxsin (X16) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İPM-in 56-cı maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmənin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar X9, X2, İddiaçı və X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbləri üzrə işdən iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat və hazırkı iş – İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Məhkəmənin digər qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati məhkəmə icraatına X16 üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddası təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsaəsn inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının bağ sahəsinə hüquqların qeydiyyata alınması müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən 5 mart 2020-ci il tarixli məktubla imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair order, eləcə də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının adına “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvü kimi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivindəki 17 saylı bağa dair üzvlük bileti mövcud olsa da, iddiaçının adının həmin bağçılıq yoldaşlığının üzvlərinin siyahısında aşkar olunmadığı məhkəmə icraatında müəyyən edilir. Nəzərə alınmalıdır ki, bu barədə məlumatı cavabdeh inzibat orqan versə də, həmin qurum Bakı ŞİH nəzdində olan bağ təsərrüfatı idarəsi 22 may 2007-ci il tarixdə ləğv olunduqdan sonra onun arxiv daşıyıcısıdır. Nəticə də, iddiaçının adının müvafiq bağçılıq yoldaşlığının üzvlərinin siyahısında aşkar olunmaması onun həmin bağ sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi bağ sahəsi başqa şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, həmin bağın hazırkı iddiaçının mülkiyyəti kimi ilkin qeydiyyatının aparılması mümkünsüzdür. Məhkəmənin 18 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəsisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvlük bileti əsasında İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki iddia etdiyi 17 saylı bağ sahəsinin koordinatlarının üçüncü şəxs X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin və ya başqa şəxsin istifadəsində, yaxud mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə hər hansı hissədə üst-üstə düşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2021-ci il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında bildirilir: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə 12 iyul 2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin qeyd olunan tarixdən bir ay müddət keçməsinə baxmayaraq, vəsatətdə qeyd olunan əlavə materiallarla (mütəxəssis rəyi və ya baza məlumatları) bağlı hər hansı məlumat Mərkəzə daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizanın aparılmasının təşkili haqqında» Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar geri qaytarılır. Tövsiyə olunur ki, iş materialları təkrarən Mərkəzə qaytarılacağı halda, təkrarlanan qanunsuz yazışmaların aradan qaldırılması məqsədilə 12 iyul 2021-ci il tarixli vəsatətdə göstərilən məlumat və materialların əvvəlcədən toplanaraq iş materiallarına əlavə edilsin. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İş üzrə mütəxəssis rəyinin verilməsi barədə məhkəmənin müraciətinə DƏKÜR Xidmətində baxılmışdır. Məhkəmədən daxil olmuş bundan əvvəlki müraciət əsasında DƏKÜR Xidmətinin 19 aprel 2021-ci il və 7 iyul 2021-ci il tarixli məktubları hazırlanaraq Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. DƏKÜR Xidməti tərəfindən tədqiqat obyektinə baxış keçirilməməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsi 24 sentyabr 2021ci il tarixli 2-1(112)-861/2021, 2-1(112)-1616/2021 və 2-1(112)2373/2021 nömrəli məktublarla smeta məbləğinin ödənilməsi ilə bağlı qəbz göndərilərək mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunmuşdur. Bu səbəbdən tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə yenidən məlumat daxil olacağı, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarş) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) rəsmi surətdə təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin tədqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli qərardadı ilə yenidən məhkəmə ekspertizası təyin edilmiş və yuxarıda qeyd olunan məzmunda sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında imtinaya əsas kimi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə daxil olmadığı bildirilir. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə müvafiq sual üzrə mütəxəssis rəyinin məhkəməyə təqdim olunmasının təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (yenidən təşkil nəticəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bazasında yaradılmışdır) həvalə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 10 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından və bağ sahəsi koordinat sistemində yerləşmədiyindən bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Həmçinin İdarədə mövcud olan arxiv siyahısında vətəndaşın (İddiaçı) adı aşkar edilməmişdir. Bu səbəbdən qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Faktiki olaraq kənardan göstərilən ümumi ərazi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır. Göründüyü kimi, İddiaçı ona ayrılmış sahə kimi iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 17 saylı bağ sahəsinin yerinin müəyyən edilməsi üçün məhkəmə müvafiq prosessual hərəkətlər (tədbirlər) aparsa da, son nəticədə bağ sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunan hal da İddiaçı iddia etdiyi bağ sahəsinə hüququnun yaranmaması qənaəti yaradır. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 17 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar