Məhkəmə qərarları › İş №2-1(112)-1463/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1463/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1463/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırma göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı qız cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırma” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya salınması və razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İİ Qarabağ Müharibəsində könüllü olaraq cəhbə bölgəsinə göndərilməsini xahiş etmiş, ezamiyyət vərəqəsi əsasında Füzuli rayon Mərkəzi Xəstəxanasına tibb bacısı vəzifəsi üzrə fəaliyyət göstərmişdir. Cavabdehə vəsiqənin verilməsi barədə müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzə komissiya” tərəfindən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli Rayon Mərkəzi Xəstəxanasının arayışında qeyd edilmişdir ki, iddiaçı müharibə dövründə yaralı hərb qulluqçulara nümunəvi tibbi xidmət göstərmişdir. Əmrdən görünür ki, iddiaçı Füzuli rayonuna müharibə dövründə ezam edilmişdir. Hərbi biletində qeyd edilmişdir ki, iddiaçı müharibə dövründə xx.xx.2020-ci il tarixdən, 04 noyabr 2020-ci il tarixədək hərbi qulluqçulara nümunəvi tibbi xidmət göstərmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Nazirliyin tabeliyində olan hərbi hissə və müəssələrdə xidmət edilmədiyinə görə, iddiaçı orada işləmədiyinə görə, həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə sənədlərin Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərilməsi məqsədəuyğun hesab edilmir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...Füzuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun. İddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması, eyni zamanda işin mübahisələndirilməyən halı olduğundan 1-ci və 2-ci bəndləri iddiaçıya aid etmək olmur. 3-cü bəndlə bağlı qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Belə ki, iddiaçının Əsasnanənin Qeyd hissəsində təsbit edilmiş döyüş əməliyyatlarının digər təminat növü, yəni tibbi təminat növü hesab edilməsi üçün, onun döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması zəruridir ki, iddiaçı döyüş tapşırığının aparıldığı əraziyə deyil, Füzuli rayonunun döyüş bölgəsindən kənarda, işğaldan azad olunmuş ərazilərdə yerləşməyən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ezam olunmuşdur. Məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxs müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda hərbi qulluqçu olmasa da, döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinsi və müalicəsində iştirak etməsi və nəticədə yuxaırda qeyd edilən təhlükələrlə üzüzə olması zəruridir. Baxılan işdə isə, iddiaçının xidmət etdiyi Xəstəxana bu əməliyyatların aparıldığı ərazidən, döyüş bölgəsindən kənarda olmuş, aktiv döyüş əməliyyatlarının aparıldığı ərazidə tibbi xidmətin həyata keçirilməsini həyata keçirməmiş, həmin ərazidə olması özü tərəfindən də qeyd edilməmiş, hərbi səhra hospitalında fəaliyyəti olmamış, tibbi xidmətin məhz Xəstəxanada həyata keçirildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Odur ki, mövcud məhkəmə təcrübəsində (Ali Məhkəmənin 2-1(102)-191/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar və s) səhra hospitalında tibbi xidmətin göstərilməsinin veteran statusu və vəsiqəsinin verilməsinə səbəb olma halı ilə, səhra hospitalında yox, döyüş bölgəsindən kənarda yerləşən Xəstəxanada xidmətin göstərilmə halı fərqləndirilməli, səhra hospitalında tibbi xidmətin həyata keçirilməsinə münasibətdə əldə edilən statusun, tibbi xidməti döyüş ərazisində aparmayan şəxsin əldə etməsi istisna edilməlidir. Məhkəmə, bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, yaralılara tibbi xidmətin Füzuli Rayon Mərkəzi Xəstəxanası, Bakı və ya digər ərazidə mövcud olan xəstəxanada həyata keçirilməsi veteran statusunun verilməsi üçün birbaşa əsas deyildir. Burada müəyyən edilməli olan hal tibb xidmətin məhz döyüş bölgəsində aparılmasıdır ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası Füzuli rayonunda yerləşsə belə, döyüş bölgəsində yerləşən xəstəxana hesab edilmədiyindən, onun döyüş bölgəsindən kənar ərazidə olan Xəstəxanalarda döyüşlərdə xidmət edən hərbi qulluqçulara tibbi xidmətin göstərilməsindən hər hansı fərqi mövcud olmamışdır. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş dispozitiv şərtlər yerinə yetirilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar