Məhkəmə qərarları › İş №2-1(112)-14631/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14631/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14631/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “cinayət faktlarının araşdırılması və tədbir görülməsi barədə inzibati aktın qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azercell Telecom şirkətinin transmilli cinayətkar şirkətlərlə birlikdə törətdikləri cinayətləri: iqtisadi cinayətlər, mürəkkəb dələduzluq, rüşvətxorluq və korrupsiya halları, çirkli pulların yuyulması, vergidən yayınma, insan hüquqlarının pozulması barədə iddiaçının şikayət ərizəsi əsasında cinayət faktlarının araşdırılması və tədbir görülməsi üçün inzibati aktı qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Quliyev X2 Telecom şirkətinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Nazirliyə məxsus olan “X1” (AzİnTelecom) MMC, Baş ofisi Böyük Britaniyada yerləşən audit,konsaltinq, satış qiymətləndirməsi və vergi xidmətləri göstərən Emst & Young LLP (indiki EY) şirkəti və Azərbaycan Respublikasında bu gündə fəaliyyət göstərən filialı EY Azərbaycan, İsveç dövlətinə məxsus Telia company AB şirkəti və törəmə müəssisəsi Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti, Türkiyə Cümhuriyyətində təsis edilmiş "Turkcell Holding" şirkəti - transmilli cinayətkar şirkətlərlə birlikdə törətdikləri cinayətləri: iqtisadi cinayətlər, mürəkkəb dələduzluq, rüşvətxorluq və korrupsiya halları, çirkli pulların yuyulması, vergidən yayınma, insan hüquqlarının pozulması barədə şikayət ərizəsini 10 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim etmək istəyərkən imtina etmişdirlər. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunun 7.1-7.4 maddələri pozulmaqla iddiaçıya məktubu poçt qutusuna atmağını bildirmişdirlər. İddiaçı məcbur olub şikayət ərizəsini poçt qutusuna atmışdır. Şikayətlə bağlı qeyri-müəyyən cavablar olduğundan 07 iyun 2023-cü il tarixdə şikayət ərizəsini bu dəfə sifarişli poçtla ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə göndərmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərkən iddiaçının şikayətinin onlarda olmadığını bildirmişdirlər.Poçt idarələri ilə araşdırdıqda məlum olmuşdur ki, iddiaçının məktubu səhvən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunun 7.10 maddəsinə əsasən 3 gün ərzində məktubu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərməli olsalar da, göndərilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

6. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi cinayət-prosessual qanunvericiliyə uyğun olaraq prokurorluq orqanlarının hərəkətlərindən (cinayət faktlarının araşdırılması və müvafiq tədbirlərin görülməsi) şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir.

7. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsindən: 442.2. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: 442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. 7.0.5. cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir.

8. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

9. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı məhkəmə nəzarəti qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar