Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1465/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun göstərmiş olduğu səbəblərin əsassız sayılmasını və həmin ödəməni 4 ay (aprel, may, iyul və avqust) hesabı hesablanmaqla 760 manat ödənişin ona verilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1691/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı1 xx.xx.2020-ci il tarixdən xüsusi karantin rejiminin sərtləşdirmə müddəti başa çatanadək, yəni 2020-ci ilin avqust ayının 31-dək aylıq birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-269/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1691/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 760 manat məbləğin ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ölkədə və dünyada yayılmış COVİD-19 (koronavirus) pandemiyasının yayılması ilə əlaqədar Azərbaycanda xüsusi karantın rejimi tətbiq olunur və əksər iş yerləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara görə bağlanmışdır. Pandemıyanın yayılmasının qarşısının alınması məqsədilə iş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən işsizlər üçün 190 manat birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara görə Azərbaycan Respublikasının 13 şəhər və rayonunda sərtləşdırılmiş karantin rejimi 31 avqust 2020-ci il tarixədək uzadılmışdır. Həmin şəhərlərdən biri də Gəncə şəhəridir ki, iddiaçı Gəncə şəhərində yaşayır. 2020-ci ilin aprel ayından 190 manatın alınması üçün cavabdehə müraciət etsə də, ona imtina cavabı gəlmişdir. Həmin imtinaların birində göstərilmişdir ki, guya ki əmək pensiyası alır ona görə ona 190 manat birdəfəlik ödəniş düşmür, digərində isə qeyd edilmişdir ki, 10 aprel 2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır və birdəfəlik ödəmə yalnız işsiz şəxslərə verilir. Məlumat üçün qeyd edir ki, atası hərbçi olmuş və 2015-ci ildə ölmüşdür. Buna görə də 2015-ci ildən 2017-ci ilə qədər o, valideynin vəfat etməsinə görə pensiya almış və universiteti bitirdikdə həmin pensiyanın alınması 2017-ci ildə dayandırılmışdır. Həmçinin imtina məktubunda qeyd edilmişdir ki, işaxtaran kimi qeydiyyatda olduğundan “Məşğulluq haqqında” Qanuna uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir, lakin qanununun tələbinə əsasən bugünədək ona hər hansı iş təklif olunmamış və 190 manat ödəniş edilməmişdir. Məlumat üçün bildir ki, DSMF-nin Şəmkir rayon şöbəsinə də müraciət etmişdir və oradan ona cavab verilmişdir ki, heç bir sosial müavinət və əmək pensiyası almır. “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən “şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır". 10 aprel 2020-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınsa da ona nə iş təklif olunmuş nə işsiz kimi qeydiyyata alınmış, nə də ki 190 manat müavinət verilməmişdir. Bununla da müvafiq icra hakimiyyəti orqanı hərəkətsizliyə yol vermiş, onun hüquqlarını pozmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X2 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. MAS-dan əldə olunmuş məlumatlara əsasən, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə iddiaçının işsiz statusu olmamışdır. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı1 (FİN: xxxxxxx) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun pensiya aldığına görə birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı barədə araşdırma aparılaraq imtina verilən zaman əldə olunan məlumatlar digər mərkəzi icra hakimiyyətinin elektron informasiya ehtiyatlarından əldə olunmuşdur. Beləliklə, İddiaçı1 barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman onun pensiya aldığı və qeyd edilən dövr üçün işsiz statusunun olmadığı aşkarlandığına görə iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı1 şəxsiyyət vəsiqəsinin surəti. - Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin məktubunun surəti. - cavabdehin imtina məktubunun surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin Məşğulluq haqqında arayışı. - X2 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İş materiallarından görünür ki, İddiaçı1 xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuşdur. Ailə vəziyyəti – subay göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdə işaxtaran statusu verilmişdir. İş materiallarından görünür ki, X2 məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda İddiaçı1 onlayn qaydada xx.xx.2020-ci il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınması və hazırki dövrə qədər də müvafiq altsistemdə işaxtaran olaraq qeydiyyatda olmasını bildirsə də, iddiaçıya iş təklif edilib-edilməməsi, edilmədiyi təqdirdə işsiz kimi qeydiyyata alınmamasının səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemində işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığından, iddiaçı həmin maddənin tələbinə uyğun olaraq işsiz sayılır. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya SMS vasitəsi ilə göndərilmiş imtinada onun əmək pensiyaçısı olması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin məktubundan görünür ki, iddiaçı filialdan heç bir sosial müavinət və əmək pensiyası almır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Məhkəmə qeyd edir ki, iddiaçıya işsiz statusunun verilməsi barədə qərarın qəbul edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir. İddiaçıya işsiz statusunun verilməsi barədə müvafiq qərarın qəbul edilməməsi cavabdeh inzibati orqanın bilavasitə tabeliyində olan X1 hərəkətsizliyi nəticəsində baş vermişdir. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur (3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir (3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının heç bir sosial müavinət və əmək pensiyası almaması işin məhkəmə araşdırılması ilə öz təsdiqi tapdığından, o mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçdiyindən və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinin tələbinə uyğun olaraq 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı üçün işsiz sayıldığından, həmçinin 190 manat birdəfəlik ödəmə ona ödənilmədiyindən, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 760 manat məbləğin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 760 manat məbləğin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev