Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14654/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci Qarabağ müharibəsi başladıqdan sonra 29 sentyabr 2020-ci il tarixdə ehtiyatda olan hərbi qulluqçu kimi hərbi xidmətə cəlb olunmuşdur. xx.xx.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaxınlığında minaatan mərmisinin partlaması nəticəsində "barotravma" diaqnozu ilə xəsarət almışdır. Bu barədə hərbi hissənin arayışı iddia ərizəsinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra mütəmadi olaraq, ambulator və stasionar müalicələr almışdır. Belə ki, 2022-ci ildə 2 saylı X2, Ağsu Rayon Mərkəzi Xəstənasında, xx.xx.2022-ci ildə MN MHP-də, 2024-cü ildə RPX-da müayinə və müalicədə olmuşdur. Həmin müayinə və müalicələrin nəticəsində iddiaçıya "Barotravma. Posttravmatik ensefalopatiya, simptomatik epilepsiya. Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi qıcolma tutmaları ilə." diaqnozu təyin olunmuşdur. 2025-ci ildə yenidən AR SN-nin "Psixi Sağlamlıq Mərkəzi" PHŞ-də müayinə olunmuş və ona təkrarən "Üzvü mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi qıcolma tutmaları ilə." diaqnozu qoyulmuşdur, bu barədə xx.xx.2025-ci il tarixli rəy verilmişdir. İddiaçı həmin arayışı cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Dəfələrlə müraciətlər, şikayətlər etdikdən sonra iddiaçıya bildirilmişdir ki, komissiya tərəfindən əyani formada müayinə aparılacaqdır. Bundan sonra iddiaçı 2025-ci ilin iyul ayında Komissiyada olmuş, əyani formada müayinə edilmişdir. Belə ki, heç bir tibbi aparatlardan keçirilmədən, yalnız vizual şəkildə baxaraq müayinə edilmiş və bildirilmişdir ki, müayinənin nəticəsi barədə məlumat göndəriləcəkdir. Bir müddət keçdikdən sonra heç bir məlumat gəlmədiyi üçün iddiaçı cavabdeh təşkilata müraciət etmiş və bundan sonra elektron sistemdən çıxarış verilmiş, əlillik verilməsindən imtina edilmişdir. İmtinaya da səbəb kimi "diaqnoz əlillik əlaməti təyin etməməsi" göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır və məktubdan da görünür ki, müraciəti ciddi araşdırılmamış, təqdim etdiyi tibbi arayışlara, sənədlərə baxılmamış, heç bir mötəbər sübuta əsaslanmadan əlillik verilməsindən imtina edilmişdir. Belə ki, təqdim edilmiş tibbi sənədlərdən görünür ki, mənə "Barotravma. Posttravmatik ensefalopatiya, simptomatik epilepsiya. Üzvü mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi qıcolma tutmaları ilə." diaqnozu qoyulmuşdur. İddiaçı bu müddət ərzində müxtəlif xəstəxanalarda müalicə almış, müayinələrdən keçmiş, bütün xəstəlik tarixlərində də eyni diaqnoz qoyulmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 Nömrəli X5 xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Başın travmasının nəticələri. Üzvi (İİ QM) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ürəyin aterosklerotik xəstəliyi. Stenokardiyanın digər formaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir.” səbəbi ilə imtina verilmişdir. “Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx). Göndərişin nömrəsi: Unikal kod. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. Müraciətlərin sayı: xx.xx.2023 DƏƏTE (ESDAS: 3-17-4/3-1-10905/2023). Təqdim edilmiş sənəd sayı: 35. Hərbi bilet: EZ № ******* Hərbi xidmət illəri: 1996-2001-ci il tarixlərdə zabit qismində hərbi xidmətdə olmuşdur, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə İİ Qarabağ Müharibəsində iştirak etmişdir. Hərbi rütbə: Ehtiyatda olan baş leytenant. XHŞ: MN MHP HHK xx.xx.2023-cü il tarixli 705 nömrəli X6. xx.xx.2021-ci il tarixli 886 nömrəli Travma haqqında Arayış (11 №-li Qoşma). Obyektiv müayinə: Vətəndaş hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, bütün bədənində ağrılardan, qıcolmalardan şikayətlənmişdir. Anamnezində ailəli və üç övladı olduğunu (böyükdürlər, yaşlarını bilmir), işləmədiyini qeyd etmiş, lakin ƏMAS-da aktiv əmək müqaviləsi olmuşdur. Sağ çiyin nahiyəsindən dəlib-keçən güllə yaralanması aldığını vurğulamışdır. Qıcolma tutmalarının bəzən ay ərzində, bəzən isə həftə ərzində 2 (iki) dəfə baş verdiyini, tutma zamanı başına sanki istilik gəldiyini, daha sonra bayıldığını, TTY çağrıldığını, gəlməsə ayılmadığını söyləmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Finlipsal” qəbul etdiyini bildirmişdir. Əsəbilik zamanı ətrafdakılarla mübahisə etdiyini söyləmiş, intihar cəhdlərinin olduğunu qeyd edərək yuxarı ətrafda kəsiklər etdiyini bildirmiş, sol said nahiyəsində 3 ədəd çapıq nümayiş etdirmişdir. Qeyd: Təqdim edilən sənədlərə əsasən Respublika Psixiatrik Xəstəxanasında xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə stasionar müayinə və müalicədə olarkən X9 də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə stasionar müayinə və müalicədə olmuşdur. Yəni, eyni zamanda iki xəstəxanada stasionar yatışda olmuşdur. Psixiatrik müayinə: (Xankişiyeva Məhluqə)-İntellekti, özünə bələdliyi saxlanılmış, əhval ruhiyyəsi bir qədər enik olmuş, lakin sualları rahat, adekvat cavablandırmışdır. Davranış pozuntusu izlənilməmiş, əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır.” Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar barəsində iddiaçıya xx.xx.2025-ci il tarixli sms (bildiriş) vasitəsilə məlumat verilmişdir. İddiaçı sözügedən imtinanı aldıqdan sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 14604517 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı “XBT 10 kodu F07- Üzvi mənşəli şəxsiyyət pozğunluğu” müəyyən olunmuş, xəstəliyin başlanma tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. Həmin çıxarışda göstərilmişdir ki, anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəliklərlə ağırlaşmayıb. Erkən inkişafı adi olub. Ali təhsillidir. Ailəlidir. İşləyir. 2-ci Qarabağö müharibəsində iştirak edib. xx.xx.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaxınlığında minaatan mərmi partlaması nəticəsində barotravma xəsarəti almışdır. Bundan sonra 2022-ci ildə 2 nömrəli KPX-da, Ağsu RMX-da, xx.xx.2022-ci ildə MN MHP-də, 2024-cü ildə RPX-da müayinə və müalicədə olmuşdur. Şikayətləri: baş ağrıları, əsəbilik, gərginlik, intihar cəhdi, qıcolma tutmaları, yuxu və yaddaşın pozulmasındandır. Son günlər psixi durumu pisləşdiyi üçün AR SN RPX-ya qəbul olunub. “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə (prof. F.İsmayılov)” diaqnozu təyin edilmişdir. -708 nömrəli Hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 886 №-li travma haqqında arayışdan görünür ki, hərbi vəzifəli baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin zərbə dalğası nəticəsində “Barotravma” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. -“Psixi sağlamlıq mərkəzi” phş tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3387 nömrəli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı diaqnozu “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə - F07.0” müəyyən edilmişdir. -Məhkəmə sorğusu ilə cavabdeh tərəfindən iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur: Tibbi-Sosial Ekspertiza və X7 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, Bakı 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli, L00079195CYG nömrəli göndərişi xx.xx.2023cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Kəllədaxili travmaların nəticələri. Uzun sürən posttravmatik pozuntusu, depressiv daxil olmalar, anamnezində özünə qəsd fikirləri və funksional qıcolma tutmaları ilə. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Tibbi-Sosial Ekspertiza və X7 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, Bakı 2 nömrəli X3 xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli göndərişi xx.xx.2025ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Başın travmasının nəticələri. Üzvi (İİ QM) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ürəyin aterosklerotik xəstəliyi. Stenokardiyanın digər formaları. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşsıslnda aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.
2. İddiaçı canlı müayinəsi zamanı onda xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli Forma 88-də göstərilən diaqnozlar öz təsdiqini tapırmı?
3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?
4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müəyyən edilirsə, bu diaqnoz onun səhhətinin pozulması, psixopatoloji davranış formasında, həmçinin sosial uyğunlaşmasında hansı ağırlaşmalarla müşahidə edilir?
5. Qeyd olunan diaqnoz iddiaçıda müəyyən edilirsə, iddiaçıda mövcud olan ağırlaşmalar onun əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, bundan başqa ətrafdakılarla tez-tez problemlər yaranmasına, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olmasına (məsələn, yüksək intihar riski zamanı) səbəb ola bilərmi?
6. Qeyd olunan diaqnoz iddiaçıda müəyyən edilirsə, iddiaçıda mövcud olan ağırlaşmalar onda kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara səbəb olurmu? Yaxud təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti yaradırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ tərəfindən verilmiş 3820 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı, oğlunda hazırda “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalaria, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. 2-ci sual üzrə: İddiaçı canlı müayinəsi zamanı onda xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli Forma 88-də göstərilən diaqnozlar öz təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. 4-cü sual üzrə: Qeyd edilən pozuntu tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri və qıcolma tutmaları ilə özünü göstərir. 5-ci sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir. Sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də, iddiaçıya xx.xx.2025-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Bakı 2 nömrəli X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli göndərişə əsasən iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyə pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ağırlaşma: T90.5. Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri. Yanaşı xəstəliklər: G93.8. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Yanaşı xəstəliklər: İ25.1. Ürəyin aterosklerotik xəstəliyi, Ürəyin aterosklerotik xəstəliyi. Yanaşı xəstəliklər: Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar. Yanaşı xəstəliklər: İ20.8. Stenokardiyanın digər formaları, Stenokardiyanın digər formaları. İddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli tibbi göndərişdə qeyd edilən əsas diaqnoz (F07) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3820 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda “Üzvi şəxsiyyət pozuntusu” (F07.0) aşkar edilmiş, müvafiq göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.2ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edərək bildirir ki, həmin bənddə diqqət yetirilməli məqam odur ki, bu diaqnoz fərdin məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə müşayiət edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə-psixiatrik ekspertizası tədqiqatı üzrə müvafiq rəyin motivləşdirici hissəsindən də görünür ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, baş ağrılarından və yaddaş zəifliyindən əziyyət çəkməsi, intihar cəhdinin olması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Psixiatriya Xəstəxanası”nda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalarla. Koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri stabil olması və s.) sübut edir. Göründüyü kimi iddiaçının hazırkı psixi vəziyyəti və əsas diaqnozun ağırlaşmasının onda olması təkzib edilmir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdən görünür ki, xəstəliyin başlanğıc tarixindən (xx.xx.2020-ci il) etibarən onda “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə müşayiət olunan ağırlaşmalar, o cümlədən təkrarlanan dekompensasiya halları müşahidə edilmişdir. İddiaçı həmin diaqnozla mütəmadi olaraq ambulator və stasionar müalicələr almışdır. Qeyd edilən diaqnozun (həmçinin ağırlaşmalarının) sonrakı dövrlərdə tibbi sənədlər və məhkəmə-psixiatrik ekspertiza rəyi ilə təsdiq edilməsi xəstəliyin uzunmüddətli, xroniki və davamlı xarakter daşıdığını, dekompensasiya hallarının isə iki ildən artıq müddətdə davam etdiyini göstərir ki, bu da iddiaçının sağlamlıq vəziyyətinin sabit funksional məhdudiyyətlərlə müşayiət olunduğunu və onun əlillik meyarları baxımından qiymətləndirilməsinin zəruriliyini təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyalarının enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, həmin xəstəlik iddiaçının orqanizminin “üzvi mənşəli şəxsiyyət poztuntusu” xəstəliyinə dair kəskin fazada ağırlaşmasının göstəricisi olmaqla, təfəkküründə nəzərəçarpan dəyişikliklər, azı iki il müddətində müşahidə olunan, müalicəyə davamlı (rezistent) xarakter daşıyan ağır simptomlar kimi özünü büruzə verir və iddiaçının sosial adaptasiya imkanlarını, ətraf mühitə adekvat uyğunlaşmasını və əmək fəaliyyətini həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Eyni zamanda, təkrarlanan davranış pozuntuları və özünə zərər yetirmə riski onun üzərində daimi nəzarət və tibbi-psixiatriya müşahidəsinin zəruriliyini şərtləndirir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Göstərilən xəstəliklər iddiaçının orqanizminin funksiyalarının 65-80 faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı 2 nömrəli X3 xx.xx.2025-ci il tarixli, D00285920ZGR nömrəli tibbi göndərişi üzrə (Forma 88) əliliyinin qiymətləndirildiyi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən (orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla) 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov