Məhkəmə qərarları › İş №2-1(112)-14637/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14637/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14637/2025 12.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı “Nəsimi Rayon Polis İdarəsinin müstəntiqinin hərəkətlərinin qanunsuz sayılması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı “Nəsimi Rayon Polis İdarəsinin müstəntiqinin hərəkətlərinin qanunsuz sayılması və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(006)-59/2025 nömrəli qərarı ilə İddiaçı şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 hərəkəti (hərəkətləri) qanunsuz hesab edilmişdir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İddia tələbindən görünür ki, iddiaçı mülki məhkəmə qaydasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 hərəkəti (hərəkətləri) qanunsuz hesab edilməsi ilə bağlı müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(006)-59/2025 nömrəli qərarı ilə onun şikayəti qismən təmin olunmuşdur. Göründüyü kimi iddiaçının tələbinə artıq mülki məhkəmə icraatı çərçivəsində baxılmışdır ki, hazırki halda onun tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxılması yol verilməzdir. Bundan başqa Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında cinayət prosessual fəaliyyətindən irəli gələn mübahisə (prosessual hərəkətlərindən və ya qərarlarından şikayət kimi) yaranırsa onlar arasında yaranmış mübahisələrə baxılması ümumi hüquq sahəsi hesab edilən cinayət hüququna aid olmaqla cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qanunvericiliklə işə baxmaq səlahiyyətin malik məhkəmədə, yəni məhkəmə nəzarətini həyata keçirə bilən ümumi yurisdiksiyalı rayon məhkəməsində baxılmalıdır. Hazırki işdən də göründüyü kimi iddiaçının Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 hərəkəti (hərəkətləri) rayon məhkəməsinin qərarı ilə qanunsuz hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar