Məhkəmə qərarları › İş №2-1(112)-14628/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14628/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14628/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə 25 iyun 2024-cü il tarixli 3-17-1/3-3-8747/2024 nömrəli və 3-17-1/3-3-8678/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, müdaxilədən əvvəlki hesablama qaydasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasının azadılması barədə qərarın ləğv edilməsi, barəsində “X2” AR Qanununun 37.31-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "X2” AR Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın xx.xx.2017 və xx.xx.2023 dövr üzrə yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “pensiyanın yenidən hesablanması barədə 25 iyun 2024-cü il tarixli 3-17-1/3-3- 8747/2024 nömrəli və 3-17-1/3-3-8678/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarlərin ləğv edilməsi, müdaxilədən əvvəlki hesablama qaydasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin qərardadı ilə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. X2 Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan 01,07.2006-cı il tarixdə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. xx.xx.2017 və xx.xx.2023 tarixdən hesablanmaqla altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyanın həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qətiyyən razı deyil. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, İddiaçı əmək pensiyası xx.xx.2022ci il tarixindən əvvəl təyin olunmuşdur. Əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası 1 avqust 2023-cü il tarixindən yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 90 aya (65 il- 63 il 6 ay)=18 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilmişdir. Belə ki, 133819,20 manat pensiya sığorta kapitalı 90 aya bölünməklə 1486,88 (133819,20:90) manat əmək pensiyasının (3862,20 manat) üzərinə əlavə edilərək pensiya məbləği 5349,08 (3862,20+1486,88) manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 5948,18 manat) artırılmalı olduğu halda, 131483,52 manat pensiya sığorta kapitalı 72 aya bölünməklə 1826,16 (131483,52:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 5688,36 (3862,20+1826,16) manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 6325,45 manat) artırılmaqla ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 3582,75 manat artıq ödənilmiş pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının mübahisələndirdiyi qərarlar ona məhkəmə gedişatında təqdim edildiyi üçün, iddiaçı tərəfindən iddia müddətinə riayət edilmiş hesab olunur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17- 1/2-202524/2025 nömrəli 27 avqust 2025-ci il tarixli “müvafiq məlumatların göndərilməsi haqqında” sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 1 iyul 2006-cı il tarixindən Fondun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləməsi ilə əlaqədar onun əmək pensiyası 1 avqust 2017-ci il tarixindən yenidən hesablanaraq 1186,70 manatdan 2302,39 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 3862,20 manat) artırılıb. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, Yusif Mönsümova 29 iyun 2022- ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, onun əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası 1 avqust 2023-cü il tarixindən yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 90 aya (65 il63 il 6 ay)=18 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Belə ki, adıçəkilən şəxsin 133819,20 manat pensiya sığorta kapitalı 90 aya bölünməklə 1486,88 (133819,20:90) manat əmək pensiyasının (3862,20 manat) üzərinə əlavə edilərək pensiya məbləği 5349,08 (3862,20+1486,88) manata (indeksləşdirilərək 1 yanvar 2024-cü il tarixinə 5948,18 manat) artırılmalı olduğu halda, 131483,52 manat pensiya sığorta kapitalı 72 aya bölünməklə 1826,16 (131483,52:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək onun pensiya məbləği 5688,36 (3862,20+1826,16) manata (indeksləşdirilərək 1 yanvar 2024-cü il tarixinə 6325,45 manat) artırılmaqla adıçəkilən şəxsə ödənilib. Qeyd olunanları nəzərə alaraq, Mönsüm Aşurova 3582,75 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2025-ci il tarixindən Mönsüm Aşurovun pensiya məbləği 6429,98 manat təşkil edir. Həmçinin, ona artıq ödənilmiş pul vəsaitindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə ödənilməli olan 481,80 manat fərq məbləği çıxılaraq büdcəyə bərpa edilib. Qalan 3100,95 manat artıq ödənilmiş pul vəsaitinin adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-8747/2024 nömrəli xx.xx.2024cü il tarixli Qərarı ilə İddiaçı xx.xx.2006-cı ildə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış (yenidən hesablanma-artıqvermə-xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 17769/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8678/2024 nömrəli sərəncamlar etibarsızdır. 45-ci maddə tətbiq olundu, (psk artdı) və pensiya məbləğ 6325,45 manatdan 5948,18 manata azaldılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-8678/2024 nömrəli xx.xx.2024cü il tarixli Qərarı ilə İddiaçı xx.xx.2006-cı ildə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış (yenidən hesablanma-artıqvermə-xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 17769/2023 nömrəli sərəncam etibarsızdır. 45-ci maddə tətbiq olundu, (psk artdı) və pensiya məbləğ 6325,45 manatdan 5941,11 manata azaldılmışdır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “X2” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının 1 avqust 2023-cü il tarixindən yenidən hesablanaraq müəyyən edilmiş pensiya məbləği, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 90 aya (65 il 63 il 6 ay)=18 ay+(144 ay-72 ay)) bölünməklə yenidən hesablanmışdır. Bu haqda xx.xx.2024-ci il tarixdə “Əmək pensyasının yenidən hesablanması haqqında” qərarlar qəbul edilmişdir. İddiaçı həmin qərarları mübahisələndirir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalının 90 aya (72 ay əvəzinə) bölünməsi nəticəsində iddiaçının aylıq əmək pensiya məbləği azalmışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə (inventarizasiya zamanı) araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən inzibati aktları qəbul etsə də, qərarları iddiaçıya təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, sözügedən inzibati akt əsaslandırılmamış, onda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt yuxarıda göstərildiyi kimi qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv etməsi ilə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, “X2” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiya təminatı ilə hərəkətlər pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqe aşağıdakı kimi olmuşdur: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, pensiyanın yenidən hesablanması barədə 25 iyun 2024-cü il tarixli 3-17- 1/3-3-8747/2024 nömrəli və 3-17-1/3-3-8678/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarları ləğv edilməli və əvvəlki pensiya məbləğinin bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə 25 iyun 2024-cü il tarixli 3-17-1/3-3-8747/2024 nömrəli və 3-17-1/3-3-8678/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin; İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar