Məhkəmə qərarları › İş №2-1(112)-1461/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1461/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1461/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzilə sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yeni Yasamal 1, yaşayış massivi 14 saylı evin, 157 saylı (4 otaqlı, sahəsi 58.99 kv.m) mənzilinin İddiaçı verilməsi barədə sərəncam vermə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Sahəsinin Uçotu və Bölüşdürməsi Baş İdarəsinin 17/240 saylı xx.xx.1993-cü il tarixli məktubu ilə icra hakimiyyəti tərəfindən X4 Zavoduna ümumi sahəsi 259.73 kv.m olan 4 mənzil ayrılmışdır. X4 Zavodunun həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli ümumi yığıncağına əsasən faktiki mənzil şəraiti və ailə üzvlərinin sayı nəzərə alınmaqla Bakı şəhəri Yeni Yasamal 1 yaşayış massivi 14 saylı evin 157 saylı (4 otaqlı, sahəsi 58.99 kv.m) mənzil zavodun əməkdaşı İddiaçı verilmişdir və həmin tarixli 68 saylı protokoldan çıxarış iş materiallarına əlavə edilmişdir. Mənzilin verilməsi ilə bağlı mənzil-uçot sənədləri Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Cavabdeh xx.xx.1994-cü il tarixli 03/930 saylı məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlərə baxılmış, qeyd edilən mənzil qaçqınlar tərəfindən zəbt olunmuşdur. Zəbt olunmuş mənzillərə order vermək qeyrimümkün olduğundan mənzil-uçot işləri geri qaytarılmışdır. İddiaçı uzun müddət davamlı olaraq məsələnin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etmiş, xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Cavabdeh Bakı X4 Zavoduna məktubla müraciət edərək, iddiaçının ərinin vəfat etdiyini, 3 qız uşağı ilə kimsəsiz Ləhiş bağlarında yaşadığını və ona verilmiş mənzilin yenisi ilə əvəz olunması məsələsində köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2004-cü il tarixli 164 saylı məktubla İddiaçı müraciətinə cavab olaraq bildirmişdir ki, maliyyə çətinlikləri ilə bağlı son 13 il ərzində BŞİH tərəfindən yaşayış binları inşa edilmir, mənzil fondunda boş mənzil olmadığından vətəndaşın xahişini yerinə yetirmək imkan xaricindədir. İddiaçı zəbt olunmuş mənzilinin boşaldılması ilə bağlı dəfələrlə mənzildə yaşayan şəxslərlə danışıqlar aparmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır. Rayon icra hakimiyyəti isə mənzil məcburi köçkünlər tərəfindən boşaldığı halda məsələyə yenidən baxılacağını bildirmişdir. Vətən Müharibəsindən və işğal edilmiş ərazilərin işğaldan azad edilməsindən sonra iddiaçı hüquqlarının bərpası, ona ayrılmış mənzilə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı yenidən aidiyyəti orqanlara müraciət etmişdir. Bakı şəhəri Yasamal rayo MKTB-nin 19 saylı MKS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, sözügedən mənzilə dair hər hansı bir sənəcam verilməsi barədə məlumat yoxdur, mənzildə məcburi köçkünlər yaşayır və mənzilə dair kirayə müqaviləsi bağlanmayıb. Mənzildə qeydiyyatda heç kim yoxdur. xx.xx.2023-cü il tarixli arayışla isə bildirilmişdir ki, mənzil Şuşa rayonundan məcburi köçkün olan X9 tərəfindən zəbt olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, sözügedən mənzilə dair hər hansı vətəndaşa order, sərəncam verilməsi barədə icra hakimiyyətində heç bir məlumat yoxdur. Qeyd olunan mənzil məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Mənzilə dair İddiaçı adına hüquq müəyyənedici sənədlərin verilməsi ilə bağlı aidiyyəti icra hakimiyyətlərinə müraciət edilmiş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti xx.xx.2023-cü ildə cavab olaraq Cavabdehnə və ya məhkəməyə müraciət etməyi tövsiyyə etmiş, Bakı şəhəri Cavabdeh isə xx.xx.2023cü il tarxli məktubla qeyd olunan mənzildə məskunlaşan məcburi köçkünlər öz evlərinə köçürüldükdən sonra müraciətə müvafiq qaydada baxılacağını bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı Şuşa rayon İcra Hakimiyyəti şifahi olaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq bütün Şuşa şəhər qeydiyyatında olan vətəndaşlar mərhələli şəkildə öz evlərinə qayıdacaqlar. Böyük Qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin köçürülməsi cari il üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirik ki, mənzilə dair orderlərinin verilməsinin müvvəqəti dayandırılması halı aradan qalxdığından Bakı şəhəri Yeni Yasamal 1 yaşayış massivi 14 saylı evin 157 saylı (4 otaqlı, sahəsi 58.99 kv.m) mənzil İddiaçı adına rəsmiləşdirilməlidir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, yuxarıda qeyd olunan mənzildə məskunlaşan məcburi köçkünlər öz evlərinə köçürüldükdən sonra müraciətinə müvafiq qaydada baxılacaqdır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyəti hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9, X3, X6, X7 və Bakı şəhər Mənzil- Kommunal Təsərrüfat Departamenti hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.

6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq, son 13 il ərzində BŞİH-tı tərəfindən yaşayış binaları inşa edilmədiyindən, mənzil fondunda boş mənzil olmadığından və Azərbaycan Respublikasının dövlət büdcəsindən bu sahə üçün vəsait ayrılmadığından sizin xahişinizi yerinə yetirmək BŞİH-nin imkan xaricindədir.

7. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 19 saylı Mənzil Kommunal İstismar Sahəsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti xx.xx.2023-cü il tarixli, 104 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri Yeni Yasamal 1 küçəsi, 157 saylı mənzildə İddiaçı aid heç bir sənəd yoxdur. Mənzildə Şuşa rayon məcburi köçkünü X9 tərəfindən zəbt olunub və ailə tərkibi ilə yaşayır.

8. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X2 Zavodu” MMC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 100\192 nömrəli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı mənzilin verilməsinə əsas olan xx.xx.1394-cü il tarixli 63 nömrəli protokoluna aid heç bir sənəd “X2 zavodu” MMC-də yoxdur. Uzun müddət keçməsi ilə əlaqədar olaraq sənədlərin saxlama müddəti keçdiyindən “X2 zavodu” MMC-nin arxiv sənədləri ləğv edilmişdir.

9. İddiaçı məhkəmənin mümkünlük iclasında iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

15. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Qüvvədən düşmüş Mənzil Məcəlləsindən: Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədən:

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri 3.1 Ümumi vəzifələr: 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;

20. Hazırda qüvvədə olan Mənzil Məcəlləsində sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları müəyyənləşdirilmişdir (Qüvvədə olan Mənzil Məcəlləsinin İİİ bölməsi).

21. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.

22. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, mənzil vaxtilə (eləcə də hazırda) boş olmamış, hazırda qüvvədə olan qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanının mənzil verməsi müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə münasibətdə sosial kirayə müqaviləsi ilə şərtləndiyindən qaldırılmış iddia tələbi üzrə yerli icra hakimiyyəti orqanı cavabdeh hesab edilə bilməz.

23. Odur ki, iddia tələbinin hüquqi əsası mövcud olmadığından, yəni tələbin əsaslandığı qanuni müddəa olmadığından, məhkəmə iddiaçının qanunla qorunan “mülkiyyət”inin mövcud olmadığı qənaətindədir, odur ki, iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur.

24. Odur ki, iddia mümkün sayılmamalıdır.

25. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar