Məhkəmə qərarları › İş №2-1(112)-1460/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1460/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1460/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı 08.02.1958-ci ildə Bakı şəhərində anadan olmuş, “Orjonikidzeneft” X14 İdarəsinin (NQÇİ-nin) 163 saylı 16.09.1975-ci il tarixli əmrinə əsasən İdarənin nəqliyyat sexinə anbardar peşəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış, NQÇİ-nin 13k saylı 22.12.1975-ci il tarixli əmrinə əsasən bu İdarədən 01.12.1975-ci ildən köçürmə yolu ilə “Azneft” X3 Texniki-Nəqliyyat İdarəsinə anbardar peşəsinə işə qəbul olunmuş, Suraxanı TNİ-nin 209/k saylı 10.11.1984-cü il tarixli əmrinə əsasən 11.11.1984-cü il tarixdən işdən azad olunmuş, Orjonikidze rayon X10 Birliyinin 230 saylı 26.09.1984-cü il əmrinə əsasən 27.09.1984-cü il tarixdən un sexinə çörəkçi peşəsinə işə qəbul olunmuş və həmin Birliyin 13 saylı 28.01.1993-cü il tarixli əmri ilə 01.02.1993-cü il tarixdə işdən azad olunmuş, "xxxx" fabrik-mətbəxin 01 saylı 01.02.1993-cü il tarixli əmrinə əsasən, köçürmə yolu ilə 01.02.1993-cü il tarixdə həmin fabrik-mətbəxin təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuş və 01.09.2001-ci ildə həmin iaşə müəssisəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Bu faktlar iddiaçının adına verilmiş 22.09.1975-ci il tarixli əmək kitabçası ilə təsdiqlənir, onun 25 il 10 ay 14 təqvim günü sosial stajı olduğu müəyyən edilir. Sözügedən əmək fəaliyyətini nəzərə alaraq iddiaçı yaşa görə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh **********1 saylı 20.07.2020-ci il tarixli məktubu ilə onun ümumi iş stajının 25 ildən az olması səbəbindən ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında aşağıdakılar göstərilmişdir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Həmçinin, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Buna görə də vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasına əsasən, 01,02.1993-cü il tarixdən 01.09.2001-ci il tarixə kimi işləmiş olduğu "xxxx" fabrik-mətbəxin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuş və bu səbəbdən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 01.10.2012-ci il tarixdə Bakı Suraxanı RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X4 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 26.10.2020-ci il tarixli 5/1774 saylı və 08.02.2021-ci il tarixli 4/224 saylı eyniməzmunlu məktublarından görünür ki, "xxxx" X1 iaşə müəssisələri birliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16.02.2021-ci il tarixli **********95 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətində İddiaçı Suraxanı ictimai X5 köçürmə yolu ilə fabrik mətbəxinin təsərrüfat müdiri təyin edilməsinə dair həmin Birliyin 01.02.1993-cü il tarixli əmri aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23.07.2021-ci il tarixli **********96 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “X11 Birliyi” barədə hər hansı məlumat aşkar edilmədi. Birliyin tərkibində olmuş ünvan 1 ünvanında yerləşən "xxxx" Fabrik Mətbəxi isə 2008-ci ildə özəlləşdirilmişdir və onun hansı tarixdə təşkil edilməsi barədə məlumat yoxdur. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 12.07.2021-ci il tarixli **********061900 saylı və 11.08.2021-ci il tarixli **********918800 saylı məktublarından görünür ki, idarədə olan reyestrdə “X11 Birliyi” və onun tərkibində olan "xxxx" Fabrik Mətbəx adlı kommersiya qurumları aşkar edilməmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 23.11.2020-ci il tarixli **********312500 saylı və 07.09.2021-ci il tarixli **********192800 saylı məktublarından görünür ki, qeydiyyat qovluğuna əsasən Fabrik- Mətbəx Atəşgah müəssisəsi 07.06.1995-cı ildə 1152 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, reyetsrdə qurumun ləğv olunması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 21.01.2021-ci il tarixli SOCAR**********30490089X00002 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1958-ci il təvəllüdlü Hüseynova (Ağayeva) Sədaqət Vəlican qızı həqiqətən 16.09.1975-ci ildə (əmr № 163, 16.09.1975-ci il) “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” Birliyinin 30.09.1975-ci il tarixli 331 nömrəli və “Orcenikidzeneft” NQÇİ-nin 22.12.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar 01.12.1975-ci ildə (əmr № 19/k, 22.12.1975-ci il) X6 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. 01.12.1975-ci ildə (əmr № 20/k, 22.12.1975-ci il) köçürülmə yolu ilə X6 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmişdir. 10.05.1978-ci ildə (əmr № 87/k, 10.05.1978-ci il) müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmişdir. 04.09.1979-cu ildə (əmr № 172/k, 04.09.1979-cu il) anbardar vəzifəsinə keçirilmişdir. “Azneft” Birliyinin 29.01.1981-ci il tarixli 39 nömrəli əmrinə əsasən X6 İdarəsi “Orcenikidzeneft” NQÇİ-nin tərkibinə verilmişdir. 11.11.1984-cü ildə (əmr № 209/k, 10.11.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13.09.1992-ci il tarixli, 200 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra SOCAR) yaradılmışdır. SOCAR “Orcenikidzeneft” NQÇİ-nin və X6 İdarəsinin arxiv sənədlərinin varisi və qoruyucusudur”. - Cavabdehin iddiaçıya ünvanlanmış 20.07.2020-ci il tarixli **********1 saylı imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 01.07.2020-ci il tarixindən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyini mümkün hesab olunmamışdır. - İddiaçıya məxsus 22.09.1975-ci il tarixdə doldurulmuş əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 16.09.1975-ci ildə (əmr № 163, 16.09.1975-ci il) “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, “Azneft” Birliyinin 30.09.1975-ci il tarixli 331 nömrəli və “Orconikidzeneft” NQÇİ-nin 22.12.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar 01.12.1975-ci ildə (əmr № 19/k, 22.12.1975-ci il) X6 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, 01.12.1975ci ildə (əmr № 20/k, 22.12.1975-ci il) köçürülmə yolu ilə X6 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, 10.05.1978-ci ildə (əmr № 87/k, 10.05.1978-ci il) müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmiş, 04.09.1979-cu ildə (əmr № 172/k, 04.09.1979-cu il) anbardar vəzifəsinə keçirilmiş, 11.11.1984-cü ildə (əmr № 209/k, 10.11.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. - İddiaçıya məxsus 26.11.1984-cü il tarixli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 27.11.1984-cü il tarixdən “Orconikidze” rayonu ictimai iaşə müəssisələri birliyinin un sexinə forma hazırlanması üzrə 3-cü dərəcəli çörəkçi işinə qəbul olunmuş (Əmr № 230/k 26.11.1984), 16.01.1986-cı il tarixli forma hazırlanması üzrə kalkulyator vəzifəsinə keçirilib (Əmr № 10/k 15.01.1986), 16.10.1989-cu il tarixdən forma hazırlanması fabrikinə təsərrüfat müdiri keçirilmiş (Əmr №161 16.10.1989), 01.02.1993-cü il tarixdən "xxxx" Fabrik-mətbəxində Suraxanı İctimai X5 köçürmə yolu ilə fabrik - mətbəxin təsərrüfat müdiri qəbul edilmiş (Əmr №1 01.02.1993), 01.09.2001-ci il tarixdən işdən azad edilmişdir (ƏMR №12 01.09.2001). İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun tələb olunan 25 il iş stajı toplanmır. Həmçinin, 01.01.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığı müəyyən edilmişdir. İddiaçının 01.02.1993-01.09.2001-ci illərdə "xxxx" fabrik-mətbəxində işləməsi cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı, həmçinin, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında 01.02.1993-01.09.2001-ci illərdə "xxxx" fabrik-mətbəxində işlədiyi qeyd edilsə də, X12 Müəssisəsinin 07.06.1995-ci il tarixdə 1152 nömrə ilə qeydiyyatdan keçməsi və həmin müəssisənin VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi müəyyən edilmişdir. Həmçinin də müəssisənin hər-hansı arxiv sənədlərinin mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının birinci əmək kitabçasında 11.11.1984-cü ildə öz xahişi ilə işdən azad olunduqdan sonra, 15 gün sonra adına yeni 26.11.1984-cü il tarixli əmək kitabçasının açılması, iddiaçının "xxxx" fabrik-mətbəxinə 01.02.1993-cü il tarixdə işə qəbul edilməsi barədə qeydin latın qrafikası ilə deyil, rus dilində tərtib edilməsi, 01.09.2001-ci ildə işdən azad edilməsi barədə qeydin isə kiril qrafikası ilə tərtib edilməsi, eyni zamanda hər iki qeydin üzərinə latın qrafikalı yazılar əks olunmuş möhürün vurulması, 07.06.1995-ci il tarixdə qeydiyyatdan keçən müəssisəyə iddiaçının 01.02.1993-cü il tarixdə işə qəbul edilməsi və işləməsi barədə bu kimi ziddiyyətli məlumatlar əmək kitabçasındakı bu qeydlərin həqiqiliyinə şübhə doğurur. İddiaçının həmin dövrə aid iş stajının arxiv məlumatlarını qarşılıqlı yoxlanılma ilə müəyyən etmək isə mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssədə məhz 01.02.1993-cü il tarixdən işləməsini təsdiq edən başqa mötəbər sübut da aşkar edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin dövr onun sosial sığorta stajına daxil edilməklə hesablana bilməz. Belə olan halda, cavabdeh tərəfindən qanuni olaraq həmin dövr iddiaçının əmək stajına hesablanmamışdır. Beləliklə, həmin dövr nəzərə alınmadığı təqdirdə iddiaçının “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarında anbardar vəzifəsində 2 ay 16 gün, X6 İdarəsinin (TNİ) anbarında anbardar vəzifəsində 2 il 5 ay 10 gün, tabelçi vəzifəsində 1il 3 ay 25 gün, anbardar vəzifəsində 5 il 2 ay 8 gün, “Orconikidze” rayonu ictimai iaşə müəssisələri birliyinin un sexində çörəkçi, kalkulyator, təsərrüfat müdiri vəzifələrində 4 il 10 ay 20 gün, ümumlikdə, 14 il 19 gün əmək stajı mövcuddur. Belə olan halda, iddiaçının 61 yaşının tamam olduğu 18.02.2019-cu il tarixdə 25 il əmək stajı toplanmır. Qanunvercinin yaşa görə əmək pensiyasının təyin edilməsinin alternativ şərti kimi müəyyən etdiyi 01.01.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə qədər fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınması halı da iddiaçıya münasibətdə mövcud olmadığı üçün cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulmadığı aşkar edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialaqarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar