Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14647/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mhamud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı qərarın ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 13 sentyabr 2024-cü il tarixdə cavabdehə müraciətinə baxılmasını cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun müraciətinə baxılmamasının səbəbi kimi, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ******* saylı qərar qəbul edilməsini göstərmişdir. Lakin, onun qeyd olunan qərardan xəbəri olmamış, belə bir qərarın mövcudluğu, hansı əsaslarla qəbul etməsi barədə məlumatı olmamışdır. Qərar ona təqdim edilməmiş və ya poçtla göndərilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin mümkünsüz hesab olunması xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin xx.xx.2022-ci il tarixli sorğusu əsasında iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən inzibati orqana müraciət etmişdir. Lakin "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 35.1.2-ci maddəsində nəzərdə tutulmuş hal aşkar olunmadığı üçün 34.1.1-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmışdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğulara baxılarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1 -ci bəndində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə sözügedən Qaydanın 4.4-cü bəndində göstərilmiş şərtlər yoxlanılır. Həmin bəndin tələbinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Beləliklə müəyyən edilir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin əsas məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Şəxs isə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, şəxs qanunvericiliklə müəyyən olunmuş şikayət müddətini ötürdüyündən iddia ərizəsinin baxılmasının mümkünsüz hesab olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, əvvəllər heç vaxt Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı cavabdehə müraciəti olmamışdır. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinin təmin olunmasından cavabdehin xx.xx.2024-cü il tarixli qərarla imtina edilmiş və iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətinə əməl edilmişdir. Cavabdeh vəsatət verərək iddiaçının iddia müddətini ötürdüyünü bildirmiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Lakin qeyd olunmalıdır ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını deyil, xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materillarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin xx.xx.2022-ci il tarixli sorğusu əsasında iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarla iddiaçının ərizəsini baxılmamış saxlamışdır. Cavabdeh qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 35.1.2-ci maddəsində nəzərdə tutulmuş hal aşkar olunmadığı üçün 34.1.1-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda mübahisələndirdiyi qərar qanunvericliyin tələblərinə uyğundur və ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş materiallarından müəyyən edilir ki, iddiaçı özü şəxsən ərizə ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğuna müraciət etmişdir. Onun müraciəti baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə, oradan da, cavabdehə göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixlin qərarı ilə, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasından imtina edilmişdir. Hazırda mübahisələndirilən qərar iddiaçının yeni müraciəti əsasında, ərizənin baxılmamış saxlanılması ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Maddə 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı əxsə məlum olduğu gündən başlanır. Maddə 35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Cavabdeh orqan iddiaçının ərizəsini araşdıraraq müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi ərizədə işin faktiki və hüquqi hallarının iddiaçının xeyrinə dəyişməmiş, eyni zamanda iddiaçı üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutların aşkar olunmamışdır. Qeyd edilən Qanunun 34.1 və 34.1.3-cü maddəsinə əsasən bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda Ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında cavabdeh iddiaçının ərizəsini baxılmamış saxlayarkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2022-ci il tarixli qərarından məlumatlı olmadığını, qərarın ona göndərilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bu əsaslardan çıxış edərəkı hazırkı qərarı deyil, həmin, xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirə bilər. Nə qədər ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarınnın ləğv edilməsi üçün əsaslar müəyyən mövcud deyildir. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci mаddəsinə əsаsən, diskrеsiоn səlаhiyyətlər qаnunlа inzibаti оrqаnа və yа vəzifəli şəхsə mümkün qаnunа uyğun qərаrlаrdаn birini sеçmək hüququnun vеrilməsidir. İPM-in 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14647/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14647/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver